Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:55

Yeni vədlər Azərbaycanı hara aparır?


Minsk qrupu həmsədrlərinin Bakıda mətbuat konfransı. 6 iyun 2008
Minsk qrupu həmsədrlərinin Bakıda mətbuat konfransı. 6 iyun 2008
İl dəyişdi, Minsk Qrupunun həmsədrləri də yeni ilə uyğunlaşaraq növbəti optimist bəyanatlarını verdilər. Xüsusən də Minsk Qrupunun amerikalı həmsədri fəallığı ilə seçilir, amma onun diplomatik resursları xeyli zəifdir, kimisə ruhlandırmaq əvəzinə insanlarda sadəcə ironik gülüş yaradır.

Azərbaycan etiraf etməsə də, indi diplomatiya baxımından çox çətin vəziyyətdədir. Məğlubiyyəti qələbə kimi yozmaq ölkə rəhbərləri üçün adi haldır. Yaddaşlardan Lissabon sammiti hələ də silinməyib. Bu hakimiyyətin ən böyük zəifliyi ondadır ki, bunlar Azərbaycanın milli problemlərini dünya siyasətinin gündəminə gətirmirlər. Hazırda onları ən çox düşündürən məsələ odur ki, konstitusiya edilən son dəyişiklərə Qərbin reaksiyası necə olacaq? Desək ki, Qarabağ problemi artıq Qərbi düşündürmür, güman ki, səhvə yol vermərik. Yerli hakimiyyət daha çox iki amildən ehtiyat edirdi: ABŞ-ın və Avropa Şurasının münasibətindən. Amma hiss olunur ki ehtiyat üçün ciddi bir əsas yoxdur. Avropa Şurasının yaz sessiyasında ölkədə keçirilən seçkilər və referendum müzakirə predmeti oldu. Amma Şuranın bəzi funksionerlərinin reaksiyasından məlum olur ki, onlar referenduma münasibətdə yüngül tənqid ilə kifayətlənirler.

Dağlıq Qarabağ problemi ilə bağlı bir neçə istiqamətdə səhvə yol verildi.
Ən böyük səhvlərdən biri bu idi ki, zaman Azərbaycanın xeyrinə işləyir. Amma sonradan məlum oldu ki, əksinə zaman bir qədər əks istiqamətdə də təsir edir, zaman keçdikcə bir çox məsələlər unudulur və yaddaşlardan silinir. İqtisadi üstünlüklər konsepsiyası özünü tam doğrultmadı – Ermənistan on ildən artıq təcrid edilmiş halda yaşasa da öz mövqeyindən geri çəkilmək fikrində deyil.

Minsk Qrupunun həmsədrləri haqqında da eyni sözləri demək olar. Həmsədrlər üçün Azərbaycanla əlaqələr daha çox əhəmiyyət daşısa da onların ürəyi daha çox Ermənistana tərəf meyl edir.

Rusiya üçün bölgədə «forpost» rolunu oynayan Ermənistanı ABŞ və Fransa da daha çox müdafiə edir. Burada hansısa obyektiv reaksiyadan danışmaq çətindir, çünki dünya siyasəti subyektiv sterotiplərə çox meyl edir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG