Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 01:56

İki ay ərzində prezidentlərin növbəti görüşü olacaq


Metyu Brayza bildirib ki, onlar budəfəki səfərdən böyük nəticələr gözləmirdilər
Metyu Brayza bildirib ki, onlar budəfəki səfərdən böyük nəticələr gözləmirdilər
«Azərbaycan və Ermənistan prezidentləri növbəti iki ayda görüşməyə razılaşıblar».

Bu barədə Bakıda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri məlumat verib.

Amerikalı həmsədr Metyu Brayza bildirib ki, onlar budəfəki səfərdən böyük nəticələr gözləmirdilər.

«Həm Dağlıq Qarabağda, həm də Ermənistanda danışıqlar o qədər də asan olmayıb. Bununla belə, Ermənistan hökuməti və biz belə razılığa gəldik ki, bu prosesi davam etdirməyi ehtiyac var. Həm Bakıdakı, həm də Yerevandakı görüşlər də bizə əsas verdi ki, onları yenidən Bakıya gəlib müzakirə edək. Bizim Bakıda prezident İlham Əliyevlə mənalı, konstruktiv, prosesə təkan verəcək müzakirələrimiz oldu».

Rusiyalı həmsədr Yuri Merzlyakov isə deyib ki, onların budəfəki səfərinin məqsədlərindən biri prezidentlərin növbəti görüşünü təşkil etmək idi:

«Prinsipcə, biz bu razılaşmaya nail olmuşuq. Görüş beynəlxalq çoxtərəfli sammit çərçivəsində 2 ay ərzində baş tutacaq».

Fransalı həmsədr Bernar Fasye isə bildirib ki, Sürixdən sonra hər iki prezident bu danışıqları faydalı və konstruktiv qiymətləndirib. Fasye deyib ki, danışıqlar BMT-yə təqdim edilən sənədlər üzündən mümkünsüz ola bilərdi:

«Həmin dövrdən bu yana mühüm hadisələr baş verib, müəyyən sənədlər, o cümlədən BMT-yə sənədlər təqdim olunub. Bu kimi hadisələr müəyyən müsbət məqamdan istifadə etməyi tamamilə mümkünsüz edə bilərdi. Baxmayaraq ki, sənədlərdə tərəflər arasında razılaşdırılmayan məsələlər yer alıb, müzakirələr davam etdiriləcək».

Fasye həmçinin, deyib ki, ötən il atəşkəsin pozulması nəticəsində 30 nəfər ölüb. Bu ilin iki ayında isə artıq altı. Fasye bir daha tərəfləri atəşkəsə ciddi yanaşmağa dəvət edib:

«Ölüm hallarının əksəriyyəti snayperlərin açdıqları atəş nəticəsində olub. Həmsədr ölkələr snayperləri qoşunların təmas xəttindən geri çəkməyə çağırsa da, təəssüf ki, bu, hələ də baş verməyib».

Sonuncu dəfə Ermənistan və Azərbaycan prezidentləri bu ilin yanvarında İsveçrənin Sürix şəhərində görüşüblər.
XS
SM
MD
LG