Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:47

General: 'Kişi kimi 3 maddə verin... razı olacağam'


General Akif Çovdarov.
General Akif Çovdarov.

MTN generallarının işindəki zərərçəkmişlər arasında polislər də var. Onlardan biri Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı Neman Kərimov yanvarın 18-də məhkəmədə dindirilib.

Neman Kərimov 2009-cu ildə dayısıoğlu Elvin Mövsümov və 2 qız tanışı ilə birlikdə "Elit" otelində istirahətdə olarkən, MTN əməkdaşlarının gələrək, onları nazirliyə apardığını deyib.

Onun istintaqdakı ifadəsinə görə, MTN-də polkovnik Səlim Məmmədov və Elçin Çıraqov ondan 250 min tələb edərək, axırda 80 mində dayanıblar. Dayısı gətirib 80 min manatı verəndən sonra onu və dayısıoğlunu buraxıblar.

Buna da bax:​ Akif Çovdarovun kürəkəni dindirildi

Neman Kərimov istintaqda MTN generalı Akif Çovdarovun adını çəkməsə də, məhkəmədə onun da bu məsələdən xəbərdar olduğunu, dayısının şəxsən onunla danışıb razılaşdığını bildirib və deyib ki, 250 min manatı Çovdarov istəyib.

Neman Kərimovun sözlərinə görə, MTN-ə gətirilmə səbəbi kimi, 30 min borclu olduğu Sevinc Məmmədovanın ondan şikayətini əsas göstəriblər.

Polis məhkəmədə MTN-də onu döydüklərini də deyib.

Buna da bax: Çovdarov: 'Yalan deyəni söyərdim, heyf ki, zalda qadınlar var'

Çovdarovdan polisə narkotik suçlaması

Akif Çovdarov polisin yalan danışdığını bildirərək, deyib ki, hər yolötənin gətirilib onun əleyhinə danışdırılmasına etiraz edir: "Mən əvvəldən də istintaqda demişəm ki, həbs ediləcəyimi bilirəm. Əsasız ittihamla da tutulacağımı bilirəm. Zərərçəkmişlərin sayını artırmaqla, yalan şahidlər gətirməklə ajiotaj yaratmaq lazım deyil. Kişi kimi 3 maddə verin, əsassız da olsa, mən onlara qol çəkəcək, razı olacağam. Burada - məhkəmədə də deyirəm. Yoxsa hər adamı gətirib mənim üzümə qoymayın”.

Çovdarov bildirib ki, Neman Kərimovun dayısını bir tanışının xahişi ilə qəbul edib: "Mənim yaxın dostum var. Həmin şəxs məndən xahiş etdi ki, Zakir müəllimi qəbul edim. Zakir müəllimlə görüşəndə o dedi ki, Neman onun bacısını çərlədib öldürüb. Bacısının oğlu Nemana görə intihar etdiyini dedi. Mənə bildirdi ki, yanıma bacısıoğlu Nemana görə yox, bu işdə saxlanılan öz oğlu Elvinə görə gəlib. Xahiş etdi ki, onlara kömək edim".

Buna da bax:​ MTN-də məmur-biznesmendən 1 milyon istəyib, 300 min alıblar

MTN generalı polis əməkdaşının 30 min manat borca görə saxlanılmadığını deyib. Onun sözlərinə görə, Neman Kərimovda narkotik olması haqda MTN-ə məlumat daxil olub və bu səbəbdən əməliyyat keçirilib.

Məhkəmə yanvarın 23-də davam edəcək.

Xatırlatma

Akif Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Buna da bax: 'Telefonlar E.Mahmudovun tələbnaməsi əsasından dinlənilib'

Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG