Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:22

«Azərbaycanda muzdlu jurnalistika bərqərar olub»


Mehman Əliyev 2008-ci ildə Azərbaycan mediasında yalnız mənfi tendensiyaların göründüyünü bildirir
Mehman Əliyev 2008-ci ildə Azərbaycan mediasında yalnız mənfi tendensiyaların göründüyünü bildirir
2008-ci ildə Azərbaycan yenə də beynəlxalq qurumların hesabatlarında söz azadlığının ən çox boğulduğu ölkələr sırasında yer aldı. «Freedom House», «Human Rights Watch», «Sərhədsiz Reportyorlar» Azərbaycanı medianın azad olmadığı, söz azadlığına təzyiqlərin artdığı ölkələrə aid etdilər.

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, 2008-ci ildə Azərbaycanın müstəqil mediasını susdurmaq üçün 1998-ci ildən başlayan cəhdlər bir qədər də aqressivləşdi. 2008-ci ildə «Azadlıq» qəzetinin reportyoru Aqil Xəlilin öncə döyülməsi, sonra bıçaqlanması, ardınca isə ona qarşı kampaniya iqtidarın beynəlxalq təzyiqlərə baxmayaraq, ölkədə azad mətbuatı birdəfəlik susdurmaq cəhdlərindən geri çəkilmədiyini sübut etdi. A.Əliyev deyir ki, 2008-ci ildə də hakimiyyətin telekanalları bütünlüklə nəzarətə keçirməsi vətəndaşların hakimiyyətin xeyrinə birtərəfli informasiya basqısı altında qalmasına səbəb olub:

«Cəmiyyət üçün ən ağır təhlükəli yaşantılardan biri depressiyadır, ictimai müzakirələrin olmamasıdır. Bir cəmiyyət ki, daim birtərəfli informasiya hücumunun təsiri altındadır orada düşüncənin, maraqlı həyatın inkişafını görmək mümkün deyil».

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də 2008-ci ildə Azərbaycan mediasında yalnız mənfi tendensiyaların göründüyünü bildirir:

«Hakimiyyət nəzarətə götürdüyü KİV-lərin maliyyələşdirilməsini gücləndirdi. Fantastik həcmdə pullar buraxdı mediaya. Jurnalist həmrəyliyinin darmadağın olunması, jurnalist qurumlarında sağlam olmayan mühitin formalaşması prosesi gücləndi. Məncə, onlar müstəqil Azərbaycan jurnalistikasını, gerçək jurnalistikanı satıblar. Azərbaycanda muzdlu jurnalistika bərqərar olub».

«Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov isə deyilən fikirlərlə razı deyil. O deyir ki, 2008-ci ildə media sahəsində böyük uğurlar əldə olunub, hakimiyyət ölkədə azad sözün inkişafı üçün ciddi addımlar atıb. B.Sadıqov iki prezident sərəncamını dediklərinə misal gətirir:

«Bu sərəncamlardan biri 30 qəzet və 8 informasiya agentliyinin hər birinə 5 min manat yardım ayrılması ilə bağlıdır. İkincisi isə Azərbaycanda «Medianın inkişafına dövlət dəstəyi konsepsiyası» adlı ciddi bir sənədin qəbul edilməsi. Bu sənəd Azərbaycanda müstəqil mətbuatın inkişafına, onun maddi-texniki bazasının möhkəmlənməsinə xidmət edən bir sənəddir».

«Yeni Müsavat» qəzetinin köşə yazarı Zamin Hacı isə həmin sərəncamları medianın rəsmən satın alınmasının təsdiqi sayır. Deyir ki, əgər hakimiyyət gerçəkdən azad medianın inkişafını istəsəydi, onu «çirkli pullar»ın ümidinə möhtac qoymaz, media qurumlarının iqtisadi asılılığını azaltmaq üçün mühit yaradardı:

«Bu il neft gəlirlərindən Azərbaycan jurnalistləri üçün də pay ayrılması ilə yadda qaldı. Bir çox jurnalist qurumları, o sıradan jurnalistlər qələmlərini hakimiyyətə satdılar. Ümid edək ki, gələn il neftin qiyməti ucuzlaşandan sonra hakimiyyət o yazarların qələmlərini özlərinə qaytaracaq».

Z.Hacı Azərbaycan mediasının 2009-cu ilə olduqca ciddi problemlər daşıdığını deyir. Onun fikrincə, bu problemlər o qədər dərindir ki, onların çözümü yalnız birbaşa siyasi qərarlardan asılı qalıb.

A.Əliyev isə bir qədər nikbin danışır. Deyir ki, son illər inkişafda olan internet mediasına nəzarət imkanlarının çətinliyi Azərbaycanda azad sözü bütünlükdə boğmaq istəklərini heçə endirir. Onun fikrincə, indi Azərbaycanda azad fikrin, alternativ informasiyanın cəmiyyətə çatdırılmasını istəyənlər bu sahənin inkişafına çalışmalıdırlar.
XS
SM
MD
LG