Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:58

Azərbaycanın AŞ qarşısında öhdəlikləri…


Andres Herkel: «Azərbaycanda təəssüf ki, başqa mənzərənin şahidiyik»
Andres Herkel: «Azərbaycanda təəssüf ki, başqa mənzərənin şahidiyik»

Mütəxəssislərin fikrincə, hökumətlə yanaşı müxalif düşərgə və cəmiyyətin siyasi iradəsi olmadan tövsiyələr yerinə yetirilməyəcək


Azərbaycan rəsmiləri Avropa Şurasının tövsiyələrinin yerinə yetirməməsi haqda deyilənləri qəbul etmirlər. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova görə, qətnamənin demokratiyaya və Avropa Şurasının prinsiplərinə cavab verən şərtləri yerinə yetirilib. Azərbaycanda prosesləri subyektiv mülahizələrdən asılı vəziyyətə sala biləcək tövsiylərsə bəzi korrektələrlə yerinə yetirilib. «Xüsusən Venesiya Komissiyasının seçki komissiyaları və seçkilərin keçirilməsi ilə bağlı bəzi tövsiyələri. Ona görə də Avropa Şurasında qəbul olunmuş bu tipli qətnamələr və ya əvvəlcədən formalaşmış fikirlər reallığı əks etdirdiyini düşünmürəm».


AŞ PA həmməruzəçisi Andres Herkelsə «Azadlıq» radiosuna cənab Həsənovla razılaşmadığını bildirib. O hətta təkrar seçkilərə qədər yerinə yetirilməli olan tövsiyələrin belə reallaşmadığı qənaətindədir. Düzdü, o seçki saxtakarlığı ilə bağlı araşdırma aparıldığını, kimlərinsə məsuliyyət cəlb olunduğunu etiraf edir. Amma hesab edir ki, bu çox məhdud şəkildə araşdırmadır. Eyni zamanda, cənab Herkel kütləvi aksiyaların keçirilməsinə imkan verilmədiyini, söz azadlığına son zamanlar ciddi problemlər yarandığını, Bahəddin Həziyevə və başqa jurnalistlərə qəddar münasibətlərin şahidi olduqların deyir. Bundan başqa, həmməruzəçi AŞ PA-nın Seçki Məcəlləsinin dəyişdirilməsində hələ də israrlı olduğunu xatırladır.


Amma Əli Həsənov düşünür ki, sərbəst toplaşma və söz azadlığının təmin olunması kimi tövsiyələr seçkiqabağı dövrə aid deyildi. Bu tövsiyələr gələcəkdə mövcud qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur ki, ona da zamanı gələndə baxacaqlar. O ki qaldı, Seçki Məcəlləsinin dəyişdirilməsinə, xüsusən də seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılmasına, hakimiyyət bununla bağlı müzakirələrə hazırdır. Parlament Venesiya Komissiyasının bununla bağlı təkliflərini payız sessiyasında müzakirə etdikdən sonra quruma göndərəcək.


Ekspert Şahin Abbasovun qənaətincə, Azərbaycan hakimiyyəti islahatları çox ləng aparır. İndisə Azərbaycanın mövqeyi daha da möhkəmlənib. İlham Əliyevin ABŞ-a uğurlu səfərindən sonra demokratik islahatlar məsələsi arxa plana keçib. Bundan başqa, ölkənin iqtisadiyyatı güclənir, gəlir artır. Ona görə də ekspert özünə arxayın olan hökumətin demokratik dəyişikliyə həvəssiz yanaşdığını düşünür.


Andres Herkelsə hesab edir ki, dəyişikliklər üçün hakimiyyətin sadəcə, xoş məramı olmalıdır. Qarabağ, qaçqınlar və gənc dövlət olmaq haqda hökumətin gətirdiyi bəhanələr əsassızdır. «Burda AŞ PA-da müzakirələr zamanı çıxışlar oldu ki, bütün qüsurlar gənc demokratiyanın yaratdığı çətinliklərdir. Xatırladım ki, mən özüm də keçmiş sovet ölkəsindən çıxmışam. Mən də gənc demokratiyanın çətinliklərini yaxşı anlayıram. Bu, hüquqi dövlət yaratmaq yönündə çətinlikdir. Bu, siyasi mədəniyyətin formalaşdırılması zamanı yaranan çətinlikdir. Bu çətinlik hətta sevmədiyin, rəğbət bəsləmədiyin adamlarla işləməkdədir. Amma ölkənin inkişafı naminə əziyyət çəkib rəqiblərlə əməkdaşlıq etmək vacibdir. Azərbaycanda təəssüf ki, başqa mənzərənin şahidiyik, başqa cür düşünən siyasi rəqiblərin sıxışdırılmasını görürəm. Bu artıq gənc demokratiyanın yaratdığı çətinliklər deyil».


«Ayna-Zerkalo» qəzetlərinin yazarı Rauf Mirqədirov təəssüflə qeyd edir ki, Azərbaycanda siyasi iradə bir müddət əsas rol oynayacaq. Buna görə də AŞ PA-nın iyun qətnaməsində də iki il sonra keçiriləcək prezident seçkilərinin demokratik keçirilməsi üçün güclü iradə tələb olunduğu deyilir. «Lap tutaq ki, seçki komissiyaları paritet əsasda formalaşdırıldı. Seçki komissiyalarını satın almaq mümkün olmayacaq ki?». Rauf Mirqədirova görə, cəmiyyət qanunun aliliyini sona qədər anlamır, müxalifət söz sahibi deyil deyə hakimiyyət hələ ki öz iradəsini yeridir. Hökumətlə yanaşı müxalif düşərgə və cəmiyyətin siyasi iradəsi olmadan tövsiyələr yerinə yetirilməyəcək.


XS
SM
MD
LG