Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:15

Rabitəçilərin 'korrupsiya işi' [araşdırma]


Rabitə və Yüksək Texnologiyalar nazirliyi
Rabitə və Yüksək Texnologiyalar nazirliyi

Keçmiş Milli Təhlükəsizlik Nazirliyində bir il əvvəl generalların silsilə həbs dalğası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) sıçrayandan sonra rabitə müəssisələrində məbləği milyonlarla manatla hesablanan mənimsəmə faktları barədə ittihamlar səsləndi. Respublika Prokurorluğunun o zamankı açıqlamasında təmir-tikinti işlərinə bağlı əməliyyatların rabitə sektorunun bosslarının özlərinin və yaxınlarının yaratdıqları şirkətlər vasitəsilə aparıldığı bildirilirdi.

Prokurorluq: «korrupsiya sxemi qurublar»

Baş Prokurorluq RYTN-in vəzifəli şəxslərinin, eləcə də qurumun strukturuna daxil olan rabitə müəssisələrinin («Aztelekom» MMC, «Azərpoçt» MMC, «AzİnTelekom» MMC və «Bakı Telefon Rabitəsi» İB) və özəl tikinti şirkətlərinin rəhbərlərinə qarşı qaldırılmış cinayət işinin istintaqının tamamlandığını, iş üzrə toplanmış materialların məhkəmə araşdırılmasına göndərildiyini bildirir. Baş Prokurorluğunun mətbuat katibi Eldar Sultanov AzadlıqRadiosu-na əlavə açıqlama verməyib. Məhkəmə prosesinin noyabrın 9-da başlanacağı bildirilir.

Bir il öncə isə Baş Prokurorluq bu iş üzrə mətbuata verdiyi məlumatda əksini tapan korrupsiya ittihamları müstəqil jurnalistlərin dövlət vəsaitlərinin talan olunması faktları üzrə araşdırmalarında göstərilən sxemlərdən çox da fərqlənmirdi.

Buna da bax:​ Azərbaycanda da korrupsiya ilə mübarizə başlanır?

Rəsmi məlumatda deyilirdi ki, dövlət əmlakının talanması məqsədi ilə rollar bölüşdürülməklə qeyd olunan qurum və şirkətlərin ayrı-ayrı vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsi təşkil olunub. Şəbəkəyə daxil olan şəxslər dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşmiş layihələri yaxın qohumlarının adına rəsmiləşdirilən, faktiki özlərinə məxsus şirkətlər vasitəsilə həyata keçirilməsi barədə saxta sənədlər tərtib ediblər. Bu zaman görülən xidmətlərin dəyəri dəfələrlə şişirdilib, yerinə yetirilməmiş işə görə ödəniş edilib. Prokurorluq 2009-2015-ci illərdə 71 milyon 263 min manat məbləğində dövlət vəsaitinin 21 milyon 379 min manatının bu rabitə strukturlarındakı şəbəkə üzvləri tərəfindən mənimsənildiyini iddia edir.

Jurnalist araşdırıb, amma prokurorluq yox

Dövlət vəsaitlərinin istifadəsində yol verilən qanun pozuntularından yazan araşdırmaçı-jurnalist Aytən Fərhadova deyir ki, indiyədək nə onun, nə də digər həmkarlarının faktlara əsaslanan müstəqil təhqiqatları prokurorluğun diqqətini cəlb edib. «Orda-burda günəmuzd işləməklə başını saxlayan Şamil Qandayev adlı bir şəxsin formal direktoru olduğu 15-ə yaxın şirkətin dövlət satınalmalarında «uğur tarixçəsini», onunla eyni bölgədən olan Dibirovların Balakəndə dövlət vəsaitlərinə asanlıqla çıxa bildiklərini araşdırmışdım. Birincinin əqli sağlamlıq problemi yaşadığını, ikincilərin isə indi ləğv olunmuş Satınalmalar üzrə Dövlət Komitəsində qohumunun olduğunu öyrənmişdim. Söhbət bir neçə milyon manat büdcə vəsaitinin dövlət təşkilatları tərəfindən bu şirkətlər vasitəsilə xırıd edilməsindən gedirdi. Nə təkzib istəyən oldu, nə də araşdırıb kimisə cəzalandıran». Aytən Fərhadova xatırlayır.

Buna da bax:​ Beynəlxalq Bank işi: 2 günə 17 milyonluq kredit götürülüb

Səs-küylü Beynəlxalq Bank işində səslənən ittihamların da bir qismi hələ 2010-cu ildə Azadlıq Radiosunun apardığı araşdırmada aşkara çıxarılan faktlarla bağlı idi. Amma hökumət o zaman bu faktlara məhəl qoymamış, onların araşdırılması üçün heç bir addım atmamışdı. Beynəlxalq Bankda korrupsiya və israfçılıqla bağlı istintaq da MTN-lə bağlı əsən rüzgarın dalğasında üzə çıxan işlərdəndir.

Mənimsəmədə adı çəkilən şirkət ləğv olunur

Rabitəçilərin işində isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xüsusi istintaq-əməliyyat qrupu yaradılmışdı. Qısa bir zamanda böyük bir dəstə irimiqyaslı korrupsiya əməlində ittiham edilərək həbs olundu.

Bu işdə adı gedən şəxslərdən biri «3 №-li Rabitə Təmir Tikinti» və «Rabitə Mülki Tikinti» MMC-lərin təsisçisi və direktoru Emin Məmmədovdur. Bu yaxınlarda o, həbsdə ola-ola «3 №-li Rabitə Təmir Tikinti» MMC-nin ləğvi ilə bağlı Vergilər Nazirliyində hüquqi prosedurlara başlayıb.

Buna da bax:​ Rabitəçilərin məhkəməsi cəmi bir həftə çəkdi

Barəsində cinayət işi başlanmış şirkətin ləğvinin hüquqi əsaslarını AzadlıqRadiosu-na şərh edən hüquqşünas Ramil Süleymanov deyir ki, təsisçi həbsdə ola-ola şirkəti barədə qərarlar verə bilər. Amma: «Təsisçinin həbsdə olması mülkiyyəti ilə bağlı qərarvermə hüququnu aradan qaldırmır. Onun sahiblik etdiyi hüquqi şəxs borcluları qarşısında özünün bütün öhdəliklərini icra edib tamamlayır və yalnız məhkəmə araşdırması başa çatdıqdan sonra fəaliyyətinə xitam verilə bilər».

Emin Məmmədov ittihamla razı deyil

Sahibkar Emin Məmmədovun vəkili Vüqar Xasayev AzadlıqRadiosu-na deyib ki, irəli sürülən ittihamlardan asılı olmayaraq, müvəkkili özünü təqsirli bilmir və ittihamı absurd sayır. «Çünki görülən işlər ortadadır, amma onlar nəzərə alınmayıb. Biz məhkəmədə ortaya çıxaranda ki, bu hallar gözardı edilib, istintaq orqanı tərəfindən şişirtmələrə yol verilib, əmsallar düz hesablanmayıb, dövlətin Emin Məmmədova borcu olacaq, nəinki əksinə, Emin Məmmədovun dövlətə».

Diqqəti çəkən məqam budur ki, prokurorluq Bakı Telefon Rabitəsi İstehsalat Birliyini (BTRİB) sifarişləri qeyri-şəffaf, formal tenderlər vasitəsilə verməkdə ittiham edir. AzadlıqRadiosu rəsmi məlumat resurslarını təhlil edərək müəyyən edib ki, həmin dövrdə dövlət satınalması üsulu ilə bağlanmış müqavilələrin siyahısında nə BTRİB-in, nə də digər dövlət rabitə müəssisələrinin «Bakı Rabitə Təmir Tikinti», «Təmir Təchizat Servis», «Optik Rabitə Tikinti və Quraşdırma», «3 nömrəli Rabitə Təmir Tikinti» və «Rabitə Mülki Tikinti» MMC-lərlə sözləşmələri haqda bilgi var. Bu o deməkdir ki, həmin sifarişlər, qanunla tələb olunan bir proseduru - tenderlərin Satınalmalar üzrə Dövlət Agentliyinin nəzarəti altında aparılması ilə bağlı normanı pozub.

Buna da bax: Rabitə işçisi: 'Hara deyiblər, ora da qol çəkmişəm'

Tender olmayıbmış

Vəkil V. Xasayev də təsdiq edir ki, tender prosedurları olmayıb. «Daxili kotirovka sorğuları olub. Müəyyən şirkətlərlə razılığa gəlinib və işlər görülüb. Nəzərə alın ki, Emin Məmmədov mütəxəssis rabitəçidir. Ona görə də çox işlər ona gördürülüb. Hətta icra edilmiş nə qədər iş var ki, pul verilmir. Başqa bir tərəfdən, şirkət öz vəsaiti hesabına işi gördükdən sonra 2 nömrəli forma tərtib olunub və sifarişçi tərəfindən pulu ödənilməlidir. İttiham tərəfi isə bunu əsas gətirib E.Məmmədovu əlavə olaraq CM-in mənimsəməyə cəhd maddəsi ilə də suçlayır».

AzadlıqRadiosu Emin Məmmədovun həm də «Qənnadı Məmulatları» MMC-nin direktoru olduğunu aşkar edib. Bu şirkətin indi işləyib-işləmədiyini isə ayırd etmək mümkün olmayıb.

Ünvanlar eyni, simalar eyni, şirkətlər fərqlidir

Onu da qeyd etmək yerinə düşər ki, prokurorluğun məlumatında adı çəkilən şirkətlərin ikisi («Bakı Rabitə Təmir Tikinti» MMC və «Təmir Təchizat Servis» MMC) ümumiyyətlə mövcud deyil. AzadlıqRadiosu Kommersiya Təşkilatlarının Dövlət Reyestrini təhlil edərək müəyyənləşdirib ki, əslində söhbət «Bakı Rabitə Tikinti Təchizat» və «Tikinti-Təmir Təchizat Servis» MMC-lərdən gedir.

Bu iş üzrə prokurorluğun ötənilki məlumatında o da deyilirdi ki, «Tikinti-Təmir Təchizat Servis» MMC-nin təsisçisi BTRİB-in baş direktoru Beytulla Hüseynovun həyat yoldaşıdır. Araşdırmalarımız həmin şirkətin hüquqi ünvan, direktor vasitəsilə rabitə sahəsində sifarişlər qazanan digər MMC-lərlə əlaqəli olduğunu göstərir.

Buna da bax:​ Rabitə Nazirliyində 10 nəfər tutulub- [rəsmi]

Dövlət reyestrinin məlumatına görə bu şirkət 2009-cu ilin fevralında Rüfət Hüseyn oğlu Quliyev tərəfindən yaradılıb. Sonrakı dövrdə şirkətin hüquqi ünvanı «Bakı Rabitə Tikinti Təchizat» MMC-yə və başqa şirkətlərə («Oda-123» MMC və başqaları) məkan olmuş Bakı şəhəri, Faiq Yusifov küçəsi, 13 nömrəli evə dəyişdirilib.

Rüfət Quliyev həm də bu ünvandakı «Avtonəqliyyat Y.Servis» MMC-ni 2008-ci ildə təsis edən dörd şəxsdən biridir. Şəriklərdən biri hazırda bu iş üzrə həbsdə olan Bayram Vəliyevdir. O, «Bakı Rabitə Tikinti Təchizat» MMC-nin direktoru işləyib.

Hazırda ləğv edilməkdə olan «3 nömrəli Rabitə Təmir Tikinti» MMC-in direktoru isə Yaşar Nəzərəliyevdir. Maraqlıdır ki, Y.Nəzərəliyev həm də Emin Məmmədovun sahibi olduğu «Rabitə Mülki Tikinti» MMC-nin direktorudur. Vəkil V. Xasayev AzadlıqRadiosu-na deyib ki, onun ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi üçün hər iki şirkətin vergi borcu E.Məmmədov tərəfindən ödənilib.

Adamlar həbsdə, ünvanlar işləyir

Y. Nəzərəliyevin biznesdə iştirakı bununla tamamlanmır. 2012-ci ildə Y. Nəzərəliyev mobil rabitə operatorlarını material və avadanlıqla təmin edən «Veqacell» MMC-ni təsis edib və onun rəhbəri olub. Bu şirkət yaxınlarda müəmmalı şəkildə ləğv edilib. Y. Nəzərəliyevin cinayət işinə cəlb edilib-edilməməsi haqda isə məlumat verilmir. AzadlıqRadiosu onun özündən bu məsələlərlə bağlı şərh ala bilməyib.

Buna da bax:​ Daha bir hay-küylü məhkəmə başlayır

Qeyd edək ki, məlum cinayət işi üzrə təsirləndirilən şəxslərin nəzarətində olan şirkətlərin hüquqi ünvanlarında başqa şirkətlər də («Rabitə Tikinti Quraşdırma Təchizat», «Rabitə Mülki Təsərrüfat», «Adatelekom», «SM-2006» MMC-lər) yerləşir və şirkətlərin bir ucdan yaradılması həbslərdən sonra da davam edib.

6 milyon manat vergi borcu

Vergilər Nazirliyinin məlumatına görə, barəsində cinayət işi davam edən şirkətlərdən «Bakı Rabitə Tikinti Təchizat» MMC dövlət büdcəsinə 188 256 manat, «Tikinti-Təmir Təchizat Servis» MMC-nin 76 126 manat borcu var. Lakin cinayət işində adı çəkilən «Optik Rabitə Tikinti və Quraşdırma» MMC-yə hesablanmış verginin məbləği heyrət doğurur. Onun 6 milyon 38 min 271 manat vergi borcu olduğu bildirilir. Bu şirkətin direktoru Namazalı Məmmədov həbs olunanadək həm də özəlləşdirmə nəticəsində yaradılmış «Rabitə-Tikinti» ASC-nin İdarə Heyətinin sədri vəzifəsini daşıyırdı.

Tender keçirmirlər, bəs malları necə alırlar?

Prokurorluğun rabitə müəssisələrinin satınalmalar sahəsində yol verdiyi pozuntularla bağlı ittihamlar irəli sürməsindən bir il ötür. Bu dövrdə «Aztelekom» MMC mal-material alınması ilə bağlı bir neçə kotirovka sorğusu keçirib, amma nəticələrini, hələ ki, elan etməyib. Qurum həm də tender.gov.az resursu vasitəsilə bu il öz vəsaiti hesabına tikinti-quraşdırma işləri ilə bağlı ümumi dəyəri 1 milyon 558,1 min manatlıq 5 satınalma təşkil edəcəyini açıqlamışdı. «Azərpoçt» MMC və BTRİB isə ümumiyyətlə bu dövrdə satınlamaları necə həyata keçirdikləri haqda suallarımızı cavablandırmayıblar.

Buna da bax: Baş mühasibin həbs müddəti uzadılıb

Hesabat da vermirlər

Bu təşkilatların maliyyə hesabatlılığı da şəffaflıq tələblərinə cavab vermir. «Aztelekom» MMC-nin son açıqladığı maliyyə hesabatı 2014-cü ilə, «Azərpoçt» MMC-nin isə 2012-ci ilə aiddir. İstisna BTRİB-dir. Bu günlərdə BTRİB 2015-ci il üzrə audit olunmuş maliyyə hesabatını korporativ saytında yerləşdirib. Geniş hesabatda Respublika Prokurorluğunun iddia etdiyi kimi mənimsənilən vəsaitlərin audit olunan dövrdə geri qayıtması haqda bir söz deyilmir.

Hesabata görə, BTRİB-in 2014-cü ilin sonuna məbləği 60,6 milyon manat olan kreditor borcu 2016-cı ilin əvvəlinə azalaraq 23,4 milyon manata çatıb. BTRİB-in 2 milyon 881,6 min manat məbləğində digər təşkilatlara olan borcunun isə silindiyi göstərilir. Maliyyə göstəricilərinə gəlincə, telefon və internet xidmətləri göstərən şirkətin 2015-ci ildə gəlirinin (67,3 milyon manat) 1,3 milyon manat artdığı, xərclərinin isə 7,3 milyon manat azaldığı bildirilir. BTRİB 2015-ci ildə əvvəlki ildəkindən 3 dəfə çox - 18 milyon manata yaxın əməliyyat mənfəəti qazanıb. Hesabatda belə əks olunub.

BTRİB-in maliyyə hesabatına müsbət audit rəyi vermiş sərbəst auditor Vəli Bayramov AzadlıqRadiosu-na deyib ki, mənimsənildiyi iddia olunan vəsaitlər konkretləşdirilməyib. «Kassadan çıxarılan vəsaitlər var ki, bunların bir qismi könüllü bərpa olunur. İstintaqı gedən vəsaitlər isə hələ qalır».

XS
SM
MD
LG