Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:14

«Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin forpostudur»


Zahid Oruc
Zahid Oruc
Milli Məclisin üzvü Zahid Oruc deputat təşəbbüsü ilə çıxış edir ki, Azərbaycan-Türkiyə «yol xəritəsi» imzalansın. O, bunun təcili olaraq, Ermənistan-Türkiyə razılaşmasından öncə imzalanmasını tələb edir. Bu təklif haqda AzadlıqRadiosunun «İşdən sonra» proqramında Zahid Oruc fikirlərilə bölüşüb. Söhbəti qısaca təqdim edirik:

- Mənim aləmimdə dövlətlərarası münasibətlər bütün hallarda sənəd üzərinə gətirilməlidir. Qardaşlığından, doğmalığından və uzaqlığından asılı olmayaraq. Zatən, müstəqillik qazanandan sonra Azərbaycan bütün ölkələrlə münasibətləri belə qurmağa çalışıb. Bu gün biz tarixin hansısa sənədlərinə istinad edib danışırıq. Bir var biz bu gün mənəvi kateqoriyalara istinad edək və deyək ki, Ərdoğan hökuməti Bakı-Tbilisi-Ceyhan və digər transmilli layihələri nəzərə almalıdır. Bir də var ki, konkret çərçivə müddəaları olsun. Azərbaycan və Türkiyə bilməlidir ki, istənilən siyasi iqtidarlar dönəmində hansısa çərçivələrdən kənar addımlar atıla bilməz. Yəni, ümumi münasibətlərin dəqiq sərhədlərini müəyyənləşdirməliyik.

Bu gün bizə deyilir ki, oktyabrın 10-da sənədlər imzalanacaq, paralel isə bildirilir ki, Qarabağ məsələsi bu danışıqların önündədir. Ona görə, bizim üçün xeyli suallar var. Bu sualları aydınlaşdıra biləcək yeganə məsələ Azərbaycan və Türkiyə arasında «yol xəritəsi»dir.
Mən parlament üzvləri ilə çox söhbət etmişəm. Onlar da belə qərardadırlar ki, Türkiyə və Azərbaycan arasındakı münasibətləri sənəd üzərinə gətirmək lazımdır. Məram, bəyannamə kimi yox, dəqiq sənəd kimi.

- Ermənistan-Türkiyə danışıqlarında bir çox məqam açıqlanmır. Bunu qəbul edirsizmi?

- Sirr pərdəsi oktyabrın 10-da götürüləcək. Ərdoğan göstərmək istəyir ki, beynəlxalq sifariş olaraq buna gedirik, təzyiqlər var. Rəcəb bəy protokollar imzalanandan sonra atılacaq addımları indi daha açıq söyləməlidir. Sizi inandırıram, tamamilə başqa proseslər gedəcək. Azərbaycan tərəfi indi sakitdir. Çünki bizə deyirlər ki, Qarabağ problemi danışıqların əsas hissələrindən biridir. Ancaq kimin üzərinə qoyacaqlar bunu? Yenə Türkiyə iqtidarı üzərindəmi qalacaq?
Bu layihə Qafqaz uğrunda savaş layihəsidir. Amerika, Rusiya və Avropa Birliyi arasında. Nəticədə, Rusiya-Türkiyə «birliyi» Qərbə qarşı qoyula bilər. Türkiyə uduzacaq. Türkiyə Ermənistanı qazanıb bir şey əldə edə bilməz. Bizim qardaşlığımız neftin, qazın üzərində qurulmayıb. Bəli, yaxşı «qan damarları»dır. Amma qanın özü var axı. Nə var ki, cəmiyyəti Sezen Aksudan tutmuş Mel Gibsona qədər inandırmaq ki, «demokratik açılım» lazımdır?

- Azərbaycana kim mane olur ki, bu cür üsullardan istifadə etsin?

- Strateji baxımdan və nəticə etibarilə bu Azərbaycanın maraqlarına uyğun gəlmir. Bir çoxları sizin efirinizdən də gəlib deyirlər ki, «hər şey donub, dəyişiklik yoxdur, sərhəd açılmamasından udmamşıq ki». Mən onlara baxanda Türkiyə müxalifətinə çox-çox şükürlər edirəm.

- Türkiyə mediasında Azərbaycanı nəzərdə tutaraq «15 ildə nə etdiz ki, danışırsız» fikri səslənir. Deməli, istər-istəməz, yeni variant haqda düşünmək lazımdır. Məgər, yeni alternativ yoxdur?

- Var, əlbəttə ki, var. 1994-cü ildə dünya bütövlüklə Ermənistanın tərəfində idi. Baxmayaraq ki BMT-nin qətnamələri var idi. Son 15 il ərzində Azərbaycan Ermənistanı bütün parametrlər üzrə udub. Bu gün Ermənistanda baş verən dövlət-vətəndaş qarşıdurması Azərbaycanda 1993-cü ildəki vəziyyətdədir. Ona görə də, biz Qarabağı itirmişdik. Qeyri-sabitlik episentri Ermənistana keçib. Bu, Azərbaycanın apardığı siyasətin nəticəsidir. Ancaq bu prosesdir. Və davam da etməlidir.

Biz istəyirik ki, Türkiyə siyasətimizin, Qarabağın «girov»u olsun? Qətiyyən. Azərbaycanın arqumentləri Türkiyəyə daha yaxşı müdafiə imkanları verir. Bakı-Tbilisi-Ceyhan kəməri Türkiyənin əhəmiyyətini regionda artırıb. Azərbaycanın hesabına. Ümumiyyətlə, qardaşlar arasında rəqəm hesabı qoyulmaz ki, kim-kimə nə edib.

Sərhədlərin açılması bilirsinizmi nəyə gətirəcək? Qazax tərəfdə Azərbaycan da Ermənistanla sərhədini açmaq məcburiyyəti qarşısında qalacaq ki, ticarət vasitəsilə düşmənçilik sindromu aradan götürülsün. Biz axı indi onu yaşayırıq. Bu ideya vaxtilə Bill Klinton tərəfindən Heydər Əliyevə deyilmişdi. Nəticədə, Türkiyə «qonşularla sıfır problem» siyasətini gerçəkləşdirməyə başlayıb. Ancaq deyirəm, Azərbaycanın maraqları nəzər alınmasa, Türkiyə burada uduzacaq.

- Sonra nə baş verə bilər? Və Azərbaycanla Türkiyə arasında öhdəliklər nədən ibarət olmalıdır?


- Kipr nümunəsi var. Azərbaycan heç vaxt Türkiyənin və Kiprin türk hissəsinə zidd olan hərəkətlər etməyib. Baxmayaraq ki, Yunanıstanla yaxşı münasibətlərimiz var. Azərbaycan indi də, gələcəkdə də bu siyasəti davam edəcək. Lakin reallıq onu tələb edir ki, Türkiyə Azərbaycanın forpostudur, Azərbaycan isə Türkiyənin.
XS
SM
MD
LG