Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:47

Qafqazda Sabitlik Paktı arxa plana keçdi


"Azadlıq" radiosunun Brüsseldəki müxbirinin verdiyi xəbərə görə, Avropa Şurasındakı dinləmələrdə Avropa Birliyi rəsmiləri pakta ehtiyac olmadığını bildiriblər. Bundan əvvəl Avropa Birliyinin Sabitlik Paktının əsas sponsoru olacağına ümid edilirdi.


1999-cu ildə ATƏT-in İstanbul sammitində regional liderlərin irəli sürdüyü bu layihə görünür ki, artıq işləmir.


Avropa Birliyinin icra orqanı olan Avropa Komissiyasının rəsmisi Robert Liddell AŞ PA-nın Siyasi İşlər Komitəsindəki dinləmələrdə deyib: "Sabitlik Paktı və Qonşuluq Siyasəti haqqında adamların dedikləri arasında çox da fərq görmürəm". Liddellin sözlərinə görə, Qonşuluq Siyasəti də Cənubi Qafqazda sabitliyə, yaxşı idarəçiliyə və iqtisadi islahatlara çağırır.


Avropa Birliyinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi Cənub-Şərqi Avropada Sabitlik Paktı ilə Cənubi Qafqaza təklif olunan pakt arasında paralel aparmağı düzgün saymadığını deyib: "Balkanlardan fərqli olaraq Cənubi Qafqazın Avropa Birliyinə üzvlük perspektivi yoxdur".


Semnebi "donmuş münaqişələr" və Rusiyanın təsirinə görə Cənubi Qafqazın daha qeyri-sabit region olduğunu deyib.


Dinləmələrdə iştirak edən Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələri Sabitlik Paktı ideyası haqqında fərqli fikirlər söyləyiblər.


Gürcüstanın Avropa Birliyindəki elçisi Salome Samadaşvili ölkəsinin Birliyə və NATO-ya inteqrasiyasının öz yolu olduğunu deyib. Ermənistanın nümayəndəsi Varucan Nersesyan mümkün paktdan əsasən iqtisadi fayda gözlədiklərini bildirib. Azərbaycanın elçisi Arif Məmmədov isə erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasını regional əməkdaşlıq üçün şərt adlandırıb.


XS
SM
MD
LG