Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:39

Qarabağla Çernoqoriya arasında paralel aparmağı çoxları çətin sayır


Çernoqoriya və Qarabağın hərəsinin özünəməxsus tarixi var
Çernoqoriya və Qarabağın hərəsinin özünəməxsus tarixi var

Çernoqoriyada referendum Serbiyanın ciddi nəzarəti altında keçib. Amma Qarabağda Bakının nəzarətiylə seçki keçirilməsi təsəvvür olunmazdır, çünki Bakı Qarabağı tanımır


Çernoqoriyada səsvermənin nəticəsi bəlli olandan sonra bütün separatçı regionlar referendumu tərifləyir.


Tanınmamış Qarabağ Respublikasının prezidenti Arkadi Qukasyan deyib ki, Çernoqoriyanın müstəqilliyinin tanınması mühüm hadisədir, çünki bundan sonra beynəlxalq ictimaiyyətin Qarabağı tanımamasının səbəbini izah etmək çətin olacaq.


Separatçıların əlindən yanıqlı olanlar tam əksini deyirlər: Çernoqoriyayla keçmiş Sovet separatçıları arasında fərq var. Çernoqoriyada qanun güclüdür. Nəhayət, seçki Avropanın, həm də Serbiyanın ciddi nəzarəti altında keçib. Amma məsələn, Qarabağda Bakının nəzarətiylə seçki keçirilməsi təsəvvür olunmazdır, çünki Bakı Qarabağı tanımır.


Prezidentin keçmiş köməkçisi Eldar Namazov deyir ki, Qarabağı Çernoqoriyayla müqayisə etmək nə hüquqi, nə də siyasi cəhətdən mümkündür: "Çünki Qarabağ Azərbaycanın ərazisiydi, Ermənistan onu işğal edib, beynəlxalq hüquq normalarını pozub, etnik təmizləmə aparıb. Çernoqoriyayla Serbiya isə həmişə bərabər statuslu olublar".


Gürcüstanın keçmiş xarici işlər naziri İrakli Menaqarişvili isə Çernoqoriyanın keçmiş Sovet məkanındakı münaqişələrlə müqayisəsinin təhlükəli olduğunu deyir: "Burda paralellər aparmaq nəinki qəbulolunmaz, həm də təhlükəlidir. Bu münaqişələrin hərəsinin özünəməxsus tarixi, siyasi ölçüsü var. Ona görə də onlar ayrılıqda müzakirə olunmalı, ayrı yolla həll olunmalıdır. Ümumiləşdirməyə cəhd nəinki qəbulolunmaz, həm də təhlükəlidir".


ATƏT-in hazırkı sədri Karel de Quxt deyir ki, Çernoqoriya «donmuş münaqişələr»in həlli üçün nümunə ola bilər, amma əgər bütün tərəflər referendumun nəticələrini qəbul etməyə hazırdırlarsa: "Məhz buna görə müstəqilliyin tanınması üçün 55 faiz səs həddi mühüm element idi. Bunu bütün tərəflər qəbul etmişdilər. Nəticələrinə, təşkilinə şübhə olan referendum özlüyündə fikir ayrılığına səbəb ola bilər. Beləliklə, referendum həll ola bilər, əgər hamı nəticələri qəbul edirsə".


Amma Bakı indi Qarabağı yalnız nəzarətsiz, cinayətkarlar üçün əlverişli məkan hesab edir. Həm də buna görə ATƏT sədrinin nəzərdə tutduğu referendum Qarabağ üçün real deyil.


XS
SM
MD
LG