Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:49

'2 milyon nazirə, milyonyarım da müavinə verdim'


Rabitə nazirliyinin binası
Rabitə nazirliyinin binası

Keçmiş rabitə və yüksək texnologiyalar nazirinin göstərişi ilə təmir-tikinti xərcləri 20-25 faiz şişirdilib, bu puldan 11 milyon vergi işçilərinə çatıb

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri də daxil, çox sayda vəzifəli şəxs haqqında cinayət işi başlanmasına səbəb olub. Söhbət "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktoru olmuş Beytulla Hüseynovdan gedir. Bu məsələ "Rabitəçilər işi" üzrə ittiham aktında da əksini tapıb.

Beytulla Hüseynovun özü də həbs olunan rabitəçilər arasındadır.

Eldar Mahmudovun qohumunun ifadəsilə başlanan cinayət işi

Məlum olur ki, ötən il oktyabrın 17-də - Eldar Mahmudov vəzifəsindən azad edilən kimi, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN-in vəzifəli şəxsləri barədə cinayət işi başlanıb. Oktyabrın 20-də istintaqa Beytulla Hüseynovu da çağırıblar. O, ifadəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verənlərdən danışıb. Bu ifadə əsasında da "Rabitəçilər işi"nə start verilib.

Buna da bax: Rabitəçilərin 'korrupsiya işi' [araşdırma]

Beytulla Hüseynov
Beytulla Hüseynov

Əvvəlki bir neçə gündə "MTN-çilər""Rabitəçilər"in istintaqı birlikdə aparılıb. Sonradan "Rabitə işi" ayrılıb və Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.

"Rabitəçilərin işi"ndə MTN-in vəzifəlilərinə aylıq pul vermələri barədə ifadələr yer aldığından, qurumun Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi olmuş general-mayor Sübahir Qurbanov, Monitorinq Xidmətinin sabiq rəisi general-mayor Teymur Quliyev də bu işə cəlb olunub. Amma bir müddət sonra onların işi ayrılıb.

Kabinetdən 21 min manat tapılıb

Milyonlarla mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanan Beytulla Hüseynov oktyabrın 20-də - saxlanıldığı gün, kabinetindəki seyfdən 20 min 960 manat pul götürüldüyü bildirilir. Ona verilən ittihamlardan biri də budur ki, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin tabeliyindəki qurumlarda, o cümlədən müxtəlif rayonların telefon qovşaqlarında təmir-tikinti işləri zamanı və avadanlıq alınarkən xərclər şişirdilib. Beləcə, dövlət büdcəsindən ayrılmış milyonlarla manat mənimsənilib.

Beytulla Hüseynov xərclərin şişirdilməsini inkar etməyib, amma buna özbaşına qərar vermədiyini bildirib. Xərclərin şişirdilməsindən əldə olunan vəsaitin də əsas hissəsi keçmiş nazir Əli Abbasovun özünə çatıb.

Keşmiş nazir Əli Abbasov
Keşmiş nazir Əli Abbasov

Şişirdilən xərclərdən kimə nə qədər çatıb?

Əvvəllər Naxçıvanda çalışan, 1998-ci ildən Bakının Qaradağ, Xəzər, Nizami və Xətai rayonlarının telefon qovşaqlarına rəhbərlik edən Beytulla Hüseynov 2005-ci ilin aprelindən ötən il həbs edilənədək "Bakı Telefon Rabitəsi" İB-nin baş direktoru olub. Bu birliyin tərkibində 11 struktur, o cümlədən 6 rayon qovşağı, "Azevrotel" də var.

O, ifadəsində deyib ki, 2009-2015-ci illərdə nazirliyin rəhbərliyi ona təmir-tikinti işləri, alınan mallar, avadanlığın qiymətinin 20-25 faiz artırılması, əldə olunan vəsaitlərin 80 faizinin nazirliyə çatdırılması haqda göstəriş verib:

"Mən də bu əmri icra etmək məqsədilə qiymətlərin 20-25 faiz artırılması barədə telefon qovşaqlarının rəhbərlərinə, iş görən təşkilat kimi, "Bakı Rabitə Tikinti Təmir" MMC-nin direktoru Bayram Vəliyevə, "Rabitə Mülki Tikinti" MMC-nin direktoru Emin Məmmədova göstəriş vermişəm. Onlar da qiymətləri 20-25 faiz artıraraq, əldə olunan vəsaitin 5 faizini telefon qovşaqlarının rəislərinə, 0,5 faizini qovşaqların baş mühasib və baş mühəndislərinə veriblər. Mal-material xərcini, əməkhaqqı xərclərinı çıxandan sonra qalan pul da "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayevə çatdırılıb.

Nazir Əli Abbasovun tapşırığı əsasında Anar Mustafayev hər ayın sonunda görülən işlər, qiymət artımından əldə olunan vəsait barədə Nazirliyin aparat rəhbəri Vidadi Zeynalova məlumat verib. Vidadi Zeynalov bu və xərclənən vəsaitə dair məlumatı təkrar hesablayıb. Hətta bir neçə dəfə özüm də şəxsən nazir Əli Abbasova veriləcək vəsaitin miqdarı barədə hesabat vermişəm".

Onun sözlərinə görə, bu yolla illərcə nazirlikdə rəhbərliyə çatdırılan məbləğ toplam 10 milyon manat olub.

Beytulla Hüseynov deyir ki, qiymətlərin artırıması ilə əldə edilən vəsaiti rəhbərliyə çatdırandan sonra qalan vəsaitdən birliyin baş mühasibi Anar Mustafayevə ayda "konvert" olaraq 7 min manat, birliyin əməkdaşlarından şöbə rəislərinin hərəsinə 500-700 manat olmaqla, ümumilikdə hər ay 4-5 min manat pul verib.

"Mənə cəmi 1 milyon 200 min çatıb"

Dediyinə görə, bundan əlavə, keçmiş nazir Əli Abbasova ev alması üçün 2 milyon manat, indi də nazir müavini çalışan İltimas Məmmədova isə ev tikintisindən ötrü 1,5 milyon manat verib.

Əli Abbasovun göstərişi ilə müxtəlif tədbirlərə 1 milyon manat xərclədiyini, Bayram Vəliyev və Emin Məmmədov vasitəsilə vergi əməkdaşlarına 11 milyon manat verdiyini deyən Beytulla Hüseynov öz qazancından da danışıb. Bildirib ki, qiymətlərin artırılması ilə əldə olunan vəsaitdən şəxsən özünə hər ay 25-30 min manat olmaqla, toplam 1 milyon 200 min manat pul qalıb. O, həminpulu şəxsi ehtiyaclarına sərf edib. Amma nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalovun "PLZ", keçmiş nazir Əli Abbasovun "Qafqaz S" şirkətləri vasitəsilə qiymətlərin artırılmasından əldə olunan puldan ona heç nə çatmayıb.

XS
SM
MD
LG