Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:48

«Şəriət qanunu olan yerdə başqa qanuna nə ehtiyac?»


«Kimsə yaxınına hörmət qoyur, ehsan verir, yenə özü bilər, ixtiyarı var. Kimin imkanı yoxdursa, verməsin»
«Kimsə yaxınına hörmət qoyur, ehsan verir, yenə özü bilər, ixtiyarı var. Kimin imkanı yoxdursa, verməsin»
Bakıdakı əksər məscidlərin divarından bəzi xidmətlərlə bağlı tarif siyahısı asılıb. Amma bəzən məscidlərdə qiymət fərqliliyi gözə dəyir. Bəs eyni şəhərdə vahid tarifin tətbiqi doğru olmazdımı? Eyni işə görə, məsələn, ölü yumağa, kəfənə tutmağa və başqa xidmətlərə görə, qiymətlər nəyə görə fərqlənməlidir ki?

Qafqaz Müsəlmanları İdarəsinin təşkilat şöbəsinin müdiri Əlirza Qafarlı «Azadlıq» radiosuna deyir ki, islama görə, əslində, meyitin yuyulmasına, kəfənə tutulmasına, dəfn olunmasına, namazının qılınmasına görə pul alınmamalıdır. Amma görülən bəzi işlərə görə, ölü sahibi halallıq verməlidir:

«Yəni meyitə verilən üç qüsula pul alınmamalıdır. Amma meyiti yuyana halallıq üçün pul verilməlidir. Və ya meyitin kəfənlənməsini götürək, kəfən, istifadə olunan bəzi vasitələr pulla alınır axı. Bundan başqa, mərhumun dəfnində bir sıra əməllər də vacibdir. Dəfndə bu əməlləri icra edən, əziyyət çəkən mollaya da zəhmət haqqı vermək lazımdır».

O ki qaldı, məscidlərdə asılan tariflərdəki fərqlərə, Əlirza Qafarlı bunun da səbəbini izah edir:

«Meyit yuyucuxanalarında qiymətlər fərqli ola bilər. Hər şey asılıdır məscidin və ya məscid yaxınlığındakı yuyucuxananın işlətdiyi işıqdan, sudan və başqa sosial xərclərdən. Bütün bu xərclər nəzərə alınıb müəyyən məbləğ deyilir. Və bir də meyitin büküldüyü kəfənin qiyməti də hesablanır. Ona görə, bir məsciddə 20 manat yaza bilərlər, başqa məsciddə 40-50 manat».

İdarənin başqa bir əməkdaşı, elm və təhsil şöbəsinin müdiri, «Kəlam» jurnalının baş redaktoru Mirəziz Seyidzadə isə belə deyir:

«Qəbir qazmaq, ölü yumaq, qüsul vermək sənət ola bilməz. İslama görə, hər kəs ölüsünün qəbrini də qazmalıdır, onu yumalıdır da, qüsul da verməlidir, kəfənin də biçməlidir. Bacarmırsa, bacaran müsəlmandan kömək istəsin. Məsciddən də kömək istəyə bilər. Amma məsciddə ölü yumaq düzgün deyil».

Mirəziz Seyidzadənin bu fikrini söhbət etdiyim başqa ruhanilər də bir ağızdan təsdiqlədilər.

Əlirza Qafarlı: «Məsciddə ölü yumaq şura hökumətindən qalma ənənədir. Məcid yalnız ibadət üçündür. Sovet dövründə məcbur qalıb məscidlərin həyətində yuyucuxanalar yaradıldı. Bu o vaxtkı zərurətiydi. İndi də şəhər böyüyüb».

Qəbir yerinin pulla satılması və ya qəbirin pulla qazılması islama ziddir
Mirəziz Seyidzadə məsciddəki xidmətlərin pullu olmasını da sovetdənqalma ənənə adlandırır:

«Düzdür, bu adam işi görürsə, muzd almalıdır də, hamballıq eləməməlidir ki. Bir də tariflərin qoyulması sovet rejimindən qalıb. İnşallah «Təzəpir» məscidi təmirdən çıxandan sonra şəriətin bütün qayda-qanunlarına əməl ediləcək».

«Təzəpir» məscidinin adının çəkilməsini istəməyən əməkdaşı isə «Azadlıq» radiosuna müsahibəsində bunları deyir:

«Bizim məsciddə bu xidmətlərlə bağlı vahid tarif yoxdur. Kimsə gətirib yaxınını məscidə atır, 20 metr kənarda durursa, məsciddə onun əvəzinə bu işi görəni də razı salmalıdır. Məscid ölüxana deyil. Ata-ana əziyyət çəkib ev qurubsa, elə evindən də götürülsün. Gəlin, bunu təbliğ edək. Qiymət söhbəti eləməksə düz deyil. Özləri eləmir, ölü yuyana da çıxarıb 40-50 manat pul verən kimi danışırlar. Ya səhər saat 8-dən gecəyarıya kimi mollanı yas məclisinə aparırsa, bunun da haqqını ödəməlidir. Və ödəyirsə, bunu da danışmaq lazım deyil. Kimsə əzizinə «Quran» oxutdurur, qarşılığında tutalım mollaya 50 manat verir, molla da ona bir həftə əziyyət çəkir. Onda da deyirlər ki, «Quran»ın qiyməti yoxdur, qiyməti yoxdur, onda on min manat verin də…»

QMİ-nin təşkilat şöbəsinin müdiri Əlirza Qafarlının isə bu məsələyə münasibəti belədir:

«Mərhumun ruhuna «Quran» oxumaq üçün konkret qiymət qoymaq şəirətə görə, düzgün deyil…»

Söhbət etdiyim dindarlar bunu da bir ağızdan deyirlər ki, qəbir yerinin pulla satılması və ya qəbirin pulla qazılması da islama ziddir. Amma Əlirza Qafarlı əlavə edir:

- Torpağın baha qiymətə satılması isə zamanın tələbindən irəli gəlir. Bunun islama bağlılığı yoxdur.

- Dövlət bu işlərə nəzarət etməlidirmi?

- Din dövlətdən ayrıdır deyə biz bu haqda danışa bilmərik. Bu həm islama, həm də ölkə qanunlarına görə düzgün deyil.

Yeri gəlmişkən, Azərbaycanda həm toy, həm yas mərasimlərini tənzimləmək üçün qanun layihəsi hazırlandığı, hətta ilkin variantının həm Qafqaz Müsəlmanları İdarəsi,
Parlamentin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli
həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə müzakirə edildiyi də bildirilirdi. Amma yas mərasimlərini qanunla tənzimləmək, onilliklərlə formalaşan adət-ənənələrə düzəlişlər gətirmək elə də asan deyilmiş. Layihə müəllifləri özləri də mətbuatdan gizlətmirlər ki, bəzi məqamda razılığa gələ bilmirlər. Məsələn, parlamentin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli mətbuata demişdi ki, Azərbaycan Tacikistanda olduğu kimi hər şeyi çərçivəyə sala bilməz, ortaq məxrəc tapmaq lazımdır. O etiraf edib ki, bəzən bu biznesi idarə edənlərdən, bəzən adi vətəndaşlardan qınaqlar eşidirlər. Hadı Rəcəbli «Azadlıq» radiosuna deyir ki, bu il belə bir qanun layihəsi müzakirəyə çıxarılmayacaq:

«Çünki ortada belə bir qanun yoxdur».

Beləliklə, azı iki sual indilik açıq aqlır: sözügedən qanun layihəsi hazırlanıb başa çatacaqmı? Və orda qəbir yerlərinin vahid qiymətə satılması, məscidlərdəki tariflərlə bağlı müddəalar olacaqmı?

Qafqaz Müsəlmanları İdarəsində elm və təhsil şöbəsinin müdiri Mirəziz Seyidzadə isə qanunun qəbuluna tərəfdar deyil:

- Bizim yas mərasimlərimiz elə qanunla tənzimlənir də, şəriət qanunlarıyla. Şəriət qanunlarına biz sovet dönəmində də əməl etmişik, indi də. Şəriətdən başqa nə qanun?

- Amma bəzən yas mərasimlərinin çox təmtəraqlı keçirilməsinə iradlar olur və deputatlar bunun qarşısını almaq istəyirlər.

- Şəriətə görə, vəfat edən şəxslə bağlı bir neçə vacibat var: qüsul, kəfənləmə, namaz, dəfn. Qalan şeylər olmaya da bilər. İndi kimsə «üç», «yeddi», «cümə axşamı» verirsə, öz işidir, amma biz demişik və deyirik ki, ehsan vacib deyil. Kimsə yaxınına hörmət qoyur, ehsan verir, yenə özü bilər, ixtiyarı var. Kimin imkanı yoxdursa, verməsin. Bunu faciəyə çevirmək olmaz. Düzdür, bu əməllər şəriətdə məqbul sayılmır. Şəriət qanunlarını isə nə Milli Məclis, nə başqa qurum tətbiq edə bilər. Şəriət qanunları düz qiyamətə kimi davam edəcək.

- Amma bu da var ki, şəriətə görə, mərhumun qəbri üstündə sadəcə, nişanə qoyulmalıdır, dəbdəbəli başdaşları da islama ziddir. Hərçənd Azərbaycanda şəriətin bu tələbinə çox az adam əməl edir.

- Düzdür, bəziləri az qala abidə qoyur, təmtərağa qaçırlar. Bu, şəriətin ziddinədir. Amma buna neyləmək olar?
XS
SM
MD
LG