Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:42

Heydər Əliyevin iki əşyası…


Xırdalandakı Heydər Əliyev muzeyində keçmiş prezidentə aid yalnız ikicə əşya var - lent və qayçı
Xırdalandakı Heydər Əliyev muzeyində keçmiş prezidentə aid yalnız ikicə əşya var - lent və qayçı
Gündüz saat 12-1 arasıdır. Nahara az qalıb. Amma Xırdalandakı Heydər Əliyev muzeyinin işçiləri artıq yaxşıca nahar ediblər. Hər halda, muzeyə girən kimi adamı vuran müxtəlif yeməklərin iyi belə deməyə əsas verir. Eksponat zalında işıqlar söndürülüb.
Muzeydə qu desən qulaq batar, gözə heç kim dəymir, gələn-gedən də yoxdur. Addım səslərinə elmi işçi Gülşən Yarməmmədova çıxır.

Özümüzü təqdim edirik. İşini sevən bu xanım çox həyəcanlanır. Onun həyəcanı söhbət boyu itmir. Və bu üzdən bəzi səhvlərə yol verir. Muzey işçiləri isə ona yardım etməyə çalışır, səhvlərini düzəldirlər, xüsusən də özünü Heydər Əliyev parkının müdiri kimi təqdim edən Fərhad Qiyasov.

«Muzeyimiz 2006-cı ildən açılıb. Cənab prezidentimiz Heydər Əliyev açılışda iştirak eləyib. Eeee… Cənab İlham Əliyevin iştirakı ilə açılıb… Tədbirlər olanda rayonumuzun başçısı Zakir Fərəcovun (elmi işçi bu adı tərəddüdlə deyir və sual dolu baxışlarla ətrafa baxır, qıraqdakılarsa dəstək verir), hə, cənab Zakir Fərəcovun başçılığı ilə tədbirlər başlayır. Parkdakı heykəlinin qarşısına güllər qoyulur. Sonra muzeydəki büstünə (yenə də qıraqdakıların düzəlişiylə) ulu öndərin büstünün qarşısına güllər qoyulur…»

Bizim gəlişimizlə muzeyin işıqları da yandırılır. Bayaqdan ala-qaranlıqda nəzər yetirdiyimiz eksponatlara işıqda baxırıq.

Xırdalandakı Heydər Əliyev muzeyində keçmiş prezidentə aid yalnız ikicə əşya var.
Xırdalandakı Heydər Əliyev muzeyinin ərazisi 330 kvadrat metrdir, 11 bölmədə 157 eksponat var…
Hərçənd bunun ona məxsus olduğunu demək də çətindir. Sadəcə, bir zamanlar Heydər Əliyev həmin əşyaları bir neçə saniyə əlində saxlayıb. Və bununla da onlar tarixin bir parçasına çevrilib deyəsən. Bu «Kaspian Fiş» şirkətinin açılışında qırmızı lenti kəsən qızılı dəstəkli qayçı, həmin lentdən bir parça və yenə də qızılı məcməyidir. Vəssalam. Bu muzeydə Əliyevə aid nəinki nadir əşyaya və ya eksponata, heç ona məxsus başqa əşyalara, tutalım, qeyd apardığı dəftər-qələmə, geydiyi pal-paltara və ya başqa bir şeyə də rastlaşmaq olmaz.

Muzeydə gördüyümüz televiziyada dəfələrlə nümayiş etdirilmiş şəkillər, istənilən kitabxanada rastlaşdığımız kitablar, Əliyevin attestatının nüsxəsi və onun əksi olan xalçadır… Sonuncu əşyalarla bağlı bir qədər detallı. Prezidentin latın qrafikasında yazılmış attestatının nüsxəsində fərqli orfoqrafiyayla yazılmış sözlər vardı: məsələn, «arifmetika» sözü «arifmetiqa», «fizika» «fiziqa» kimi yazılıb və sairə… O ki qaldı Əliyevin əks olunduğu xalçaya, muzey işçiləri onunla fəxr edirlər. Qobu xalçaçılarının hədiyyəsi olan balaca xalçanın əhəmiyyəti isə onun nadir sənət əsəri olmasında deyil, muzey işçiləri xalçanın qiymətini onunla ölçürlər ki, üç il öncə açılışda iştirak edən prezident İlham Əliyev şəxsən özü onu bəyənib.

Fərhad Qiyasov danışır:

…Xırdalandakı Heydər Əliyev muzeyində beş nəfər çalışır: müdirə, elmi işçi, bələdçi, nəzarətçi və xadimə
«Bunun ölkədə tayı yoxdur. Burda ulu öndər necə əks olunub, görürsünüz, prezident özü də bəyəndi. Hörmətli prezidentimizi deyirəm…»

Bir qədər əvvəl Heydər Əliyev muzeylərinin toplantısı keçirilib. Və qərara alınıb ki, muzeylərin eksponatları zənginləşdirilsin, əhalidən və arxivdən keçmiş prezidentə aid əşyalar, fotolar toplansın.

Gülşən Yarməmmədova:

«Mehriban xanım televiziyada və radioda iclas keçirmişdi, onun müraciətindən sonra komissiya yaradılıb. Bizim rayonda da Heyd.., cənab, keçmiş Heydər Əliyevin keçirdiyi görüşlər, şəkilləri və ya onunla bağlı hadisələri yığmağa başlamışıq. Bir-iki həftə zad olar…»

Amma Gülşən Yarməmmədovanın sözlərinə görə, bu təklif nə radioda, nə də televiziyada səsləndirilib. Sadəcə, parka gələnlərə deyilib.

«Biz təklif vermişik, ürəyi istəyən verə bilər, məcbur almaq olmaz. Eləsi var istəyir xatirə kimi evində qalsın. Biz də deyirik muzeydə qalsa yaxşı olar».

Prezidentin latın qrafikasında yazılmış attestatının nüsxəsində fərqli orfoqrafiyayla yazılmış sözlər vardı
Bəs həmin əşyalar necə və kim tərəfindən qiymətləndiriləcək, pullamı alınacaq, ya yox Gülşən Yarməmmədova bu sualları dolğun cavablandıra bilmir. Bir onu deyir ki, rayonda yaradılmış komissiya bu işlə məşğul olacaq…

Heydər Əliyev muzeyinin ərazisi 330 kvadrat metrdir, 11 bölmədə 157 eksponat var… Muzey özüsə Heydər Əliyevin adını daşıyan parkda yerləşir. Amma parkda istirahət edənlər bu haqda elə də məlumatlı deyirlər.

Muzeydə olduğumuz təxminən bir saat, saat yarımda gələn-gedən olmadı. Hərçənd Gülşən Yarməmmədova bizi əmin etmək istəyir ki, ziyarətçi baxımından şikayətləri yoxdur. Məktəblilər, tələbələr, Abşeron kəndlərinin camaatı bura gəlir.

«Ola bilər hava soyuqdur. Dünən də tədbir olub. Ola bilər ona görə. Dünən Abşeron rayonunda hesabat günüydü…»

Muzeyin yerləşdiyi parkda isə yaşlı da var, cavan da. Söhbət etdiyim müsahiblərimdən yalnız iki nəfər deyir ki, iki addımlıqdakı muzeyin qapısından içəri girib. Biri 8-9 yaşlı məktəbli Tutudur. Hərçənd anası qızının muzeydə olmadığını deyir. O birisə təqaüdçü Vəli müəllimin dostu Mirzəli kişidir.
Mirzəli kişi izah da verir ki, muzeyin müdirəsi onun qohumudur
Mirzəli kişi izah da verir ki, buranın müdirəsi onun qohumudur.

- Burda nə yerləşir bilirsinizmi?
- Heydər Əliyev muzeyidir.
-İçəri girmisinizmi?
- Girmişik də, gəzmişik də. Əla!!! Ürəyin istəyən. Sənin kimi də bir cavan qohumum ora müdirəlik eləyir…
- Sizcə, bu muzeylərin gənclər üçün faydası varmı?
- Əladır, a qızım. Qocalar burda otururuq. Bunun ucbatından gün görürük. Alqışlayırıq…»

İlkin Əhmədov isə tələbədir.

-İçəridə olmusan?
-İçəri heç kim girmir. Tez-tez parkda oluram. Görürəm heç kim girmir, mən də girmirəm. Deyirəm bəlkə bağlıdır…
-Muzey pulsuzdur, bəlkə muzeyə girib birgə baxaq?
İlkinlə muzeyə keçirik. Bələdçidən xahiş edirəm ki, cavan oğlana muzeydən danışsın…
Muzey işçiləri deyirlər ki, bu xalçanı prezident İlham Əliyev şəxsən özü bəyənib
«Bu eksponatda Heydər Əliyevin milli-mənəvi sərvətlərimizə dəyər verməsini görürük. Neft strategiyası, təməlqoyma mərasimləri…»
-İlkin, bir şey öyrəndinmi?
-Öyrəndim. Hansısa yerin açılışında onun kəsdiyi lentin burda olduğun bilmirdim, İlham Əliyevin bura gəldiyini də bilmirdim… Dost-tanışa tövsiyə edərəm gəlsinlər. Heç kim gəlməyib. Bura həmişə bağlı olub deyəsən…»

Üzü tüklü, pərişan görkəmli ortayaşlı bir kişisə özünü təqdim etmək istəmir. Deyir bura həmişə gəlir, amma muzeyə bir dəfə də baş çəkməyib.

«İmkan olmayıb. O qədər problem var… Çörək məsələsidir, evdə çörək məsələsidir, başqa məsələ yoxdur».

…Xırdalandakı Heydər Əliyev muzeyində beş nəfər çalışır: müdirə, elmi işçi, bələdçi, nəzarətçi və xadimə. Onların əmək haqqı isə təxminən 100 manatdır. Bunları da Gülşən Yarməmmədova deyir… Bəs bir muzeyin saxlanması neçəyə başa gəlir? Gülşən xanım sualımızı cavablandıra bilmir… Deyir ki, sualı tabe olduqları Mədəniyyət və Turizm Nazirliyinə ünvanlayaq…

İlkinlə muzeyə keçirik. Bələdçidən xahiş edirəm ki, cavan oğlana muzeydən danışsın…
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov «Azadlıq» radiosuna deyib ki, muzeylərə vəsait dövlət büdcəsindən ayrılır, amma onda bir muzeyə nə qədər vəsait ayrılması ilə bağlı məlumat yoxdur: «Bir muzeyə nə qədər vəsait ayrılır deyə bilmərəm, mənə heç vaxt belə sual verilməyib. Amma onu deyə bilərəm ki, «Muzeylər haqqında» qanuna edilmiş dəyişiklikdən sonra, muzeylər sərgilərdən, açıqça və digər əşyaların satışından əldə olunan gəlirləri də öz büdcələrinə daxil edə bilərlər».

Azərbaycanda 50-dən artıq Heydər Əliyev muzey-mərkəzi var. Üçü tikilməkdə, üçü isə istifadəyə verilmək ərəfəsindədir.

Ölkə ictimaiyyəti uzun illərdir ki, Azərbaycan Demokratik Respublikasını və onun qurucusu Məhəmməd Əmin Rəsulzadənin xatirəsini əbədiləşdirmək üçün hökumətin heç bir addım atmadığından gileylənirlər.

Rəsulzadənin nəvəsi, yanvar ayında vəfat etmiş Firuzə Məmmədova da deyirdi ki, sürgün illərində qoruyub saxladığı ailə fotoşəkillərini babasının muzeyinə vermək istəyirdi. Qismət olmadı…
XS
SM
MD
LG