Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:50

Generalın qətlində Şəmkir izi...


Ü.Cəfərli deyir ki, istintaq ictimaiyyətə məlumat vermədikcə, söz-söhbətlər həmişə dolaşacaq
Ü.Cəfərli deyir ki, istintaq ictimaiyyətə məlumat vermədikcə, söz-söhbətlər həmişə dolaşacaq
General-leytenant Rail Rzayevin qətlindən sonra gözə görünməyən hüquq-mühafizə orqanlarının başçıları işə qayıdırlar. Respublika Prokurorluğundan verilən məlumata görə, artıq Baş prokuror Zakir Qaralov iş başındadır, onun qısamüddətli məzuniyyəti başa çatıb.

Ölkə xaricində ezamiyyətdə olan Müdafiə nazirininsə bu həftə işə qayıdacağı deyilir.

Bu haqda «Azadlıq» radiosuna Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.

E.Sabiroğlu onu da deyir ki, R.Rzayevin qətliylə bağlı Müdafiə Nazirliyinin Baş qərargah rəisi Nəcməddin Sadıqovun və başqa yüksək rütbəli şəxslərin dindirilməsi haqda deyilənlər həqiqətəuyğun deyil.

Amma mətbuat başqa ehtimallar da səsləndirməkdədir.

«Yeni Müsavat» qəzeti yazır ki, R.Rzayev qətlindən bir gün əvvəl Hərbi Prokurorluğa çağırılıbmış. Qəzet iddia edir ki, Rzayevin xidməti işində bəzi problemlər varmış.

«Yeni Müsavat» bir il əvvəl Şəmkirdəki hərbi hissələrdən birində başlanmış istintaqı xatırladır.

Eldar Sabiroğlu

Silahlı Qüvvələrdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Telman Əbilov deyir ki, bu istintaqla qətl arasında əlaqə axtaranları başa düşmək olar. Çünki məhz bu işə görə, R.Rzayev dəfələrlə istintaqa çağırılıb:

«Çox istədilər ki, istintaq hərbi hissənin komandirinin həbsiylə məhdudlaşdırılsın. Amma bir ucu gəldi HHQ və HHMQ-nin komandanının müavininə - Mehdi Abbasova. Amma sonradan hansı yollasa o, şərti cəzayla azadlığa buraxıldı».

Yada salaq ki, düz bir il əvvəl Hərbi Prokurorluq Şəmkirdəki hərbi hissələrdən birində mənimsəmə halları ilə bağlı istintaqa başlamışdı. Nəticədə hərbi hissənin komandiri və daha 15 nəfər zabit həbs edilmişdi. Amma o zaman həmin hərbi hissənin tabe olduğu Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayevin də istintaqa cəlb olunması ilə bağlı məlumatlar təkzib edilmişdi. Bununla belə, Müdafiə naziri orda daxili araşdırmalar aparıldığını demişdi.

«Hərbi Prokurorluqda başlanan istintaqla Rail Rzayevin ölümü arasında əlaqə yoxdur».

Üzeyir Cəfərli

Bunu isə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən deyirlər. Amma istintaqla bağlı əlavə məlumat vermək istəmirlər.

Keçmiş hərbçi Üzeyir Cəfərli də əmindir ki, generalın qətliylə bu istintaq işi arasında bağlılıq yoxdur. Baxmayaraq ki, o, bu və başqa işlərə görə, dəfələrlə istintaqa çağırılıb. Keçmiş hərbçi onu da deyir ki, R.Rzayevi həbs etmək üçün hüquq-mühafizə orqanlarının əlində yetərincə səbəb olub. Sadəcə, buna nədənsə ehtiyac görülməyib:

«Tabeliyindəki hərbi hissənin qulluqçusu Əli Cabbarov qanunsuz işlərlə məşğul olub. Döyüş vertolyotunun mühərriki satılıbmış, Tağıyev qəsəbəsindəki Miq-29 faciəsi və başqa məsələlərlə bağlı məsuliyyətə cəlb oluna bilərdi. Vəzifədən azad etmək də olardı…»

Ü.Cəfərli deyir ki, istintaq ictimaiyyətə məlumat vermədikcə, bu cür söz-söhbətlər həmişə dolaşacaq.

Günün sonunda aldığımız məlumata görə, generalın qətliylə bağlı hüquq-mühafizə orqanlarının birgə istintaq qrupu iclas keçirib. Ancaq iclasda müzakirə edilən məsələlərin detalları haqqında məlumat verilmir.

XS
SM
MD
LG