Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:45

«Azərbaycanda konstitusiyaya əməl edilmir»


Azərbaycandakı çeçen icmasının rəhbəri Ramzan Mollayev
Azərbaycandakı çeçen icmasının rəhbəri Ramzan Mollayev
«Çeçenlərin Azərbaycandan necə yox olmaları, onların necə təhvil verilmələri barədə heç kim danışmır. Azərbaycan prokurorluğunun Rusiyaya rəsmən təhvil verdiyi sonuncu çeçen - Naqayev Yusifin taleyi isə məlum deyil. Harada olması barədə məlumat verilmir.
Heç yerdə tapa bilmirik. Rusiya Ermənistanı silahlandırır, Azərbaycan isə çeçenləri tutub bu ölkəyə təhvil verir. Bu kimin mənafeyinə xidmət etməkdir?» Azərbaycandakı çeçen icmasının rəhbəri Ramzan Mollayev belə deyir.

O bu fikirləri fevralın 17-də «Azərbaycandakı miqrantların mövcud durumu və problemləri» mövzusunda keçirilən dəyirmi masada səsləndirib. Onun sözlərinə görə, Azərbaycanda konstitusiyaya əməl olunmur. Buna görə də problemlərlə rastlaşdıqlarını deyən R.Mollayevin fikrincə, çeçenlər istəyir ki, Azərbaycanda konstitusiyaya əməl edilsin.

«Azərbaycan mənim vətənimdir. Çünki övladlarım, nəvələrim burada doğulub. Biz Azərbaycan üçün çalışmaq, lazım gəlsə onu müdafiə etmək istəyirik. Əgər çeçenlər Azərbaycan vətəndaşlığı və ya heç olmasa burada yaşayış hüququ alsalar, onlar ölkəyə xeyir verərlər nəinki yük olarlar».

R.Mollayev deyir ki, əgər çeçenlər öz vətənlərində mövqelərindən azacıq geri çəkiliblərsə, bu o demək deyil ki, onları burada tutub Rusiyaya təhvil vermək olar. «Qroznı şəhərini biz 1995-də verdik, 96-da geri aldıq. 2010-cu ildən bərpa edilən kimi yenə qaytaracağıq. Bu problem deyil».

Çeçen icmasının rəhbəri əlavə edir ki, onlar da, beynəlxalq təşkilatlar da hazırda iş aparırlar və ümid edirlər ki, Rusiyanın Daxili İşlər Nazirliyinə kömək edən günahkar məmurlar cəzalarını alacaqlar.

R.Mollayev bildirir ki, Azərbaycanda miqrantlarla işləyən təşkilatlar çeçenlərdən düşmən obrazı yaradıb.

«Adi bir pişiyə zoomaqazində gün ərzində bütün vitaminlərlə təmin olunmuş 200 qram qida nəzərdə tutulur. Leninqradıın mühasirəsi zamanı – elə ağır dövrdə hər kəsə gündə 125 qram çörək verilirdi. Çeçenlərə isə adambaşına beynəlxalq təşkilat yardım olaraq 1 gün üçün 166 qram qida verir. Buna baxmayaraq biz Azərbaycan xalqının və dövlətinin – eləcə də bəzi humanitar təşkilatların sayəsində yaşayırıq».
XS
SM
MD
LG