Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:11

USUBOĞLU "Afrikat səslər" (Hekayə)


Məmmədstanın o günkü Günü də həmişə olduğu kimi yenə dağların dalından doğmuşdu.

O kənd dünyanın ayrı yerlərinin kəndlərinə bənzəmirdi. O kəndin bulaqları, bağları, dərələri-dağları, hətta, adamları da arvadlı-kişili bir adda idilər.

Hər şey, hər yer və hamı məmməd idi. O da məmməd idi, o biri də, bu biri də.

Məmməd ola bilməyən təkcə Qasım idi və bir də Qasımın üç balası ilə bir arvadı idi.

Məmməd olmaq Qasımın nə bəxtinə düşməmişdi, nə də alnına yazılmamışdı.

Ona görə də elə qasımlığı ilə məşğul idi.

Dağları, bağları və adamları məmməd olan o kəndin məmmədlərinə qoşulub Qasım da məmməd olmaq istəyirdi.

Hətta gedib şəhərdə kitabsatandan balaca bir dua kitabı da alıb, gətirib ərəbcə dualar əzbərləmişdi.

Axşamlar yatmazdan qabaq dua kitabını açıb oxuyur, Allaha yalvarırdı - məni də məmməd elə, İlahi, bu kəndin məmmədlərinə qat, üç balamla məni də məmməd elə.

Məmmədstanda məmməd olmaq Qasım olmaqdan min pay yaxşı idi.

Kənddə məmməd olan adama gedib şəhərdə milyon məmmədin içində baş saxlamaq asandan asan olurdu.

Çünki şəhər özü də məmmədlər şəhəri idi və kənd məmmədləri ilə şəhər məmmədləriinin fərqi ya çox deyildi ya da heç yox idi.

Məmməd olub məmmədlərə qarışandan sonra nə dərdin olurdu, nə də sərin.

Amma dərd - sərin olanda da, daha məmməd kimi dərd –sərin olurdu, Qasım kimi yox.

Yəni heç kimdən seçilmirdin. Gedib şəhərdə uşağına 2-3 min, bəlkə də 4-5 min manata hazır test sual- cavablarını alırdın.

Hazır suallarla hazır imtahana gedib uşağın istədiyi AMİ-yə yüksək balla qəbul olurdu.

5-6 il rüşvətlə kursdan – kursa keçirdi.

Sonra da pulunu verıb həkimlik diplomu alırdın və axırda da məlum olurdu ki, oğlun Məmməd eləcə məmməddir, amma doxdur deyil.

Bu doxdur olmayan Məmməd kəndə ya dönmürdü, ya da dönüb rayon xəstəxanasında başlayırdı əzrayılı əvəz eləməyə.

Sonra da o biri məmmədlər yığışıb, bu qeyridoxdur Məmmədin yanına müalicəyə gəlir və sağalmaq əvəzinə ölürdülər.

Amma bu ölümlərdə günahı qeyridoxdur.

Məmməddə axtarmaq o biri məmmədlərin ağlına gəlmirdi.

Məmmədliyin ən dadlı ləzzətlərindən biri də elə bu idi.

Yəni məmmədlik elə bu demək idi ki,başın yarılmasında günahı daş atanda deyil,elə daşın özündə axtarasan.

Qasım olmaq isə ayrı adam olmaq idi. O kəndin məmmədlərindən başqa atları, itləri, pişikləri. hələ siçan və siçovulları da məmməd olmayan Qasımı görənda hürkürdülər.

Hətta halal-hümmət arvadı Güldəstə də Qasım evdən çıxanda sevinir, evə gələndə isə qarğışdan başqa şeylə qarşılamırdı: - Sənə gəldiyim günə daş yağardı, Qasım. Pullu kişi olammayan, minlərlə məmməd içində məmməd olammayan ac Qasım. Tüpürüm sənin Qasım fəlsəfənə,-balaları da özü kimi qasımçı olan Qasım. İndi dövr- zaman başqadı. Qasım olmaq elə bircə sənəmi qalıb. Hanı sənin vəzifən? Hanı rüşvətin? Dilçi və Ədəbiyyatçı Qasım. Kül sənin ədəbiyyat başına, qızlarını Medinstituta düzəldə bilmədin. Və Qasımın müəllim vaxtlarının ağzını yamsılardı -Ay uşaqlar, afrikat səslər dilimizdə iki dənədir. Afrikat sözünü də xüsusi bir ifadə ilə deyərdi və Qasım da fikirləşərdi ki, arvadı onun təqlidini yüzdə-yüz yaradır, həm də arvadından əla parodiyaçı da çıxarmış.

Güldəstə bilirdi ki, Qasım özü də yüzdə - yüz məmməd olmaq istəyir.

Elə dua kitabını da görmüşdü və Qasımın dualarını da eşitmişdi.

Amma bilirdi ki, Qasımdan məmməd olmayacaq.

Niyəsini bilmirdi, amma bilirdi ki, məmməd olmağin min üzü var. Bu min üzün heç biri Qasımda yoxdu və o qırmızı min üzün Qasımda olmasına hələ min il var.

Amma bu da var ki, min il sonra da min qırmızı üzün Qasımda olub-olmayacağı müşkül məsələ idi.

Axşam yatanda Qasım Güldəstəyə dedi ki, hamı gedib şəhərdə məmməd olub qayıdır.

Mən də gedib məmməd olub gələrəm, onda görərsən analar necə oğlan doğur.

Qasımın üzü arvadına tərəf idi və günortadakı dava-şavadan az bir vaxt keçmişdi.

Nə Qasımın nə də Güldəstənin bu kənddən, bu evdən, və bu yataqdan uzaqlaşıb ayrı yerə getmək imkanı yox idi.

Ərinin bu sözünü eşidib Güldəstə üzünü o yana çevirdi və sözünü də çevriləndən sonar dedi-heç yana getmə, Qasım, məmməd olan anadan gəlmə olur.

Saatda min yalan danışır, yalandan min and içir. Min əyri yola gedir. Min əyri yoldan düz adına keçir, sən getmə Qasım, getmə.

Mənim də hay-küyümə baxma. Bu dünyaya məmməd lazım olduğu qədər Qasım da lazımdı.

Kimi məmməd kimi, kimi də Qasım kimi lazımdı.

Getmə Qasım.Amma Qasım şəhərə o günün səhəri səhər tezdən getdi.

Getdi ki məmməd olub gəlsin.Gələn kimi də kəndin məmmədlərinə qarışsın.

***

…bütün bunlar çoxdan olmuşdu, lap çoxdan. O vaxt hələ uçuç böcəyinə bənzər yarısı sarı –yarısı qırmızı zəngli tramvaylar şəhərdən ölüb getməmişdilər.

Polad relslərini söküb satmamışdılar.

O vaxt şəhərdə bütün maşınlardan sonra bir də tramvaylar vardı.

Məmmədstanın adamları oxumaqdan başqa bir də şəhərə tramvaya minməyə görə gedirdilər.

Gedib şəhəri gəzib gələnlərdən kənd adamları soruşardılar - əyə, tramvaya mindinmi?

Elə ki yox cavabı aldılar –adamlar bir –birinə -bununku heç, a bala, bununku heç, gedə şəhər gəzəsən,özündə tramvaya minməyəsən?!

Və şəhərə gedib tramvaya minməyə vaxt tapmayıb geri qayıdan adamın bəd xəbəri adamdan adama ötürülə -ötürülə kəndin başından ayağına ən fasıq, yazıq adamınacan çatardı.

Hamı bilərdi ki, filankəs şəhərə gedib tramvaya minmədən qayıdıb. Bir də bir ayrı səbəbdən tramvay bu kəndə qohum düşürdü.

Qohumluqda bu idi ki, kəndin adamları at sevən və at saxlayan idilər.

Ona görə də iş dalınca şəhərə gedib kəndə qayıtmağa gecikən adamlar, şəhərdə hər şeydən başqa, atsız darıxanda, at üçün qəribsəyəndə gedib tramvaya minirdilər.

Və kəndə gələndə bir-birinə danışirdılar -Ayə ,Vallah, kəhər atdan “ortü” burnumun ucu göynördü, getdim tramvaya mindim, çaqqa –çaq,yırğalana –yırğalana dolandım,qurdumu öldürdüm.

Elə bildim yorğa yerişli at üstündəyəm.

***

Qasım şəhərə çatanda hələ tramvayları yığışdırmamışdılar, hələ tramvaylar işləyirdi.

Onda milli pulların təzə çıxan vaxtı idi. O şəhərdə kağızdan pul da kəsib adını da elə məmməd qoymuşdular.

Hamı məmməddisə, daha pulun adını qəmbərqulu qoyası deyildilərki?!

Məmmədlərin yaşadığı o şəhərin Günü Məmmədstanın günündən fərqli olaraq səhərlər dənizdən doğur, axşamlar da dənizdə batirdı.

O şəhərdə dağ yox idi və heç vaxt da olmamışdı. O şəhərin dənizi vardı və dənizdən doğub-batmasina görəydi bəlkə, o şəhərin Günü dünyanın bu biri şəhərlərinin günündən ən azı yüz dəfə təmiz görünürdü.

Bu biri yerlərdə də Gün vardı, bəlkə bu biri yerlərinin şəhərlərinin Günü də dənizdə yuyunub çıxırdı.

Amma bu biri yerlərin Günü o qədər təmiz və duru görünə bilməzdi.

Bəlkə də dünyanın bu biri yerlərinin şəhərlərinin Gününə dənizdə doğub –batmaq lazım deyildi.

Bu biri yerlərin şəhərlərinin günlərini Allah yaradanda elə təmiz, aydın, arıdan arı, durudan duru yaratmışdı və ona görə də oraların adamları, adamlarının da içində işsiz bir Allah Bəndəsi də oturub günün harda doğub batması barədə fikirləşmirdi.

Çünki dünyanın bu biri yerlərinin Fransa ya Almaniya, ya da elə qurbağa, tısbağa və böcək yeyən Çin-ü –Capon adlı ölkəsinin adamının işləməkdən vaxt tapsa, Günün doğub batması barəsində fikirləşmək ağlına gəlməzdi!

Dünyanın bu biri yerlərinin ingilisdan adlı yerində məmməd olmayan Çarlz adlı işsizinə işsiz maaşı da verilirmiş və bu maaşı alan adam, işləyən adamlardan pis dolanmırmış,hətta, bəzi hallarda yaxşı da dolanırmış.

Hər halda Qasım belə fikirləşirdi. Fikirləşməməkdən də başqa, buna inanırdı da.Amma bu, inanılası şey deyıldi. …!

Həmin gün Qasım o şəhərdə idarələrin birinə xeyli rüşvət verib qapıçı vəzifəsinə işə düzəldi, şəhər məmmədliyini öyrənməyə başladı.

Düz üç ay işlədi, bir dəfə də kəndə Məmmədstana getmədı. İşlədiyi idarədə qapıdan keçən birisi bir dəfə Qasımın təhər –töhürünə baxıb bir şirvan bağışladı və üstəlik –dayday,çay içərsən, dedi.

Qasım axşam saat 18:00 –da işdən çıxdı, məmməd metrosunun yaxınlığında məmməd nömrəli poliklinikanın qabağındakı məmməd bağında yeməkxa-çaynana-piyvəxanada həmin onminliyin “üstünü də düzəldib” özünə kiçik bir ziyafət verdi, noxudla piyvədən feyziyab oldu.

Və piyvələyəndən sonar Sovet hökumətinin dalısıyca deyindi də -”zalım uşaqları, piyvəni belə ləzzətli “Xırdalan” kimi düzəldə bilmədilər.”

Elə təzəcə siqareti damağına qoyub odlamışdı ki, köhnə vaxtlarının Məmmədstanlı köhnə tanışlarından biri Qasımın sağındakı stolu çəkib oturdu.

Salamı da oturandan sonra verdi.

Qasım bu məmmədi çoxdan tanıyırdı.Günlərin, ayların, illərin əvvəlində bu məmməd də Qasım kimi Qasım idi.

Amma sonralar məmməd olmağın üsulunu tapıb, çevrilib məmməd olmuşdu.

Məmməd olan kimi də işlərinə məmmədlik qatıb başlamışdı məmmədliyə.

İndi yüz ilin ayrısı kimi Qasımı masanın arxasında tək görüb özünü yetirdi Qasımın yanına. Qasımın piyvəsinə piyvə qatdı, arağına araq.

Məmmədliklə qazandığı məmmədlərə xəsislik etmədən masanın üstünə xeyli qatıb yemək-içmək düzdürdü.

Bala –bala özü demiş “araqlayırdı” və Qasım vaxtlarını xatırlayırdı.

İçində öz –özünə çoxdan boynuna almışdı,- məmmədliklə köpəkoğluluq arasında bir o qədər də böyük fərq yoxdu.

Hətta bəzı vaxtlarda köpəkoğluluq məmmədlikdən min pay mərifətlidi.

İndi elə keflilik havasına –yox ey, Qasım,yox ,sən bilmirsən.

Sən elə bilirsən mən öz kefimə məmməd olmuşam. Məmməd olunca bircə o Bir Olan Allah bilir nələr çəkmişəm.

Nə evim olub, nə eşiyim. Otuz beş yaşımda evlənə bilmişəm.

Bilirsən, bir var anadangəlmə məmməd olasan, bir də var sonradan öyrənib samouçka” məmmədlik eləyəsən.

Qasımlıqdan çevrilib məmməd olmaq çox çətindi, Qasım. İndi o Qasım vaxtlarımı uşaqlarıma danışıram, heç kim inanmır mənim haçansa Qasım olmağıma.

Çünki indi mən məmmədliyin lap dibinəcəm enmişəm.

Məndən aşağıda heç kim yoxdu, Qasım.

Hətta ölülər də məndən yuxarıdadı. Qəbirlər də.Cəhənnəm də. Bilirsən, Qasım,mühit var adamı dəyişir. Adam var mühiti.

Sənin mühitin məmməd mühitidirsə, sən o mühitdə Qasım olaraq var ola bilməzsən.

Məmməd mühiti ancaq məmmədlər üçündür. Nədir məmməd mühiti? Məmməd mühiti vicdanını ayaqlarının altına qoyub, dırmaşıb mənliyinin çiyinlərinə minib ayaqlarını sallayaraq oturmaqdı və ordan asılı olduğun adama əyilmək, səndən asılı olanı isə ayaqlamaqdır.

Və həm də təkcə bunlar deyil, dostum.

Haçansa Qasım olmuş Məmməd danışırdı, danışdıqca məmmədliyə adlamağına haqq qazandıra –qazandıra təzə sübutlar tapırdı.

Amma əslində bunların heç birini etməli deyildi.

Həm də biçarə bilmirdi ki, Qasım dua kitabı alıb və gecələr xəlvətə salıb dualar oxuyur.

Dualar oxuyur ki, Allah dualarını eşitsin və onu da çevirib məmməd eləsin.

Məmməd olmuş Qasım təzə piyvə sifarişi üçün bufetə sarı getdi.

Məmməd ola bilməyən Qasım fürsərdən istifadə edib yeməkxananı tərk etdi.

Yolda öz –özünə fikirləşdi ki, məmməd sərxoşdur və bəlkə də heç onu xatırlamayacaq.

Kirayədə qaldığı evə gəldi. Ev sahıbınin verdiyi balaca köhnə televizoru işə saldı, mahnı yarışı idi,erkəkli-dişili bir cüt məmməd duet oxuyurdu.

Kanalı çevirdi -meyxana yarışı idi-bir cüt məmməd “ tappa- turup,tuppa- turup” -deyirdi yenə.

Fikirləşdi ki,tutalım hamını öyrədib mahnı oxuyan elədilər, meyxana deyən elədilər, bəs sonrası necə olacaq?

Televizoru söndürüb divana çökdü və düşündü ki,elə sabahda-birigündə qayıtsın kəndə-Məmmədstana.

***

Qasım nə cabah, nə də biri gün kəndə - Məmmədstana qayıda bilmədi.

Elə sabahısı gün direktor iclas elədi. İclas üzü üzlər görmüş bir iclas idi.

Yeni heç nə yox idi və ola da bilməzdi. Amma iclas zalını dolduran məmmədlər ağızlarını ayırıb köhnə cəfəngiyatlara təzə əvəzinə qulaq asırdılar. Məmməd rəis əvvəlcə iclasa qonaq gələn adamları iclas iştirakçıları ilə tanış elədi.

Əziz camaatımız məndən bu yanda outran, məmməd müəllimdi, məmməd müəllimdən…
XS
SM
MD
LG