Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:57

«Sovetin pis təşəbbüsləri Azərbaycanda bərpa olunur»


İlqar Məmmədov: «Fərqli düşüncə sahiblərini güllələmək mümkün olmayanda, onları həkimlər məhv edirdi»
İlqar Məmmədov: «Fərqli düşüncə sahiblərini güllələmək mümkün olmayanda, onları həkimlər məhv edirdi»
Dinlə

«Sovet dövrünün pis təşəbbüsləri Azərbaycanda yenidən bərpa olunur. Az-çox etiraz edənləri yenə də psixi xəstəxanaya göndərməklə hədələyirlər». Naxçıvan Muxtar Respublikasında baş verən bir hadisəni radiomuzun saytında oxuyan politoloq İlqar Məmmədov «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına belə deyib.
Xatırladaq ki, Sədərəkdə övladlarının polis bölməsində döyülməsinə etiraz edən iki valideyn psixi xəstəxanaya göndərilməklə təhdid olunub. Polis əməkdaşları tələb edir ki, valideynlər şikayət ərizəsini geri götürsünlər.

Politoloq İlqar Məmmədova görə, bu hadisə sovet dönəmini xatırladır: «Fərqli düşüncə sahiblərini güllələmək mümkün olmayanda, onları həkimlər məhv edirdi. Sovet psixiatriyası 70-ci, 80-ci illərdə dünyada buna görə tanınırdı. SSRİ-ni tərk etmək istəyənləri, rəhbərliyin ünvanına irad söyləyənləri, öldürülməsi mümkün olmayanları psixiatrların yanına göndərirdilər. Həkimlər onları sındırır, məhv edirdi».

Politoloq deyir ki, 1991-dən bura Azərbaycanda belə hadisələr olmurdu. Bu da Azərbaycandakı azadlıq hərəkatının qələbəsiydi, çünki, hakimiyyətin hərəkətlərinə ictimai müqavimət vardı.

«Amma zamanla bu müqavimət yoxa çıxıb. Və KGB generalının oğlu İlham Əliyev o təcrübənin bərpasına başlayır. Azərbaycanı geri aparan pis təşəbbüslər yenə də Naxçıvanda sınaqdan çıxarılır. Alçaq təcrübədir. Azərbaycan siyasi sisteminin hansı yöndə inkişafını həm də həmin təcrübənin bərpası göstərir».
İlqar Məmmədov deyir ki, əgər buna ictimai müqavimət olmasa, Naxçıvanda baş verənlər xarici mətbuatda işıqlandırılmasa, sovetlərdən qalma ənənə – etirazçıların psixi xəstəxanaya göndərilməsi və ya bununla hədələnməsi Azərbaycanın başqa yerlərində də yayıla bilər. İndiyə kimi özünü qorunmuş sayan adamlar (qəzetçilər, müxalifət liderləri də daxil olmaqla) «yeni köhnə repressiya»nın qurbanı ola bilərlər.

İki il əvvəl Naxçıvanda prezidentə şikayət yazan Ələsgər İsmayılov da psixi xəstəxanaya göndərilmişdi. Yerli mütəxəssislər onu məcburi qaydada Bakıya gətirmiş və ona paytaxtda psixi diaqnoz qoyulmuşdu.
XS
SM
MD
LG