Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:16

«Sahibkarın da sahibi var»


Səs: Real audio
Xavyer Solana gələn il münaqişənin həllində dönüş ola biləcəyini deyib Azər Mehtiyev: "Sahibkarlar məmurların himayəsi altında olduğundan hansısa məmur vəzifədən gedəndə, iqtisadi fəaliyyət sahələri yenidən bölüşdürülür"



Vəkil Aslan İsmayılov deyir ki, onun müştərisi - «Elektroştamp»ın prezidentini təhqiramiz şəkildə həbs ediblər, şəhərin ortasında başına torba keçiriblər və zorla maşına mindirib aparıblar.



Vəkil bildirir ki, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşlarının belə davranmasına heç bir əsas yox idi. Çünki onun müştərisi polisə müqavimət göstərən oğru-quldur deyil, böyük bir müəssisənin – "Bakı Poladtökmə" Səhmdar Cəmiyyətinin sahibi, bundan da başqa, Prezident yanında Sahibkarlar Şurasının üzvüdür.



Vəkilin sözlərinə görə, əgər polis çağırış vərəqəsi göndərsəydi, Nurəddin Zülfüqarlı özü istintaq orqanına gələrdi.



Amma vəkilin dedikləriylə Daxili İşlər Nazirliyində razı deyillər. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirdi ki, Nurəddin Zülfüqarlıya və onunla birgə həbs edilən şəxslərə qarşı heç bir zorakılıq edilməyib.



Bu həbsin ölkədəki biznes mühitinə mənfi təsirindən ehtiyatlananlar da var. Nurəddin Zülfüqarlının «Azərtürk boru profil» müəssisəsində ortağı – türkiyəli iş adamı Müəmmər Səmərci deyir ki, belə həbslər xarici sərmayəçiləri qorxuda bilər. O, həm də Azərbaycanda fəaliyyət göstərən Türk Sənaye və İş Adamları Birliyinin üzvüdür.



Rəsmi orqanlar baş verənləri, sadəcə, Afət Əliyeva adlı qadının şikayəti əsasında qaldırılan cinayət işi və bununla bağlı aparılan həbs kimi qiymətləndirirlər.



Həmin qadın iddia edir ki, Nürəddin Zülfüqarlı ona hədə qorxu gəlib və onun əmlakını əlindən almaq istəyib.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, bu adi bir kriminal hadisədir və məsələni şişirtmək, hətta bəzi müxalifət qəzetləri kimi, sahibkarlara qarşı repressiyaların başlandığını iddia etmək yersizdir.



Polisdən fərqli olaraq Nurəddin Zülfüqarlının vəkili Aslan İsmayılov deyir ki, bu məsələ adi kriminala oxşamır. Onun fikrincə, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev dövlət çevrilişinə cəhddə günahlandırılaraq tutulduqdan sonra bəzi məmurlar bundan öz maraqları üçün istifadə etməyə çalışırlar. Fərhad Əliyevlə yaxın hesab etdikləri sahibkarların əmlakını ələ keçirmək istəyirlər və hətta onun müştərisi – Nurəddin Zülfüqarlı kimi Fərhad Əliyevlə əlaqəsi olmayan adamları da bu adla hədəfə götürürlər.



Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Ələkbər Məmmədov isə deyir ki. bu məsələdə aydın olmayan məqamlar var. O bildirir ki, əgər məsələ sırf kriminaldırsa, onda Nürəddin Zülfüqarlının malik olduğu müəssisələrin fəliyyətinə imkan verilməməsinin, zavodda axtarış aparılmasının, maliyyə sənədlərinin yoxlanmasının səbəbi anlaşılmır.



İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Azər Mehtiyevin fikrincə isə, Azərbaycanda azad bazar iqtisadiyyatı tam formalaşmayıb və sahibkarlar ayrı-ayrı məmurların himayəsi altında fəaliyyət göstərirlər. Və hər dəfə hansısa məmur vəzifədən gedəndə, iqtisadi fəaliyyət sahələrinin yenidən bölüşdürülməsi prosesi başlayır.
XS
SM
MD
LG