Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:40

BJMK: «Azərbaycanlı jurnalistlərdə qorxu və özünüsenzura güclənib»


Səs: Real audio
Təşkilatın hesabatında İTV-nin hökumətyönlü siyasət yürütdüyü deyilir Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin (BJMK) 2005-ci ildə dünya ölkələrində media əməkdaşlarına hücumlar haqqında yaydığı hesabatda bildirilir ki, keçən il Azərbaycanda jurnalistlər siyasi motivli çoxsaylı mülki iddialarla üzləşiblər. Siyasətçiləri və hökumət nümayəndələrini tənqid edən bəzi jurnalistlər böhtanda ittiham olunaraq məsuliyyətə cəlb edilib. Ən böyük müxalifət qəzeti olan «Yeni Müsavat» bir neçə ay işıq üzü görməyib. Buna səbəb məhkəmənin bir neçə dövlət xadiminin iddiası ilə qəzeti 160.000 dollar cərimələməsidir.



Komitə bildirir ki, ötən il «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov öz evinin kandarında öldürüldükdən sonra jurnalistlərdə qorxu və özünüsenzura güclənib. Elmar Hüseynovun qohumları və həmkarları hakimiyyəti jurnalistin peşə fəaliyyətilə bağlı öldürülməsi versiyasına məhəl qoymamaqda günahlandırıb.



Hesabata görə, parlament seçkisi yaxınlaşdıqca, polisin jurnalistlərə qarşı təzyiqləri artıb. İcazəsiz mitinqləri işıqlandıran bir neçə jurnalist döyülüb. Xarici telejurnalistlərə seçkiqabağı kampaniya zamanı canlı yayıma çıxmaq qadağan edilib.



BJMK-nin hesabatına görə, hakimiyyət özəl şirkətləri iqtidarı dəstəkləməyən KİV-ə reklam verməkdən çəkindirib. «Qaya» müstəqil qəzet yayımı firmasına təzyiqlər edilib, səyyar yayıcılar təqiblərə məruz qalıblar. Ədliyyə Nazirliyi yeni müstəqil televiziya şirkətinin - Yeni TV-nin yaradılmasına icazə verməyib.



Hesabata görə, hökumət İctimai Televiziyanın (İTV) yaradılması ilə bağlı Avropa Şurası qarşısında götürdüyü öhdəliyə tam əməl etməyib. Bütün ölkə ərazisinə yayımlanan AzTV-1-in İTV-yə çevrilməsi əvəzinə, AzTV-2 dövlət regional kanalı ictimai kanala çevrilib. Bu kanal avqustda yayımlanmağa başlayıb, amma keçmiş AzTV-2-nin hökumətyönlü siyasətini davam etdirib.



Hesabatda o da bildirilir ki, bölgələrdə, xüsusilə də Naxçıvanda jurnalistlərin fəaliyyətinə əngəllər yaradılıb. «Turan» İnformasiya Agentliyi və «Azadlıq» radiosunun müxbiri Məlahət Nəsibova Muxtar Respublikada narkomaniya və başqa mövzularla bağlı yazılarına görə təqiblərə məruz qalıb.



Mətbuat Şurasının üzvü Zeynal Məmmədli deyir ki, hesabatı ümumilikdə obyektiv saysa da, sənəddə Azərbaycan mətbuatının bütün problemləri tam kəskinliyi ilə əks olunmayıb. Onun fikrincə, xüsusən hökumətin «İnformasiya əldə etmək azadlığı haqqında» qanunun tətbiqi ilə bağlı lazımi tədbirləri görməməsi narahatlıq doğurur.



Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova isə, hesabatı qərəzli sayır: «Bəs şərəf və ləyaqəti təhqir olunan Azərbaycan vətəndaşı, məmuru neyləsin?»



ABŞ-da yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi 1981-ci ildə yaradılıb. Qeyri-hökumət təşkilatıdır.
XS
SM
MD
LG