Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:18

Dörd kişini döyən qadının məhkəmə dastanı


Səyyarə Heydərova
Səyyarə Heydərova
Aprelin 7-də Suraxanı rayon Məhkəməsində ixtisasca hüquqşünas olan Səyyarə Heydərovanın işi ilə bağlı növbəti məhkəmə prosesi keçiriləcək. Artıq 4 ildir ki, (1 aprel 2005-ci ildən) tikinti yerində traktorçudan tutmuş Xətai rayon Polis İdarəsinin kapitanına qədər dörd kişini döyməkdə ittiham edilən Heydərova növbəti dəfə aclıq aksiyasına başlayacağını deyir.

Səyyarə Heydərovanın sözlərinə görə, 2005-ci ildə o, 90-na yaxın ailə ilə birlikdə Xudu Məmmədov küçəsi -21-də – uşaqlar üçün nəzərdə tutulan meydançada ev tikilməsinə qarşı çıxıb və ittihamnaməyə görə, həmin adamları tikinti meydançasında döyüb. Müvafiq instansiyalara ünvanlanan müraciətlərin təşkilatçısı olduğu üçün o vaxtdan məhkəmədən təcridxanaya düşür, təcridxanadan çıxarılıb ruhi xəstəxanaya salınır.

Suraxanı rayon Məhkəməsində müxtəlif vaxtlarda keçirilən proseslərə isə zərərçəkən qismində adı çəkilən şəxsləri gətirmək mümkün olmur. Yəni döyülənlər öz döyülmələrini təsdiqləmək istəmirlər. S.Heydərova deyir ki, yalnız bir dəfə onların hamısı prosesdə iştirak ediblər. O da yarımçıq. Siqaret çəkmək adıyla bayıra çıxıb bir daha geri qayıtmayıblar. Neçə aydır ki, siqaretlərini çəkib qurtara bilmirlər. O isə hələ də bu işin nə vaxt bitəcəyini gözləyir.

Aradan keçən müddətdə Səyyarə Heydərovanın işi barədə məhkəmələrin bir neçə qərarı olub. 2005-ci ilin iyulunda Xətai rayon Məhkəməsi Heydərovanı məhkəmədən yayınma ittihamı ilə 3 aylıq həbsə məhkum edib. S.Heydərova 3 saylı təcridxanada 8 gün aclıq aksiyası keçirib. Lakin zərərçəkənlər prosesdə iştirak etmədiyi üçün o, 28 gündən sonra azad edilib.

2006-cı ilin fevralında Suraxanı rayon Məhkəməsi S.Heydərovanı həmin ittihamla 3 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edib. Həmin ilin martında Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib. 2007-ci ildə isə Suraxanı rayon Məhkəməsinin qərarına əsasən Heydərova 12 gün Maştağadakı ruhi xəstəxanaya salınıb.

Bütün bunları danışan Səyyarə Heydərova əlavə edir ki, bundan sonra Suraxanı rayon Məhkəməsinin hakimi Natəvan Tağıyeva ehtiyat tədbiri kimi onun həbsi barədə qərar çıxarıb. Ancaq istintaq təcridxanasında müəyyən olur ki, hakim Tağıyeva qərarda azadlıqdan məhrumetmənin müddətini göstərməyib. Yəni Səyyarə Heydərova müddətsiz həbs olunub.

S.Heydərova deyir ki, bundan sonra o, 3 saylı təcridxanada uzunmüddətli aclıq aksiyası keçirib. Və 2008-ci ilin martında hakim Tağıyeva azadlıqdan məhrumetmə cəzasının dəyişdirilməsi barədə qərar çıxarıb. Aclıq aksiyası zamanı 20 kilodan çox çəki itirdiyi üçün səhhətində problem yaranan Səyyarə Heydərovaya 2-ci qrup əlil dərəcəsi də verilib.

Dekabr ayında isə Heydərova yenidən Suraxanı rayon Məhkəməsinə çağırılıb. Hakim Nurəddin Mustafayev məhkəmə prosesi keçirmək istəyir. Ancaq zərərçəkənlər yenə gəlmir. Beləliklə, özünün dediyinə görə, səhhətinin itirilməsi ilə nəticələnən hadisələr yenidən təkrarlanmağa başlayır.

Suraxanı rayon Məhkəməsindən hakim Natəvan Tağıyeva «Azadlıq» radiosuna deyir ki, haqqında deyilənləri qəbul etmir. Onun apardığı proseslərdə hər şey qanun çərçivəsində olub:

«Həmin işə artıq mən baxmıram. Prosesi hakim Nurəddin Mustafayev aparır».

Nurəddin Mustafayevin iş telefonundan isə bildirdilər ki, o, artıq başqa otağa köçüb. Hələlik həmin otaqda telefon olmadığı üçün hakimlə əlaqə saxlamaq mümkün deyil. Beləliklə də zərərçəkənlərin məhkəməyə gəlmək istəmədikləri halda bu prosesin yenidən başlamasına nəyin səbəb olduğunu öyrənə bilmədik. Çünki ortada işin məhkəməyə qaytarılması ilə bağlı hər hansı sənəd və ya müraciət yoxdur.

Hüquq müdafiəçisi Leyla Yunus isə deyir ki, Səyyarə Heydərova ilə bağlı baş verənlər yeni bir şey deyil. Öz hüququnu müdafiə etmək istəyən vətəndaşlarla belə hallar tez-tez baş verir. Və bunun səbəbi həm məhkəmələrin, həm də penitensiar sistemin – cəzaçəkmə müəssisələrinin Ədliyyə Nazirliyinin tabeçiliyində olmasıdır.

Leyla Yunus deyir ki, Səyyarə Heydərovanın düşdüyü 3 saylı istintaq təcridxanasında bir vaxtlar siyasi məhbus kimi tanınmış Faina Kunqurova da saxlanılırdı. O da qanunsuz mühakimə edildiyi üçün aclıq aksiyası keçirirdi. Və nəticədə dünyasını dəyişdi. S.Heydərova ilə təxminən eyni hadisənin baş verməsi və nəticədə onun əlil olması da bütün bunların təsadüfi olmadığını təsdiqləyir.
XS
SM
MD
LG