Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:28

Azərbaycandakı işgəncə metodları: "Slonik", falaqqa...


Bakıda yaşayış binasının partlamasında şübhəli bilinənlərdən biri Samir Kərimov deyir ki, polisdə ondan izahatı fiziki və psixoloji basqı altında alıblar
Bakıda yaşayış binasının partlamasında şübhəli bilinənlərdən biri Samir Kərimov deyir ki, polisdə ondan izahatı fiziki və psixoloji basqı altında alıblar

►«Slonik», falaqqa, elektroşok, zorlama, psixoloji işgəncələr, döyülmə, sağlam insanı psixi xəstəxanaya yerləşdirmə, yeməkdən, dərmandan, yaxud rahatlıqdan məhrum etmə…

«Slonik» - başa əleyhqaz keçirməklə boğma

«Hərbi əleyhqazı başıma geyindirdilər və nəfəsgahı - əleyhqazın xortumunu bağlayıb döyməyə başladılar. İki dəfə huşumu itirdim. Üstümə su çiləyib ayıltdılar».

Bunu İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov danışıb (2009). 90-cı illərdə o, Prezident Yanında Xüsusi İdarənin şöbə rəisi işləyərkən həbs edilmişdi:

«Başına nəfəsgahı bağlı əleyhqaz keçirilib döyülən adamın ürəyi də partlaya bilər. Əgər ürəyi partlayarsa, yazırlar ki, dindirmə vaxtı ürəyi partladı».

Başına nəfəsgahı bağlı əleyhqaz keçirilib döyülən adamın ürəyi də partlaya bilər. Əgər ürəyi partlayarsa, yazırlar ki, dindirmə vaxtı ürəyi partladı

E.Behbudovun bildirdiyinə görə, hüquq müdafiəçisi kimi fəaliyyətə başlayandan sonra «slonik» işgəncə üsulundan istifadə ilə bağlı onun özünə də şikayətlər olub:

«Həmin adamlar iddia edirdilər ki, əleyhqazı başlarına keçirəndən sonra pambıq yandırıb tüstüsünü nəfəsgahdan içəri buraxıblar».

Hüquq müdafiəçisi deyir ki, ona edilən müraciətlər arasında başına sellofan torba keçrildiyini bildirən də olub:

«Həmin adamı bu üsulla boğulma həddinə çatdırmışdılar».

Falaqqa - ayağın altına dəyənəklə zərbələr endirilməsi

Ən çox səslənən işgəncə iddialarındandır. Belə təsvir edilir: falaqqa - üstünə iki kəndir bərkidilən və uzunluğu təxminən 1 metr olan bir taxtadır. Saxlanan şəxsin ayaqlarını kəndirlərlə taxtaya bağlayırlar ki, tərpədə bilməsin. Bundan sonra dəyənək və ya taxta parçası ilə ayaqların altına vururlar. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bununla bağlı Azərbaycan hökumətindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib və prosesi udub.

Elçin Behbudov: «İki dəfə huşumu itirdim. Üstümə su çiləyib ayıltdılar»

Müxalifətçi öz iddiasında göstərirdi ki, 2003-cü ilin oktyabr hadisələrində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncəyə məruz qalıb:

«Ayağın altına ona görə vururlar ki, həmin nayihədə dəri çox qalındır. Zərbələrin izi–qançır qalmır. Amma mənə 4 saat belə işgəncə verdikləri üçün ayağımın üstünə, baldırıma və barmaqlarıma da zərbələr dəymişdi, ayaqlarım qapqara qaralmışdı. Ona görə beynəlxalq təşkilat nümayəndələri də, həkimlər də bunu görə bildilər».

Ayağın altına ona görə vururlar ki, həmin nayihədə dəri çox qalındır. Zərbələrin izi–qançır qalmır. Amma mənə 4 saat belə işgəncə verdikləri üçün ayağımın üstünə, baldırıma və barmaqlarıma da zərbələr dəymişdi, ayaqlarım qapqara qaralmışdı

S.Cəlaloğlu deyir ki, üstündən 5 ildən çox keçsə də, hələ də müalicə olunur, çünki işgəncə verənlər onun ayaqlarının altındakı vətərləri əziblər və orada iltihab gedir:

«Bu, ömrümün axırına kimi davam edəcək».

Özü ixtisasca həkim olan müxalifətçi deyir ki, falaqqa işgəncəsi həm də ona görə geniş yayılıb ki, ayağın altında dəri sümüyə çox yaxındır:

«Zərbənin təsiri asanlıqla dəridən sümüyə keçir. Sümüyə yetirilən travmalar isə qeyri-adi dərəcədə ağrılı olur və sanki birbaşa beyinə doğru cərəyan gedir. Ona görə də çox adam buna dözə bilmir və eləmədiyi cinayətləri boynuna alır».

*Youtube Kanalımıza abunə ol - Ölkədə baş verənləri bizdən izlə

Yerli məhkəmə Avropa Məhkəməsinin qərarını təsdiqləsə də, S. Cəlaoğlu deyir ki, ona işgəncə verənlərə qarşı hələ də cinayət işi açılmayıb.

Ayaqların altına dəyənəklə vurulma işgəncəsindən ilkin istintaq vaxtı polis idarələrində istifadə edilməsi haqda da iddia var. Keçmiş polis əməkdaşı Nadir Ağabalayev deyir ki, 21-ci əsrdə polis şöbəsində bu cür işgəncə verilməsini ağlından da keçirməzdi:

«Sərxoş polislər məni dövrəyə almışdılar, gözləmədiyim istiqamətlərdən baş nayihəmə zərbələr endirirdilər.

Sərdar Cəlaloğlu: «Ayaqlarım qapqara qaralmışdı»

Dəyənəklə ayaqlarıma, ayaqlarımın altına vururdular. Ondan sonra məni ayağa qaldırdılar. Əlbəttə, dayana bilmirdim, birdən buraxdılar, başım divara dəydi».

Elektroşok - bədənə elektrik cərəyanı verilməsi

«Bir üzükdür, barmağa keçirirlər və hərbi səhra telefonundan naqillə həmin üzüyə cərəyan buraxırlar. Telefonun açarını fırlatmaqla cərəyanı artırıb azaldırlar».

Bir üzükdür, barmağa keçirirlər və hərbi səhra telefonundan naqillə həmin üzüyə cərəyan buraxırlar. Telefonun açarını fırlatmaqla cərəyanı artırıb azaldırlar

Bunu deyən İşgəncələr Əleyhinə Komitənin rəhbəri E.Behbudov bildirir ki, belə işgəncəyə məruz qalmaları ilə bağlı ona müraciət edənlərin sayı kifayət qədərdir. Onun fikrincə, bu üsuldan çox istifadə olunmasının səbəbi– işgəncədən sonra bədəndə iz qalmamasıdır. Elçin Behbudov deyir ki, siyasi məhbus sayılan sabiq polis rəisi Natiq Əfəndiyevə də belə işgəncə verilib.

«Human Rights Watch» təşkilatının 2003-cü ilin oktyabr hadisələriylə bağlı hesabatında isə deyilir ki, Müsavat Partiyasının Bakı kəndlərinin birindən olan fəalı onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində elektrik stulunda məruz qaldığı işgəncəni təsvir edib. Amma anonim qalmasını istəyib:

«Məni apardıqları otaqda stul var idi, əllərimi stula bağladılar. Maska taxmış iki qara paltarlı adamdan biri soruşdu ki, bildiklərini bizə deyəcəksən, yoxsa başlayaq? Mən heç nə bilmədiyimi deyəndə, o, «başlayaq» deyib siqaretini əlimdə söndürdü».

Müsavatçı danışır ki, başına «nauşnik»ə bənzər bir əşya taxıb «musiqidən həzz al» deyiblər. Bundan sonra cərəyan buraxılıb: «Elektrik cərəyanı bədənimə buraxılan kimi qoyma dişlərim yerindən qopub sındı. Dilim ağzımdan çıxdı, burnumdan qan gəlməyə başladı. Hər tərəfim qan idi».

Bu cür işgəncəyə məruz qalma ilə bağlı ən son iddia 2008-ci ilin mayında səslənib.

Nadir Ağabalayev: «Sərxoş polislər məni dövrəyə almışdılar, gözləmədiyim istiqamətlərdən baş nahiyəmə zərbələr endirirdilər»

Tanınmış boksçu Ramal Amanov bildirib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona işgəncə veriblər. Hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanmış idmançının sözlərinə görə, hadisə mayın 18-də baş verib:

«Məndən demək olar ki, heç nə soruşmurdular. Prezident təqaüdçüsü olduğumu desəm də, «sən lotusan?» deyib döyürdülər, bəlkə də 20 dəfə barmaqlarımdan bədənimə cərəyan keçirdilər. Şoka düşmüşdüm, iki saat belə davam edəndən sonra məni zirzəmiyə atdılar, gecəni səhərə kimi titrədim. Halsızlıqdan və ağrıların təsirindən yerimdən tərpənə bilmirdim. Yalnız Ağacan Abıyev (Boks Federasiyasının rəhbəri - red.) işə qarışdıqdan sonra məni evə buraxdılar. Amma evdə çox qala bilmədim. Təcili yardım çağırdıq, məni «Semaşko» xəstəxanasına apardılar. Harada döyüldüyümü eşitdikdən sonra mənə lazımi xidmət göstərmədilər. Yalnız dimedrol verib yatırtdılar. Ağacan müəllim gəlib hay-küy salandan sonra rentgenə düşdüm, reanimasiya şöbəsinə yerləşdirib sistem qoşdular. Daxili orqanlarımın əksəriyyəti zədələnib».

Daxili İşlər Nazirliyi işgəncə ittihamını rədd edib.

Zorlama

Bu işgəncə üsulu haqda danışarkən konkret şəxslərin iddialarını misal gətirmək çox çətindir. Bütün müsəlman cəmiyyətlərində olduğu kimi qadınlar seksual təzyiqlərə məruz qalmaları ilə bağlı çox az şikayət edirlər.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov deyir ki, ona bununla bağlı müraciətlər olub, amma həmin qadınların adını açıqlaya bilməz:

«Bu il də belə şikayət olub, amma hüquq-mühafizə orqanları təsdiqləməyiblər. Keçən il də bu cür şikayət olmuşdu.

Samir Kərimov: «Məni qaldırıb dedilər ki, səni soyundurub başına min oyun açacağıq»

Bu halların birində təqsirləndirilən qadın mənə danışdı ki, müstəntiq onu cinsi əlaqəyə məcbur etmək istəyib, deyib ki, bunu eləməsən, sənə ağır maddə verəcəm. Həmin qadın istintaq təcridxanasında özü ağlaya-ağlaya mənə danışdı ki, müstəntiq qapını bağlayıb onu öz kabinetində zorlayıb. Əlbəttə, təqsirləndirilən şəxslər çox şey iddia edə bilərlər. Amma həmin qadın başına gələnləri elə ağlaya-ağlaya danışırdı ki, onun səmimiyyətinə inamaya bilmədim».

«Human Rights Watch» təşkilatının 2003-cü ilin oktyabr hadisələriylə bağlı hesabatında isə deyilir ki, İsa Qəmbərin anonimliyinin qorunmasını istəyən bir cangüdəni onlara danışıb ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində onun şalvarını çıxarmağa və dəyənəklə zorlamağa çalışıblar. Bunun baş verməməsi üçün o, İsa Qəmbəri söymək haqda tələblərə əməl etməyə razı olub, cangüdənin söyüşləri diktofona yazılıb.

Psixoloji işgəncələr

Elçin Behbudov deyir ki, kişilərin zorlanması haqda ona müraciət olmayıb, amma «butulka» ilə hədələnmə haqda iddialar az deyil:

«Tutulan adama deyirlər ki, bu sənədə imza atıb filan cinayəti etiraf eləməlisən. Yaxud saxlanan şəxsə bildirilir ki, biz deyəni təsdiqləməsən, arvadını zorlayacağıq».

Belə hədələr haqda iddiaları 1995-ci ilin mart hadisələrindən sonra həbs edilən «OMON»çular da öz məhkəmələrində səsləndirirdilər.
2008-ci il dekabrın 13-də Bakının Naxçıvanski küçəsindəki binada qaz sızması nəticəsində baş verən partlayışla bağlı şübhəli şəxs kimi saxlananlardan biri Samir Kərimov mətbuata bildirmişdi ki, 24-cü Polis Bölməsində ondan etirafedici izahatı fiziki və psixoloji basqı altında alıblar:

«Bədənimin hər yerindən vururdular. Sonra məni qaldırıb dedilər ki, səni soyundurub başına min oyun açacağıq.

Aqil Xəlil: «Müstəntiqlər mənə hədə-qorxu gəliblər ki, cinayətin homoseksual tərəfindən törədildiyini etiraf edim»

Mən də dedim ki, bunu etməyin nə desəz, boynuma alacam. Daha sonra məni başqa otağa apardılar. İstintaqçılar mənim yerimə ifadə yazdılar, mən də imzaladım».

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən «Azadlıq» radiosuna bildirmişdilər ki, polis idarəsində işgəncə faktı ilə bağlı deyilənlər doğru deyil, təqsirləndirilənlər bu yolla özlərini təmizə çıxarmağa çalışırlar.

Keçən ilin aprelində isə «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil bildirmişdi ki, müstəntiqlər onu bıçaqlayan şəxsləri tapmaq əvəzinə ona hədə-qorxu gəliblər ki, cinayətin homoseksual tərəfindən törədildiyini etiraf etsin.

Döyülmə

«Məni maşında barmaqlarına dəmir taxılmış əlcəklə döyürdülər. İzi uzun müddət üzümdə qaldı». Bunu «Ümid» Partiyasının sədri İqbal Ağazadə danışır. Deyir ki, 2003-cü ilin oktyabr hadisələrindən sonra həbs ediləndə onu nəinki Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, hətta idarəyə aparılarkən yolda da döyüblər.

Döyülmə ən geniş yayılan işgəncə növüdür. Bu haqda yuxarıda da kifayət qədər misallar gətirilib.

«Human Rights Watch» təşkilatının 2003-cü ilin oktyabr hadisələriylə bağlı hesabatında Müsavat başqanı İsa Qəmbərin sürücüsü Sərdar Ağayevin dedikləri yer alıb. O, təşkilata danışıb ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində onu döyəndə əsasən böyrəklərinə vurmağa çalışıblar. Sonra sidiyi qan qarışıq gəlirmiş.

İsa Qəmbərin qohumu Mahir Qəmbərov isə təşkilata bildirib ki,

İqbal Ağazadə: «Məni maşında barmaqlarına dəmir taxılmış əlcəklə döyürdülər»

döyüldüyü otaqda mərhum prezident Heydər Əliyevin portreti olub və onu döyə-döyə şəkildən üzr istəməyə məcbur ediblər.

M.Qəmbərov deyib ki, işgəncə verənlər onun barmaqlarını əldəqayırma rezin kəlbətinlə var gücləriylə dartıblar – ağrıdan qışqıranacan. Deyir ki, bundan sonra əlini soyuq suya salıblar, ümumiyyətlə əlini hiss etməyib. M.Qəmbərov daha sonra bildirib ki, stulu ayağının üstünə qoyublar və üstünə kök bir adam oturub.

Hesabatda Müsavat fəalı İbraim İbrahimlinin barmağının qapı arasında qoyulub sındırılması haqda da yazılıb.

ADP-çi Natiq Cəbiyev isə «Human Rights Watch»a deyib ki, qulağına ovucun içiylə zərbələr vurublar, qulaq pərdəsini deşmək istəyiblər.

Keçən ilin iyununda Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri Emin Hüseynli də bildirmişdi ki, kafedə bir qrup solçu gəncin keçirdiyi aksiyanı lentə alarkən polis işçiləri tərəfindən tutulub və sonradan polis bölməsində fiziki təzyiqlərə məruz qalıb.

E.Hüseynli deyir ki, onu bölmədə mülki geyimli şəxslər döyüb, nəticədə sağlamlığı kəskin şəkildə pozulub, kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Amma Daxili İşlər Nazirliyi bu iddiaları qəbul etmədi.

Yeməkdən, dərmandan, yaxud rahatlıqdan məhrum etmə

«Ümid» Partiyasının sədri İqbal Ağazadə həbs vaxtı döyülməsi haqda ətraflı danışmaq istəməsə də, bildirdi ki, onu həm də əli-qolu bağlı vəziyyətdə saxlayıblar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Naxçıvan şöbəsinin yaşlı fəallarından olan Ələsgər İsmayılov da iki il yarım bundan əvvəl

Ələsgər İsmayılov deyir ki, onun ayaq yoluna getməsinə də icazə vermirdilər

«Azadlıq» radiosuna Sədərəkdə həbs olunarkən polis şöbəsində bu cür işgəncələrə məruz qaldığını danışmışdı:

«Sentyabrın 20-də bir gün axşama kimi mənə işgəncələr verildi. Su istəyirdim vermirdilər, təzyiqim vardı, deyirdim ki, ayaqüstə dayana bilmirəm, deyirdilər sənə elə belə lazımdır».

Bundan başqa, Ə.İsmayılov demişdi ki, onun ayaq yoluna getməsinə də icazə vermirdilər.

Sağlam insanı psixi xəstəxanaya yerləşdirmə

Bu cür hallarla bağlı xəbərlər Naxçıvandan gəlir. Məmurlardan şikayətçi olan Ələsgər İsmayılovu polisdə dindirdikdən sonra ruhi xəstəxanaya da yerləşdirmişdilər. Hətta Maştağadakı ruhi xəstəxanaya da göndərmişdilər. Amma sonradan müxalifətçini sərbəst buraxdılar. Bu yaxınlarda isə eyni hal başqa bir Naxçıvan sakini – oğlunun günahsız olduğu haqda Bakıdakı dövlət orqanlarına müraciətlər etmək istəyən 72 yaşlı gözdən əlil İsmayıl Hüseynovun başına gəlmişdi. Onu Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanserinə salmışdılar.

Azərbaycanda işgəncə nümunələri

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov deyir ki, problem hər yerdə var, amma işgəncəylə bağlı ən çox şikayət ibtidai istintaqdandır.

Komitənin hesabatına görə, 2007-ci ildə Azərbaycanda işgəncədən 4 nəfər ölüb. Azərbaycan hökuməti isə işgəncə ilə bağlı iddiaların əksəriyyətini qəbul etmir, «Human Rights Watch» kimi təşkilatların hesabatını isə qərəzli sayır.

2009

Yazı ilə bağlı fikirlərini "Şərhlər" bölümünə yaz!

Sən hansı işgəncə metodları haqda eşitmisən?

Həmçinin bax - AzadlıqRadiosu Youtube kanalında izləyin:

Məhbus məktubları: Bağlı qapılar arxasındakı işgəncələr

XS
SM
MD
LG