Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:40

Avropa Məhkəməsi Azərbaycan hökumətini yenə cərimələdi


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

-

Fevralın 11-də Avropa Məhkəməsi Azərbaycanla bağlı iki qərarını elan edib. Həmin qərarlara əsasən, hökumət hüquqları pozulan gənc fəallara 83 min 600 avro ödəməlidir. Bundan başqa, şikayətçilər barəsində yerli məhkəmələrin çıxardığı qərarları ləğv edib yenidən araşdırmalıdır.

AzadlıqRadiosu Avropa Məhkəməsinin saytına istinadən bildirir ki, hər iki iş gənc fəalların 2011-ci ildə Bakıda keçirilən etiraz aksiyaları ilə bağlı olub. Şikayətdə gəncləri polisin saxlaması və onlara həbs cəzalarının verildiyi deyilir. Gənc fəalları məhkəmədə İntiqam Əliyev, Əshabəli Mustafayev və Ruslan Mustafazadə təmsil ediblər.

HÜSEYNLİ VƏ DİGƏRLƏRİNİN İŞİ

Hüseynli və başqalarının işində şikayətçilər İlham Hüseynli, Elçin Səlimov və İbrahim Əhmədzadədir. Şikayətçilər martın 31-i və aprelin 2-də Bakıdakı etiraz aksiyalarında iştirak etdiklərinə görə saxlanılıb. Onlar qaba rəftara məruz qalıb və inzibati qaydada həbs ediliblər. Yerli məhkəmələr onların şikayətlərinin heç birini təmin etməyib.

Ərizəçilər Avropa Məhkəməsinə şikayətlərində birləşmək (maddə 11), ədalətli məhkəmə araşdırması (maddə 6), azadlıq və toxunulmazlıq (maddə 5) hüquqlarının pozulmasının tanınmasını, dəymiş zərərin kompensasiya edilməsini xahiş etmişdilər.

Bu işdə Avropa Məhkəməsi ərizəçilərin birləşmək, ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq hüquqlarının pozuntusunu tanıyıb. Məhkəmə qərarına əsasən, hökumət 3 ərizəçinin hər birinə 12 min avro (cəmi 36 min avro), hüquqi məsrəflərə görə isə cəmi 6 min avro ödəməlidir.

ETİRAZ AKSİYASI KEÇİRMƏK İSTƏYƏN İBRAHİMOVLARIN İŞİ

İkinci işdə isə şikayətçilər gənc fəallar Ağasif İbrahimov, Emin Fərhadi və Cəmil Hacıyevdir. Onlar 2011-ci ilin mayında «Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi» adından Bakıda etiraz aksiyası keçirmək istəyiblər. Polis onların planladığı aksiyanı zorla dağıdıb. İnzibati qaydada həbs edilən fəallara vəkilə çıxış imkanı verilməyib.

Bu işdə ərizəçilər birləşmək (maddə 11), ədalətli məhkəmə araşdırması (maddə 6), azadlıq və toxunulmazlıq (maddə 5) və ifadə azadlığı (maddə 10) hüquqlarının pozuntusunun tanınmasını, dəymiş zərərə görə təzminat ödənilməsini istəmişdilər.

Avropa Məhkəməsi bu işdə də hesab edib ki, ərizəçilərin birləşmək, ədalətli məhkəmə, azadlıq və toxunulmazlıq hüquqları pozulub. Məhkəmə bu işdə ifadə azadlığı hüququnun pozuntusunu tanımayıb. Məhkəmə qərarına görə, hökumət ərizəçilərin hər birinə 12 min avro (cəmi 36 min avro), hüquqi məsrəflərə görə isə 5 min 600 avro ödəməlidir.

Qərarlar Azərbaycan hökuməti şikayət verməzsə, 3 ay sonra qüvvəyə minəcək.

Son zamanlar Avropa Məhkəməsində Azərbaycanla bağlı çıxarılan qərarların sayı xeyli artıb. Beynəlxalq məhkəmə 2015-ci ildə Azərbaycanla bağlı hüquqların pozuntusunu tanıyan 30 qərar qəbul edib. 2014-cü ildə belə qərarların sayı 11 olmuşdu.

Avropa Məhkəməsi 2016-cı ildə Azərbaycanla bağlı ilk qərarını fevralın 4-də elan edib. Məhkəmə həmin qərarında jurnalist Hilal Məmmədovun hüquqlarının pozuntusunu tanıyıb.

XS
SM
MD
LG