Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:06

Vəkil: 'Keçmiş nazir 6 milyon 836 min manat ödəyib'


Əli Abbasov
Əli Abbasov

Keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov tabeliyində işləmiş adamların işi üzrə istintaqda dindirilib və daha sonra da rəsmi şəkildə 6 milyon 836 min manat pul ödəyib.

Bunu nazirliyin Aparat rəhbəri olmuş Vidadi Zeynalovun vəkili Bəylər Məmişov noyabrın 16-da məhkəmədə deyib.

Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində Vidadi Zeynalov, «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, bu qurumun baş mühasibi Anar Mustafayev, «Bakı Rabitə Təmir Tikinti» və «Təmir Təchizat Servis» MMC-lərin direktoru Bayram Vəliyev, 3 nömrəli «Rabitə Təmir Tikinti» və «Rabitə Mülki Tikinti» MMC-lərin direktoru Emin Məmmədov, «Aztelekom» MMC-nin baş direktoru Məmməd Məmmədov və digərlərindən ibarət 11 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Buna da bax:​ Keçmiş baş direktor həkim nəzarətində

Bəylər Məmişov deyir ki, keçmiş nazir istintaqa 6 milyon 836 min manat ödəniş edib, amma onun nədə günahlandırıldığı, bu qədər böyük pulun ondan niyə alındığı bilinmir.

Vəkil deyir ki, nazirin müavini olmuş İltimas Məmmədov da istintaqda dindirilib, Vidadi Zeynalova ittihamlar da Əli Abbasov və müavininin ifadələri əsasında verilib.

Bu səbəbdən B. Məmişov keçmiş nazir Ə. Abbasovun məhkəməyə çağrılıb dindirilməsi haqda vəsatət qaldırıb.

NAZİRLİKDƏ İŞLƏMƏYƏNDƏ ALIBMIŞ

Bəylər Məmişov həmçinin Vidadi Zeynalovun özünə və yaxınlarına məxsus bir sıra əmlaklara qanunsuz olaraq həbs qoyulduğunu bildirib. Deyib ki, həmin əmlaklar əldə olunanda heç Vidadi Zeynalov nazirlikdə işə başlamamışdı: "Nəsib bəy Yusifbəyli küçəsindəki fərdi yaşayış evi 2004-cü ildə alınıb, 1994-cü ildə alınmış, 2001-ci ildə oğlunun adına keçirilmiş ev, İsmayıllıdakı fərdi torpaq sahələri 2006-2007-ci ildə alınıb, Lənkəranda olan torpaq sahəsi fərdi yaşayış evinin banka girov qoyulması ilə alınıb, Zeynalovun oğlunun işlədiyi İqtisad Universitetindəki fəaliyyətinə görə verilən bir otaqlı evə də həbs qoyulub.

Buna da bax:​ Rabitə Nazirliyinin Aparat rəhbərinin məhkəməsi başladı

Bacısının və digər yaxın ətrafının da əmlakına həbs qoyulub. Həmçinin Vidadi Zeynalovun babasının 1941-ci ildə tikdirdiyi fərdi yaşayış evinə də həbs qoyulub. Bütün bunlar hüquq pozuntularıdır. Məhkəmə bütün bunları nəzərə almalıdır".

Vidadi Zeynalovun o biri vəkilləri onun barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqda vəsatət qaldırıblar. Deyiblər ki, həbs qərarı Vidadi Zeynalovun ləyaqətinin alçaldılması, müdafiə hüququnun kobud şəkildə pozulmasıdır.

Vəkillər mətbuatda onun haqqında yazılanlara da etiraz ediblər: "İttiham aktında yazılanlar mətbuata ötürülüb. Biz ittihamın qərəzli hazırlandığını bildiririk".

Sabiq aparat rəhbərinin vəkilləri onun səhhətinin ağır və acınacaqlı olduğunu, bel və diz nahiyəsindən əməliyyat edildiyini söyləyiblər.

Buna da bax: Keçmiş aparat rəhbərinin xəstə olduğu deyilir

“EV DUSTAQLIĞINA BURAXILSINLAR”

Digər təqsirləndirilənlər Anar Mustafayev, Namazəli Məmmədovun vəkilləri də onların ev dustaqlığına buraxılması haqda vəsatətlər veriblər.

"Anar Mustafayev evin yeganə qazanc gətirəni olub. Biz müəyyən bir məbləğin ödənilməsi ilə razıyıq. Ancaq istintaq zamanı yazılan məbləğ şişirdilib",onun vəkili bildirib.

Namazəli Məmmədovun vəkili də əmlaklara həbs qoyulmasına etiraz edib: "Namazəli Məmmədovun 10 əmlakına həbs qoyulub. Həmin əmlaklar 2009-cu ildə əldə edilib. Onlara həbs qoyulması qanunsuzluqdur. N. Məmmədovun 96 yaşlı anasının, xəstə övladının yaşadığı evə də həbs qoyulub. Həmin ev də "Rabitəbank"da girovdadır. Müvəkkilimin banka 2 milyon borcu var. O, ev dustaqlığına buraxılsa belə, ölkəni tərk etmək imkanı olmayacaq. O, evin yeganə qazanc gətirən üzvüdür. Ev dustaqlığına buraxılarsa, dəymiş ziyanı ödəyə bilər".

Buna da bax:​ Əli Abbasovu bitirən səbəb

Vidadi Zeynalov vəsatətlərə münasibət bildirərkən deyib ki, işin yenidən istintaqa qaytarılmasını istəmir: "Bəzi vəkillərin ürəyi yanıb deyir ki, qanunsuzluğun aradan qaldırılması üçün iş istintaqa qaytarılsın. Ancaq yenə də orada qanunsuzluq olacaq. Ən yaxşısı, bu iş burada araşdırılsın".

HƏBS MÜSADİRƏ DEYİL

Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərə münasibət bildirərkən deyib ki, təqsirləndirilən şəxslərin, o cümlədən Vidadi Zeynalov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə heç bir əsas yoxdur.

Prokuror bir sıra əmlakın üzərinə qanunsuz həbs qoyulmasına dair vəkillərin iradlarına da cavab verib. Deyib ki, bu məsələ ilə bağlı yekun qərar məhkəmə araşdırmalarının sonunda verilə bilər: «Təqsirləndirilən şəxslər külli miqdarda mənimsəmədə ittiham olunurlar. İndiki mərhələdə onların əmlakının müsadirəsindən söhbət getmir. Həbs qoyulması hələ müsadirə demək deyil. Yalnız məhkəmə hökmündən sonra əmlakla bağlı nəticə məlum olacaq. Ona görə də hesab edirəm ki, indiki mərhələdə əmlakların üzərindən həbsin götürülməsi məsələsi müzakirə edilməməlidir».

Dövlət ittihamçısı sabiq nazir Əli Abbasovun məhkəmədə dindirilməsi haqda vəsatətin baxılmamış saxlanılmasını istəyib. Qeyd edib ki, əvvəlcə ittiham aktında adları olan əsas şahidlər dindirilməlidir. Bu mərhələ yekunlaşandan sonra əlavə şahidlər dindirilə bilər: «Zərurət yaranarsa, adıçəkilən şəxslər də əlavə şahid kimi dindirilə bilər. Bu baxımdan, hesab edirəm ki, bu vəsatət də baxılmamış saxlanmalıdır».

Prokuror çıxışının sonunda işin məhkəmə baxışına verilməsini təklif edib. Müşavirədən sonra hazırlıq iclasının qərarını elan edən hakimlər vəkil vəsatətlərinin heç birini təmin etməyib. İş üzrə məhkəmə baxışı noyabrın 25-nə təyin olunub.

Məhkəmə prosesində o da məlum olub ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu quruma dəymiş ziyanın əvəzi olaraq, təqsirləndirilən şəxslərə qarşı 163 milyon manatlıq mülki iddia qaldırıb.

XATIRLATMA

İttihama görə, rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və s. işlərin yerinə yetirilməsi üçün hesablara köçürülən vəsaitlərin, işlərin həcmindən asılı olaraq, 35-45 faizi nağdlaşdırılaraq Beytulla Hüseynova verilib. Bu cür üsullarla 21 milyon 379 min manatın mənimsənildiyi iddia olunur.

Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov 73 milyon 590 min manat vəsaitin mənimsənilməsində suçlanır.

Buna da bax: Rabitə Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub

Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. B.Hüseynov Nizami Telefon Qovşağının işçilərinin məhkəməsində şahid qismində ifadə verərkən bildirmişdi ki, nazirlikdə rəhbərlikdən gələn göstərişlə təmir-tikinti xərcləri şişirdilib və 23-25 faiz artıq yazılıb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG