Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:44

Referendum öncəsi sürpriz olacaq?!


«Müxalifət əlverişsiz mühitdə mübarizə aparırdı. Onlar üçün qanunla tələb olunan şərait yaradılmadı. Və özləri də bunu bacarmadı»
«Müxalifət əlverişsiz mühitdə mübarizə aparırdı. Onlar üçün qanunla tələb olunan şərait yaradılmadı. Və özləri də bunu bacarmadı»
«Referendum öncəsi sürprizlərimiz olacaq. Və bu sürprizlə ilk növbədə mobil telefon istifadəçiləri rastlaşacaqlar».

Sürprizi hazırlayan müxalifət partiyaları və vətəndaş qurumlarından ibarət «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatıdır. Bu haqda «Azadlıq» radiosuna məlumat verən hərəkat təmsilçisi Arif Hacılıdır. Amma o, sürprizi pozmamaq üçün məsələ ilə bağlı yerli-yataqlı məlumat verməkdən imtina etdi. Amma əlavə etdi ki, təkcə cib telefonlarından deyil, həm də internetin imkanlarından yararlanmaq niyyətindədirlər. Və artıq İTV-dəki çıxışlar bəzi saytlarda yerləşdirilib:

«Həftə ərzində bu yöndəki işimiz güclənəcək».

Hakim partiyanın yaratdığı «Yeni Azərbaycan» təşviqat qrupu da müasir texnologiyann imkanlarından bəhrələnməyə qərar verib. Artıq bu həftədən kampaniyanın ikinci mərhələsi başlayır. Qrupun səlahiyyətli nümayəndəsi Səyavuş Novruzov «Media forum» saytına deyib ki, martın 7-dək yerlərdə seçicilərlə görüşlərə üstünlük veriblər. Martın 9-dan isə internetlə təşviqat üsullarından daha çox istifadə ediləcək. Telefonlara mesajlar da göndəriləcək.

Amma qrupun 25 təmsilçisindən biri Ramil Həsənov bütün bunlardan xəbərsiz olduğunu deyir. Hətta kampaniyanın bu şəkildə qurulmasının qanuna uyğun olub-olmadığını da bilmir:

«Yalan nə deyim, məlumatsızam».

Ramil Həsənovun sözlərinə görə, yalnız internet şəbəkəsində gənclərlə ayrıca fikir mübadiləsi aparılır:

«Gənclər Birliyinin 190 min üzvünə birbaşa informasiya verə bilməsək də, yahoo qruplar, regional koordinasiya mərkəzləri vasitəsilə aktiv gənclərə məlumat ötürürük. Bizim hesablamamıza görə, bir gənc əlavə on nəfərə məlumat verəcək».

Amma Bakıda söhbətləşdiyim sakinlər deyirlər ki, indiyə kimi referendumla bağlı məlumatı televiziyadan alıblar.

Bu arada yada salım ki, təşviqat kampaniyasından öncə «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatının başqa təmsilçisi Sərdar Cəlaloğlu nəinki informasiya texnologiyalarının uğurlarından, hətta «qapı-qapı» kampaniyasından istifadə edəcəklərini demişdi. Bakı sakinlərindən bunu da xəbər aldıq:

- Qapımızı döyən olmayıb. İnternetdə də bu haqda heç nəyə rast gəlməmişəm. Mobil telefonuma da mesaj gəlməyib. İctimai televiziyadan izləyirəm.
- Mənim də telefonuma hər hansı mesaj gəlməyib. Televiziyada izləmişik.
- Referendumda hansı məsələ müzakirəyə çıxarılır, bilirsizmi?
- Seçki məsələsi deyilmi? Mən nənəyəm. Nə bilim. Amma televiziyadan xəbər alıram.
- Mən də evdar qadınam. İstərdim açıq şəkildə izahat aparılsın.
- Evinizə təşviqat materialları göndərilibmi?
- Yox.

Arif Hacılısa deyir ki, onlar sonuncu təşviqat həftəsində də kütləvi informasiya vasitəsindən – İctimai televiziyadakı efir vaxtından yararlanmağa çalışacaq, əhaliylə görüşlər keçirəcəklər. Hətta hərəkat üzvləri paytaxtda mitinqə icazə verilmədiyindən, icazəsiz kütləvi aksiya keçirməyi də qızğın şəkildə müzakirə edirlər. Qəti qərar martın 10-da verilməlidir. Necə deyərlər, hələ vaxta var…

«Yeni Azərbaycan» da görüşlər planlaşdırır. Ramil Həsənovun sözlərinə görə, referendumda müzakirəyə çıxarılan 29 maddəyə 41 düzəlişlə bağlı təşviqat materialları çap etdirib, pulsuz paylayırlar.

Seçki məsələləri üzrə mütəxəssis Hafiz Həsənov isə Bakı sakinlərilə razılaşır. O deyir ki, nəinki yeddi təşviqat qrupu, heç müxalifət də coşğun və effektli kampaniya qura bilmədi. Əksinə çox sönük və formal bir kampaniya aparıldı. Düzdür, müxalifətin mitinqlər keçirməsinə icazə verilmədi, görüşlər sadəcə qapalı və aztutumlu zallarda keçirildi. Amma müxalifət başqa imkanlardan - internetdən və ya başqa üsullardan da uğurla istifadə edə bilmədi:

«Müxalifət əlverişsiz mühitdə mübarizə aparırdı. Onlar üçün qanunla tələb olunan şərait yaradılmadı. Və özləri də bunu bacarmadı. Müxalifətə təzyiqlər özünü göstərmişdi».

Hərçənd kampaniyanı aparanlar bununla razılaşmırlar. YAP-ın icra katibi Əli Əhmədovun sözlərinə görə, aparılan təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə təşkil olunub. Arif Hacılıya görəsə, kampaniya müxalifətin müqavimət ruhunun sınmadığını isbat etdi…

Martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. Təşəbbüskar hakim partiyadır. Müxalifətsə bildirir ki, bir nəfərin iki dəfədən çox prezident seçilməsinə düzəliş təklifi ölkəni monarxiyaya aparacaq.
XS
SM
MD
LG