Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:23

«99 faizi həll olunan» Milli Şura yenə elan edilmədi


Movxanıda bayram mitinqi - 28 may 2013
Movxanıda bayram mitinqi - 28 may 2013
-
«ELAN OLUNSUN, ELAN OLUNSUN»...

Mayın 28-də Novxanıda – Məmməd Əmin Rəsulzadənin abidəsi önünə toplaşanlar müxalifət liderlərindən Milli Şuranın elan olunmasını tələb edirdilər. «Elan olunsun!»... «Elan olunsun» şüarı tədbir boyunca səslənsə də, tələb gerçəkləşmədi.

DANIŞIQLARI BAŞA ÇATDIRA BİLMƏYİBLƏR

Milli Şuranın elan olunmayacağı xəbərini AXCP və Müsavatın, eləcə də «El» Hərəkatının nümayəndələri Rəsulzadənin heykəli qarşısına yığışmazdan öncə Açıq Cəmiyyəti Partiyasının sədri Sülhəddin Əkbər açıqladı və əlavə etdi ki, danışıqlar başa çatdırılmayıb:

«Bu gün bu meydanda Milli Şuranın yaradılmasının elan olunması gözlənilirdi. Çox təəssüf ki, danışıqlar prosesi gecəyarısınadək davam etsə də, tam başa çatdıra bilmədik. Bizim hər birimizdən şəxsi maraqlardan, qrup maraqlarından bir addım geri çəkilmək, milli maraqları öndə tutmaq tələb olunur».

«İSTƏSƏYDİK, BU GÜN ELAN EDƏRDİK»…

Müsavat başqanı İsa Qəmbər dedi ki, Milli Şura ilə bağlı son həftələr intensiv danışıqlar gedir. İstəsəydilər, qurumun yaranmasını bu gün də elan edərdilər:

«Məsələnin 99 faizi demək olar ki, həll olunub. Əslinə qalsa, istəsək, bu gün də bəyan edə bilərik ki, Milli Şura artıq yaradılıb. İstəyirdik ki, Milli Şuranı 28 Mayda bəyan edək. Amma nəzərə alın ki, bu Milli Şura çox mühüm, çox önəmli vəzifələri yerinə yetirəcək bir qurum olmalıdır. Bu Milli Şura Azərbaycanımızı Əliyevlər rejimindən xilas edəcək – dinc yolla, seçki yolu ilə xalqın hakimiyyətini bərqərar edəcək».

İsa Qəmbərin dediyinə görə, istər qurumun tərkibinə, istərsə qurumun idarə edilmə prinsiplərinə dair son məsləhətləşmələr gedir.

«NÖQTƏNİ NİDAYA ÇEVİRMƏK QALIB»...

«EL» Hərəkatının lideri Eldar Namazovun fikrincə, sadəcə, nöqtəni nidaya çevirmək qalıb:

«Milli Şuranın yaranması ilə bağlı gedən prosesə həqiqətən də nöqtə qoyulub. Sadəcə, biz bu nöqtəni nidaya çevirməyə çalışırıq».

KEÇMİŞ NAZİR RADİKALLIĞA ÇAĞIRDI

Müxalifət liderləri Novxanıda - 28 may 2013
Müxalifət liderləri Novxanıda - 28 may 2013
1992-ci ildə Xalq Cəbhəsi hökumətində daxili işlər naziri olmuş İsgəndər Həmidov müxalifəti radikallaşmağa çağırdı:

«Milli Şuraya inanmasaydım, hakimiyyətin yıxılmağına, onu yıxmağımıza inanmasaydım, bu gün mən bura gəlib çıxış eləməzdim. Bu hakimiyyəti yıxacağıq, yola salacağıq. Əliyevlərin pulu bu millətin puludur. O pullar onlardan alınıb bu millətə qaytarılmalıdır».

Xalq Partiyasının sədri Pənah Hüseyn ayrıca təklif irəli sürdü:

«Ey burda tez-tez «elan olunsun!» şüarı səsləndirənlər, mən sizin yerinizə olsam, alaram mühasirəyə bu rəyasət heyətini, burda Milli Şura elan olunmayana qədər onları buraxmaram».

«ATALAR ÜÇDƏN DEYİB»

AXCP lideri Əli Kərimli diqqəti Milli Şuranın formalaşdırılmasına yönəldərək bildirdi ki, Milli Şura öz sıralarında ictimai-siyasi qüvvələrin geniş spektrini birləşdirəcək:

«Milli Şura, ilk növbədə, Azərbaycanın bütün demokratik dəyişiklik istəyən qüvvələrinin bir çətir altında birləşib ölkəni demokratiyaya götürməsi üçün yaranır. Burda ən müxtəlif qüvvələr iştirak edəcək. Burda fərqli qüvvələr iştirak edəcək. Ancaq onları bir amal birləşdirəcək – Azərbaycan sevgisi, demokratiyaya sədaqət, bir-birinin müxtəlifliyini qəbul eləmək. Birinci Milli Şuranın missiyası istiqlal idi. İkinci Milli Şuranın missiyası müstəqilliyin bərpası olub. Üçüncü Milli Şura da yeni missiya ilə gəlir – Azərbaycan Respublikasını üçüncü dəfə və əbədiyyən bərpa etmək. Atalar da üçdən deyib».

Hüseynbala Səlimov
Hüseynbala Səlimov
«Elan olunsun» şüarları yenə səslənsə də, tədbir başa çatdı.

«MÜXALİFƏT CƏMİYYƏTİ ÖZ VƏDLƏRİ İLƏ MƏŞĞUL ETMƏK İSTƏYİR»

Siyasi şərhçi Hüseynbala Səlimov deyir ki, Milli Şura müxalifət sıralarında baş verən proses idi. Ancaq qurumun elan olunmasını proqnozlaşdırmağa da çətinlik çəkirsə, müxalifətə inamsızıq artacaq:

«Dünən elan etdilər ki, sabah Milli Şura elan olunacaq. Amma bu gün elan eləmədilər. Dünəndən bu günə hansı qeyri-adi hadisə baş verdi ki, bu Milli Şuranın elan olunmasının qarşısını aldı? Bəlkə də müxalifət cəmiyyəti öz şüarları, öz vədləri ilə bir növ məşğul etmək istəyir. Ancaq sonda bunlar reallaşmayanda, qeyri-ciddi nəticələrə gətirib çıxarır. İnsanlarda müxalifətə qarşı inamsızlıq artır. Üstəlik, prosesin baş tutmamasının səbəbləri ilə bağlı ciddi bir arqument gətirilmədi. Müxalifət özü haqqında qeyri-ciddi təsəvvür yaratdı».

Müxalifət liderləri isə bildirirlər ki, ən yaxın günlərdə məsləhətləşmələri bitirib Milli Şura fəaliyyətinə başlayacaqlar.
XS
SM
MD
LG