Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:55

Mənim əzizlərim


Azər Qaraçənli
("Azadlıq nitqləri" kitabından)


Əvvəli burda

SSRİ dağılanda mən universitet tələbəsiydim, mənim əzizlərim.

SSRİ 20-ci əsrin ən dəhşətli imperiyasıydı, dünyanın yarısını tutmuşdu, yarısını da tutmaq istəyirdi, onun dağılması elə-belə məsələ deyildi, bir dünya tarixiydi.

Biz belə bir imperiyada yaşayırdıq.

Bizim taleyimizdə baş verənlər birbaşa dünya tarixinə aid hadisələr idi, bizdəki dəyişiklik dünyanı dəyişirdi.

SSRİ tarixin mərkəzində qərar tutmuşdu və onun dağıldığı dövrdə dünyada onun dağılmasından böyük hadisə yox idi.

Bir var dünya tarixini oxuyasan, bir də var dünya tarixini yaşayasan; bir var dünya təcrübəsini öyrənəsən, bir də var dünya təcrübəsinin özü olasan.

SSRİ dağılanda dünya tarixini və təcrübəsini dünyaya SSRİ yayırdı.

O vaxt SSRİ-də ağlı kəsən hər bir adamın – indiki keçmiş sovet adamlarının qismətinə belə bir dünya miqyaslı təcrübə düşmüşdü.

Yaxşıdı-pisdi, bu ayrı məsələdi, amma hələ-hələ hər adamın rastına belə tarix çıxmır.

Hər adama qismət olmur ki, onun taleyi dünyanın taleyinə bağlı olsun, onun tarixi dünyanın tarixi olsun, onun mitinqi dünya hərəkatına təkan versin, onun toqquşması dünyanı çalxalasın, onun qərarı dünyanı dəyişsin.

Keçmiş sovet adamları tarixin baş rolunda, tarixin mərkəzində olmuş adamlardı, onların qəlbində dünyanın böyük dərsləri var...

Hissi təcrübənin əvəzi yoxdu, bu, təcrübələrin ən qiymətlisidi.

Təbliğ elədiyi əməlin nəticəsini heç olmasa öz xəyalında öz taleyinə tətbiq eləyib onu canından-qanından, vicdanından keçirməyən adam nəyi təbliğ elədiyini başa düşə bilməz.

Belə adama həyat oyuncaq kimi gəlir, çünki o, doğrudan da real insan taleyilə münasibətdə olduğunu dərk eləmir, elə bilir ki, adamları döyüşə göndərmək kuklaları döyüşdürmək kimi bir şeydi, istədiyin anda səhvini düzəldə bilərsən, həm də nə vaxt istəsən hər şeyi əvvəlki vəziyyətinə qaytaracaqsan.

Yox, mənim əzizlərim, insan yaraları kukla yaralanmaları deyil, kuklaları yüz dəfə öldürüb-diriltmək olar, amma insan bir dəfə ölür və kimsənin ona yenidən həyat vermək imkanı yoxdu.

Özünə rəva bilmədiyini özgəyə rəva bilmə – deyib müdriklər.

Müharibəyə çağıranda özünü sağ-salamat qələbəni qeyd eləyəcək adamların arasında təsəvvür eləyənlər, işgəncələrdən qorxma deyəndə bunu həmişə işgəncə zirzəmilərinin çölündəki adam kimi deyənlər təhlükəli adamlardı, onlardan uzaq durun.

Heç kimi ağır işə çağırmamaq bir əxlaqdı, ən böyük əxlaqsa həmin ağır işin qulpundan yapışa-yapışa heç kimi heç bir ağır işə çağırmamaqdı.

Əgər siz çiyninizi ağır yük altına vermisizsə, verəcəksizsə, bunu təvazökarcasına eləyin, birincisi, buna görə kimsəyə minnət qoymayın, mükafat gözləməyin, ikincisi, heç vaxt düşünməyin ki, bu sizə başqalarını yük altına çağırmaq haqqı verir. Heç kimin insanı ölümə çağırmağa haqqı çatmır.

Siz özünüzü tankın altına atsanız belə, buna haqqınız çatmır.

O tankın tırtılları üstünüzə çıxıb sizi xıncım-xıncım elədiyi anda belə, siz başqalarını ölümə çağırmaq haqqını qazanmırsınız.

Mən bayaq dünya təcrübəsindən danışdım. Ancaq bu təcrübə heç də təkcə imperiyaların dağılması kimi tarixi hadisələrlə bağlı deyil.

Hər kəs kürəyinin arxasında avtomobil siqnalı eşidəndə diksinir – bu da dünya təcrübəsidi.

Hər kəs vicdanının səsini eşidir – bu da dünya təcrübəsidi. Hamı sevir, azadlıq, ədalət və birlik istəyir – bu, dünya təcrübəsidi.

İnsana həqiqətə yiyələnmək üçün eləcə özü də bəsdi, SSRİ-siz də tarixi duymaq mümkündü.

Siz elə özünüz bir dünyalıq həqiqətsiniz, mənim əzizlərim.

Həqiqəti dərk eləmək üçün sizə SSRİ kimi vəhşi bir imperiyanın lazım olmadığını bilmək məni nə qədər də sevindirir.

Öz hissinizə, öz vicdanınıza boylanın – hər şeyi biləcəksiniz. Tarixi də öyrənin – nələr olduğunu görəcəksiniz.

Əgər siz o tarixin verdiyi dərsləri məndən də soruşmaq istəyirsinizsə, onda mən onun sizin üçün, bu dövr üçün, bu nəsil üçün vacib olan ibrətlərindən birini demək istəyirəm: neçə-neçə ortalıqda gəzəni aradan çıxan gördüm, qorxma deyənlərin çoxunu qorxaq gördüm, get deyənlərin çoxunu yerində duran gördüm, qulaq deşən çox vədlər yalan çıxdı, çox ölərik deyənlər sağ qaldı, çox unutmarıq deyənlər unutdu, almaram deyənlər aldı, satmaram deyənlər satdı, neçə qanlar batdı, necə qanlar axdı, nə adamlar nə günahlara şərik çıxdı, nələri nəyə dəyişənlər oldu, ağlımıza gəlməyən başımıza gəldi, özünü qoru deyənlər hamını qoruyan adamlarmış, qızışdırmayanlarmış qızıl adamlar, özünü gözə soxmayanlarmış gecə-gündüz haqq yolunda göz yummayanlar, dincliyi yoxmuş dincliyə çalışanların, ürəyi pambıqmış dözümə çağıranların, əvəzi yoxmuş əvəz ummayanların, küysüz qayğıkeşlərin, minnətsiz qayğıların…

SSRİ dağılan illərin və SSRİ-dən sonrakı dövrün təcrübəsi bizi öz yolumuzu səbirlə, təmkinlə, ölçüb-biçməklə, hay-küyü yaxına buraxmamaqla seçməyi təlqin eləyir.

Vicdan da buna səsləyir. Pafosa yer olmamalıdı.

Hamı imkanı çatdığı qədər hamını qorumalıdı. Hamı hamıdan muğayat olmalıdı.

Mən orta məktəbə gedəndə SSRİ dünyanı dağıdırdı, mənim əzizlərim. Mən ali məktəbə gedəndə SSRİ özü dağıldı, mənim əzizlərim.

O boyda imperiyanın bu boyda aralıqda çökəcəyini heç kim ağlına gətirməzdi. Amma çökdü.

Bütün şər qüvvələr çökəcək, mənim əzizlərim. Siz xeyirin tərəfində durun, özünüzdən də muğayat olun.

Allah amanında, mənim əzizlərim.
XS
SM
MD
LG