Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:06

Hakim elita azalan gəlirlər üstündə bir-birini qırmağa başlayıb


Dmitri Medvedev və Vladimir Putin Vahid Rusiya Partiyasının qurultayında, 20 noyabr 2008
Dmitri Medvedev və Vladimir Putin Vahid Rusiya Partiyasının qurultayında, 20 noyabr 2008
Neftin qiyməti düşdüyü üçün Rusiyada hakim elita büdcənin azalan gəlirləri üstündə bir-birini qırmağa başlayıb. Fevralın əvvəli Maliyyə Nazirliyinin yüksək vəzifəli şəxslərinə qarşı korrupsiya ilə bağlı köhnə bir təhqiqatın yenidən bərpa edilməsi göstərir ki, Kremldəki iki qruplaşma arasında əsl müharibə qızışır. Bunlardan biri Baş nazirin müavini Seçinin komandasıdır, o birisi isə Maliyyə naziri Kudrinin.

Analitiklər deyirlər ki, Kudrinin xarici borclarını ödəməkdə çətinlik çəkən böyük şirkətlərə birbaşa dövlət yardımının dayandırılması haqda qərar verməsindən sonra həmin qurumların hökumətdəki havadarları qəzəblənib. Bundan başqa, Kudrin büdcə ayırmalarını azaltmağı nəzərdən keçirir, o cümlədən müdafiə sahəsinə. Bu isə təhlükəsizlik orqanlarının keçmiş əməkdaşlarından ibarət «siloviki» qrupunun ürəyincə deyil.

Amerikadakı Hudson Universitetinin araşdırmaçısı, «Sübh çağı qaranlıq: Rusiyada kriminal dövlətin yüksəlişi» kitabının müəllifi Devid Satter Kreml daxilindəki hazırkı vəziyyətə belə izah verir:

«Putin elə bir vəziyyət yaradıb ki, hökumət daxilində nə şəffaflıq var, nə ədalət, nə də sivil davranış ənənəsi. Ona görə də əgər sən öz istədiyini yeritmək istəyirsənsə, ən yaxşı yol odur ki, sənə problem yaradana qarşı cinayət işi qondarasan».

Rusiyada Maliyyə Nazirliyindəki texnokratlarla «siloviki» qrupu arasında dartışma əvvəl də var idi. Amma büdcədə o qədər pul var idi ki, bu dartışmalar çox üzə çıxmırdı.
Qlobal maliyyə böhranının Rusiyaya vurduğu zərbə Maliyyə naziri Kudrinin işini çətinə salıb
Amma indi qlobal maliyyə böhranının Rusiyaya vurduğu zərbə Maliyyə naziri Kudrinin işini çətinə salıb. Elə Seçin də bütün cəbhələr boyu hücum üçün əsl vaxtın yetişdiyini hiss edib.

Rusiya Prokurorluğundakı İstintaq Komitəsinin rəhbəri Bastrıkin bu ayın əvvəli deyib ki, nazirliyin iki əməkdaşı – nazir müavini Storçak və keçmiş Maliyyə naziri Volkova qarşı cinayət işi başa çatıb və bu yaxınlarda məhkəməyə göndəriləcək. Onlar Rusiyanın Əlcəzairə olan borcunun ödənilməsi ilə bağlı razılaşmanın həyata keçirilməsi zamanı 18 milyon dolların mənimsənilməsində ittiham edilirlər.

Storçak bir il həbsxanada saxlanandan sonra müvəqqəti olaraq məhkəmənin hökmünəcən azadlığa buraxılıb. Volkov isə hələ də həbsdədir.

Baş nazirin müavini Seçin Rusiyada «boz kardinal» sayılır. Rusiyanın ən zəngin adamlarından olmuş Xodorkovskiyə qarşı cinayət işinin açılmasının və YUKOS neft şirkətinin onun əlindən alınmasının arxasında da Seçinin durduğunu güman edənlər var. O da xatırladılır ki, YUKOS-un səhmlərinin çoxu sonradan məhz Seçinin rəhbərlik etdiyi «Rosneft» şirkətinə keçib.

Sankt-Peterburqdakı Avropa Universitetindən Dmitri Travin deyir ki, Seçin Maliyyə Nazirliyi üzərində nəzarəti ələ keçirməyə çalışır:

Seçin bütün cəbhələr boyu hücum üçün əsl vaxtın yetişdiyini hiss edib
«Əgər Seçin nail olsa ki, Maliyyə Nazirliyinə onun adamını təyin etsinlər, onda o, çox böyük gücə sahiblənmiş olacaq. O, bütün ölkə boyu büdcə pullarının xərclənməsi üzərində nəzarətə malik olacaq. Seçin çoxdandır bunu arzulayır».

Travin deyir ki, Kudrinin qanının arasına girən onun Baş nazir Putinlə yaxın münasibətlərinin olmasıdır, onlar vaxtilə Sankt- Peterburqda bir yerdə işləyiblər. Amma Travin deyir ki, əgər Kremldaxili mübahisə qızışsa, Putin Kudrinin işdən çıxarılmasının və başqa vəzifəyə təyin edilməsinin daha məqsədəuyğun olması qənaətinə gələ bilər.

O ki qaldı Maliyyə Nazirliyinin əməkdaşlarına qarşı cinayət işinə, bəzi ekspertlər bu işdə kifayət qədər sübutların olmadığını deyirlər. «Exo Moskvı» radiosunun siyasi şərhçisi Yuliya Latınina deyir ki, bu, çox şübhəli məsələdir:

«İstintaq Komitəsinin rəhbəri Bastrıkin gah hansısa ekspertlərə istinadla deyir ki, 18 milyon dollar mənimsənilib, sonra müsahibəsində yenə də hansısa ekspertlərə istinadla bildirir ki, 80 milyon dollar mənimsənilib. Belə təəssürat yaranır ki, istintaqı aparanlar qeyri-profesionallardır».
XS
SM
MD
LG