Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:20

«Evinizdə sınaqdan çıxarmayın»


Hillari Klinton Corc Mitçeli İsrail-Fələstin münaqişəsinin həlli üçün xüsusi elçi təyin edib
Hillari Klinton Corc Mitçeli İsrail-Fələstin münaqişəsinin həlli üçün xüsusi elçi təyin edib
Qəzza bölgəsində gərginlik davam etdikcə ABŞ rəsmiləri bu münaqişənin həlli istiqamətində müxtəlif addımlar atmağa çalışırlar.

Belə addımlardan biri kimi ABŞ-ın təzə təyin olunmuş Dövlət katibi Hillari Klinton İsrail-Fələstin münaqişəsinin həlli üçün xüsusi elçisini təyin edib. Bu elçi Corc Mitçell olacaq.

ABŞ-da Dövlət katibinin müxtəlif məsələlər üzrə çoxsaylı «xüsusi elçilər» təyin etməsini o qədər də müsbət qarşılamırlar. Bəzən bu cür təyinatları mənasız, yaxud qeyri-effektiv adlandıranlar da olur.

Lakin əks fikrin tərəfdarları da az deyil. Fevralın 4-də «Nyu York Times» qəzeti bu nöqteyi-nəzəri əks etdirən məqalə dərc edib. «Bunu evinizdə sınaqdan çıxarmayın» başlıqlı məqalənin müəllifi ABŞ-ın tanınmış jurnalisti və Yaxın Şərq üzrə mütəxəssisi Tomas Fridmandır. Məqaləsini münaqişə yerindən - Fələstində Qərb sahilinin Cenin şəhərindən yazan T.Fridman iddia edir ki, problem o qədər mürəkkəb və dolaşıqdır ki, məsələnin həlli üçün ayrıca departament yaradılsa belə, görüləsi işlər kifayət qədərdir.

Bu baxımdan yazı müəllifi ironiya ilə iddia edir ki, münaqişənin həlli üçün nəinki Corc Mitçeli xüsusi elçi təyin etmək olar, hətta «Bill və Çelsini, habelə Cim Beyker və Cimmi Karteri də məsələnin həllinə qoşmaq olar». Yazıda diqqəti cəlb edən cəhət Fridmanın İsrail-Fələstin münaqişəsinə verdiyi yığcam, lakin maraqlı baxış bucağıdır. Müəllif münaqişə tərəflərinin yaratdığı problemləri öz-özünə bölünən və artan amöbə bənzədərək yazır:

«Fələstinlilər Qərb sahili və Qəzza arasında bölünüblər. Fələstin hakimiyyəti Qərb sahilindəki Ramallahda yerləşib, fundamentalist Həmas hökuməti isə Qəzzada qərar tutub. Ancaq Həmas də öz növbəsində hərbi və siyasi qanadlara bölünüb. Siyasi qanad da öz növbəsində Qəzzada və Dəməşqdə yerləşən rəhbərlik arasında bölünüb ki, sonuncusu öz əmrlərini həm Suriyadan, həm də İrandan alır. Qəzzadakı fələstinlilər eyni zamanda həm İsraillə Qahirədə atəşkəs danışıqları aparırlar, həm İsrailə qarşı Avropada müharibə cinayətləri hüquqi iddiası ilə iş qaldırırlar, həm Sinay dağında tunellər qazmaqda davam edirlər ki, Qəzzaya yeni raketlər gətirib Təl-Əvivi vursunlar, həm də İranda pul toplamağa çalışırlar ki, dağıntıları aradan qaldırsınlar.
Fridman ironiya ilə yazır ki, pişik otarmaq, prezident Obamanın zəhərli maliyyə borclarını saxlamaq üçün yaratmaq istədiyi «pis banklar»dan birinə rəhbərlik etmək İsrail-Fələstin münaqişəsinin həlli işi il məşğul olmaqdan daha yaşı olar...
Bu müddət ərzində Fələstinin Qərb sahilindəki rəhbərliyi ictimaiyyət qarşısında Qəzzaya İsrail müdaxiləsi nəticəsində zülmə məruz qalmış Fələstin mülkiləri üçün yemək və yorğan toplayır. Gizlində isə İsrail rəsmilərini sorğu-suala tutur ki, niyə görə Təl-Əviv qorxdu və Qəzzada Həması yer üzündən silmədi (cəhənnəmə ki, itkilər var)». Münaqişə ərzində İsraildə baş verənlərin də təsviri eyni dərəcədə paradoksal və maraqlıdır:

«İsrail Baş nazirinin, Xarici İşlər nazirinin və Müdafiə nazirinin hər birinin fərqli sülh planı, Qəzza üçün özəl müharibə strategiyası və atəşkəs şərtləri var. Və Xarici İşlər naziri ilə Müdafiə naziri çərşənbə axşamı keçiriləcək seçkilərdə bir-birinə qarşı yarışacaqlar. Bu seçkilərdən söz düşmüşkən, ən çox müvəffəqiyyət şansı Aviqdor Libermanın başçılıq etdiyi və qatı anti-ərəb meyllənməsinə görə «faşistlikdə» ittiham olunan yeni bir siyasi partiya - Yisrael Beyteynu partiyasındadır. Çox güman ki, İsrailin növbəti hökuməti məhz bu partiyanın diqtəsi ilə yaradılacaq. Ötən gün isə «Haaretz» qəzeti Leyborist Partiyasının lideri Ehud Barakdan sitat gətirmişdi. Hansında ki, o, Libermanı qırğı qiyafəsinə girmiş quzu adlandırırdı və sual edirdi: O, nə vaxt kimisə güllələyib?» Tomas Fridmanın fikrincə, münaqişə həddən artıq uzun çəkdiyinə görə, xırda-xırda hissələrə bölünüb - fraqmentləşib. Bu fraqmentləşmə, müəllifin fikrincə, konflikt coğrafiyasında da öz əksini tapıb. İsrail düşərgələrinin qorunması üçün Fələstin ərazisi xırda-xırda hissələrə bölünüb və ortalıqda o qədər sərhədlər və nəzarət-buraxılış məntəqələri var ki, «fələstinli Yerusəlimdən Parisə daha tez uça bilər, nəinki həmin şəhərdən cənubda yerləşən Ceninə maşınla gedib çatar». Müəllif yazır ki, münaqişə ərzində fələstinlilər hər bir ideyadan - panərəbizm, kommunizm, islamçlıqdan istifadə ediblər ki, dövlətçiliklərini qurub çiçəklənə bilsinlər. Bütün bu ideyalar gəlib-gedib, amma məqsədə nail olunmayıb.

Ona görə də, Fridman iddia edir ki, hazırda fələstinlilər öz ailələri, şəhərləri, klanları və qəbilələrinə qapılıb durublar. İsrail əhalisində isə puç olmuş sülh ümidləri dini radikalizmə gətirib çıxarıb.

T.Fridman yazır ki, bu yaxınlarda İsrail ordusunda dövriyyəyə buraxılmış ravvin sorğularının birində belə bir sual qoyulurdu:

«Müasir fələstinliləri keçmişin fələstinlilərinə nə dərəcədə bənzətmək olar? Və əgər belədirsə, keçmişin dərsləri kimi Samson və Davudun hərbi taktikasından nə dərəcədə istifadə etmək olar?» Müəllif bütün bu misalları çəkəndən sonra ritorik sual edir:

«Kim axı bunu düzəldə bilər?»

Fridman ironiya ilə yazır ki, pişik otarmaq, prezident Obamanın zəhərli maliyyə borclarını saxlamaq üçün yaratmaq istədiyi «pis banklar»dan birinə rəhbərlik etmək İsrail-Fələstin münaqişəsinin həlli işi il məşğul olmaqdan daha yaşı olar. Və əgər Corc Mitçell bu işi boynuna götürmək istəyirsə, Allah ona kömək olsun.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG