Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:19

«Türkiyə Azərbaycanın mövcudluğunun qarantıdır»


İlqar Məmmədov
İlqar Məmmədov
«Türkiyə Azərbaycanın mövcudluğunun qarantıdır». Politoloq İlqar Məmmədov «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib. O, hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasından xeyri əsasən Azərbaycan görəcək:

«Azərbaycanın xeyrinə olan bu addıma qarşı ölkədə elə bir rəsmi təbliğat qurublar ki, adam təəccüblənir. Bu dərəcədə ağılsızlıq olar?! Telekanallarda Türkiyəyə qarşı o həyasız kampaniya, isteriya nədir? Unutmayın ki, Türkiyə Azərbaycanın dünya xəritəsində mövcudluğunun yeganə qarantıdır. Türkiyə olmasa, sabah Azərbaycan da iki saniyədən sonra yoxdur».

Verilişin digər qonağı Mübariz Əhmədoğlu isə düşünür ki, Azərbaycanda heç kim Türkiyəyə qarşı kampaniya aparmır və buna ixtiyarı da yoxdur:

«Söhbət Türkiyəyə bu gün rəhbərlik edən AKP-nin siyasətindən gedir. Oranın müxalifəti isə Azərbaycanın mövqeyindədir. Dəniz Baykal, Dövlət Bahçalı bizimkilərdən də sərt sözlərdən istifadə ediblər».

Mübariz Əhmədoğlu qarant məsələsinə də şübhəylə yanışır:

«Tacikistan, Ermənistan, Monqolustan – bu ölkələrin ətrafında heç də dost olmayan dövlətlər var. Bir şey baş verirmi?»

Bu fikrə İlqar Məmmədov qəti etirazını bildirir:

«Əgər belədirsə, onda niyə 2001-ci ildə iki İran gəmisi bizimkilərə atəş açanda, yarım milyona yaxın adam 5-6 türk hərbi təyyarəsini salamlamaq üçün «Azadlıq» meydanına çıxdı. Bacarırdıqsa, özümüz özümüzü qoruyardıq. Gəlin, haqqı danışaq».

Mübariz Əhmədoğlu
İlqar Məmmədov onu da deyir ki, sərhədlərin açılması imkan verəcək ki, Ermənistan Rusiyadan qopsun:

«Bundan sonra Ermənistanla Dağlıq Qarabağ münaqişəsi haqda tamamilə başqa cür dialoq aparmaq olar. Və razılaşmalar da başqa cür olacaq. Kreml də bunda maraqlı deyil. Sülh sazişi isə məhz Rusiya tərəfindən pozula bilər. Türkiyə də görür ki, 16 illik izolyasiya siyasəti bir xeyir vermir, başqa bir siyasət haqda düşündü. Bu, doğru addımdır. Əgər bir siyasət nəticə vermirsə, siz o siyasəti dəyişməlisiniz».

Mübariz Əhmədoğlu isə hesab edir ki, Azərbaycan rəhbərliyinin Türkiyədəki həmkarlarına qarşı tutduğu mövqe tamamilə əsaslıdır:

«Biz bu gün erməni lobbisinin fəaliyyətindən əziyyət çəkirik. AKP hökumətinin bəlkə də ən böyük səhvi odur ki, erməni diasporasının təşkilatlanmasına şərait yaradır».

Mübariz Əhmədoğlu sual edir: iqtisadi böhran zamanı Türkiyənin Ermənistanla sərhəddini açmağa nə ehtiyacı var?

«Onda Türkiyə ilə İran arasında nə fərq var? İran Azərbaycanı axı bu mənada vaxtilə satıb».
XS
SM
MD
LG