Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:39

Araz çirklənməyə görə Kür çayını kölgədə qoyub<p align=`left`><br><br>


Səs: Real audio
O, ən çox çirklənməyə Ermənistanda məruz qalır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son 3 ayda apardığı monitorinqin nəticələrinə görə, Araz çayı ən çox çirklənməyə Ermənistan ərazisində məruz qalır. Artıq Araz çirklənmə dərəcəsinə görə Kür çayını da kölgədə qoyub.



Nazirliyin mətbuat xidmətinin əməkdaşı Gülşən Hüseynova deyir ki, Araza axan Oxçuçay, Həkəriçay və Bərgüşad çayları Ermənistandakı metallurgiya müəssisələrinin tullantılarını özləri ilə gətirirlər:



"Oxçuçay dünyada yeganə çaydır ki, "ölü çay" elan edilib, Ermənistanın çirkab tullantıları nəticəsində. Hətta Ermənistan özü də bunu etiraf edir".



Gülşən Hüseynova deyir ki, Arazda ümumi çirklənmənin təqribən yarısı – 51 faizi Ermənistanın payına düşür. Çirklənmənin 40-45 faizi Gürcüstan, 4-5 faizi isə Azərbaycan tərəfindən törədilir.



Monitorinqin nəticələri göstərib ki, Kür çayında da vəziyyət yaxşı deyil. Kürün yuxarı və aşağı axınları onun əsas çirklənən hissələridir. Kür çayını da daha çox Ermənistan ərazisindən axan çaylar çirkləndirir.



Gülşən Hüseynova deyir ki, artıq Ermənistan tərəfi ilə Kürün çirklənməsinə dair anlaşma mümkün olacaq. Dekabrın əvvəlində Almaniya tərəfindən təşkil edilən seminarda hər üç Cənubi Qafqaz ölkəsi iştirak edib. Razılığa gəlinib ki, Kürün bu ölkələrin hansında daha çox çirklənməsini təyin etmək üçün monitorinq sistemi qurulsun. Amma bunun nə vaxt həyata keçiriləcəyi dəqiq məlum deyil:



"Hər bir ölkənin ərazisində xüsusi cihazlar quraşdırılacaq və monitorinq sistemi qurulacaq. Bu cihazlara istənilən vaxt nəzarət etmək mümkün olacaq və hər 3 ölkədə beynəlxalq mərkəzlər yaradılacaq".



Üç aydır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Araz çayının axını üzrə Horadiz, Şahsevən və Bəhramtəpə kəndlərində müşahidə məntəqələrində fiziki-kimyəvi monitorinq aparır.



Kür çayını tədqiq edən laboratoriya isə nazirlik tərəfindən Qazaxda quraşdırılıb.
XS
SM
MD
LG