Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 03:58

«Zərdabini düşünəndə özümüzü düşünmürüksə, heç Zərdabini də anmağa dəyməz»


Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi

«İz» bu dəfə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabini anır. Təkcə ilk qəzetin banisi kimi yox, neçə-neçə başqa «İlklərin» və həm də ilk çağdaş ailənin banisi kimi anır.


TAHİR AYDINOĞLU: Zərdabidən şövqlə danışanlar, elə biz jurnalistlər də, hər dəfə onun xanımı Hənifə Məlikova-Abayevanı – Qafqazın «vəhşi dağlarından» gəlmiş və sonralar Avropa təhsili almış, xalq müəllimi kimi sonsuz fədakarlıqlar yapmış işıqlı qadını da anmalıyıq...


AZADLIQ: Araşdırmaçı jurnalist Tahir Aydınoğlunun qeydlərinə bir az ara verib, Zərdabi haqqında essenin müəllifi fəlsəfə doktoru Rəhman Bədəlovun fikirlərinə nəzər salaq. Professor, Zərdabi haqqında bildiklərimiz çoxdur, ya bilmədiklərimiz?


RƏHMAN BƏDƏLOV: Söz ki, bilmədiklərimiz. Onun ağrısı-acısı, istəkləri, uğur və məğlubiyyətləri onun yazılarından qat-qat çox şeylərin üzərindən pərdə götürür. Bəzən yazılanlardansa eşitdiklərimiz daha dəyərlidir.


TAHİR AYDINOĞLU: Görkəmli ədəbiyyatşünas alim və ictimai xadim Abbas Zamanov tələbələrinə danışırdı ki, çağdaş Azərbaycan uğrunda 2 xanımın xidmətlərini unutmaq olmaz—Həsən bəy Zərdabinin xanımı Hənifə Abayevanı və Cəlil Məmmədquluzadənin ömür yoldaşı Həmidə xanımın. Biri «Əkinçi»nin formalaşmasında, digəri «Molla Nəsrəddin» dərgisinin davamlı nəşrində misilsiz rol oynayıb və əgər Həmidə xanımın Mirzə Cəlil haqqında bioqrafik səciyyəli xatirələri çap olunubsa, təəssüf ki, Hənifə Abayevanın xatirələri Azərbaycan dilində oxuculara çatdırılmayıb. Abbas müəllim biz tələbələrə həmin əsəri də xalqın diqqətinə yetirməyi vəsiyyət etmişdi. Nə yaxşı ki, bunu bacardıq və Hənifə Abayevanın xatirələri ayrıca kitab şəklində çapdan çıxdı.


ŞİRMƏMMƏD HÜSEYNOV: İsmayıl bəy Qaspralı Əli bəy Hüseynzadəyə yazırdı ki, «Əkinçi»nin nəşri millətə imkan yaratdı ki, tək gözlə də olsa, dünyaya baxsın. İndi «Həyat»ın nəşri Qafqaz türklərinin dünyaya və özlərinə 2 gözlə baxmasını saxlayacaq. Hərçənd, türklərdən qat-qat azsaylı xalqlar 100-lərcə qəzet çıxarır və deməli, özlərinə və dünyaya 100-lərcə gözlə baxır. Yəni, özünü və dünyanı daha yaxşı, daha aydın sezir.


AZADLIQ: Tahir bəy, Zərdabinin evlilik hekayəsi nədən diqqətinizi çəkdi?


TAHİR AYDINOĞLU: O səbəbdən ki Zərdabi təkcə ilk milli qəzetin, ilk milli teatrın, ilk milli məktəbin və s. «ilklərin» müəllifi deyil, o, həm də ilk çağdaş və örnək sayılası Azərbaycan ailəsini yaradıb və bu, Həsən bəyin digər xidmətlərindən heç də az qiymətləndirilməməlidir.


AZADLIQ: Çox gözəl. Bəlkə Həsən bəyin evlilik hekayəsini xatırladasınız?


TAHİR AYDINOĞLU: Böyük həvəslə. Həsən bəy gec evlənib, çünki təhsilli, çağdaş bir xanımla ailə qurmaq istəyirdi. Uzun illər çalışdığı Qubada, Zərdabda, Bakıda belə bir qadını tapa bilməmişdi. Tiflisdə olarkən, gözü bir qəzet elanına sataşır. Gimnaziya məzunlarının şəkli arasında bir qızın adını da yadda saxlayır və düz gedir həmin gimnaziyanın direktorunun hüzuruna. Beləcə, Hənifə Abayeva ilə – Şimali Qafqazdan gəlmiş bir türk-müsəlman xanımı ilə tanış olur. Direktor bu evliliyə çox isti baxır və Hənifə xanım kimi kübar və təhsilli bir qızın vəhşi dağlardansa neft Bakısına getməsinə ürəkdən sevinir. Həsən bəy molla gətirir, kəbin kəsdirir və ordaca milli qaydayla toy çaldırır. Şanlı bir ailənin – Azərbaycan ailəsinin tarixi belə başlanır.


AZADLIQ: Tahir bəylə söhbətə ara verib, «Zərdabi» essesinin müəllifi Rəhman Bədəlova daha bir sual ünvanlayaq. Professor, Zərdabi deyərkən, «çağdaş cəmiyyət», «seçki», hətta «demokratiya» anlayışları yada düşür. Bu anlayışlar barədə ilk dəfə və sistemli olaraq Həsən bəy söz açıb. «Yeni ailə» kontekstində Zərdabidən nə demək olar?


RƏHMAN BƏDƏLƏOV: Zərdabini düşünəndə özümüzü düşünmürüksə, heç Zərdabini də anmağa dəyməz!.. Zərdabi aramsız olaraq bizləri dəyişməyə səsləyirdi. Patriarxal dünyaduyumundan, stereotiplərdən, tarixdən qıraqda yaşamaqdan əl çəkməyə çağırırdı. O, geriliyi bizlərə yaraşdırmırdı. Bu səbəbdən hər şeydə çağdaş olmağa can atır, özü örnək olurdu.


ALİYƏ ABBASOVA (qocaman muzey işçisi): Zərdabi və xanımı, bütün imkansızlıqlarına baxmayaraq, son tikələrindən kəsərək, sahibsiz və tənha uşaqlara yiyə durur, onları darısqal evlərində açdıqları «xalq məktəbi»ndə oxudurdular. Ünlü bəstəkar Rauf Hacıyevin anası da həmin uşaqlardan biridir və həmin sahibsiz ana məhz xanım Abayeva və Həsən bəyin sayəsində təhsilli və gözüaçıq qadına çevrilərək Azərbaycana, həm də dünyaya istedadlı bir sənət adamı bağışladı. Üzeyir bəyin «Leyli və Məcnun» operası da bu ailənin təşəbbüsüylə yazılıb. Həsən bəy gənc Üzeyirə deyirmiş ki, muğam oxuyanların aktyor kimi də oynadıqları bir tamaşa yaz. Təəssüf ki, bütün Şərqdə ilk muğam operasının premyerası Zərdabinin ölümündən bir il sonra – 1908-ci ildə baş verdi.


AZADLIQ: «Bəs bu ailənin taleyi necə oldu?» sualıyla araşdırmaçı jurnalist Tahir Aydınoğluna üz tuturuq.


TAHİR AYDINOĞLU: Professor Abbas Zamanov bir həqiqətin üstünü açıb. Sən demə, Zərdabi 3 dəfə dəfn edilib. 1-ci dəfə Bibiheybət məzarlığında, 2-ci dəfə – repressiya illərində - adi şəhər qəbiristanlığında və 3-cü dəfə indiki məzarlıqda – Fəxri Xiyabanda. Zərdabinin 2 oğlu, 2 qızı olub. Sovet dönəmində Hənifə xanım müəllimliyini sürdürsə və çox böyük faydalar versə də repressiyadan yayına bilməyib. Oğulları barədə dəqiq məlumat yox səviyyəsindədir. Pəri xanım (Ə. Topçubaşovun xanımı) xaricdə – mühacirətdə dünyadan köçüb. Digər qızı Qərib Soltan biganəlik və yoxsulluq içərisində çırpınıb və məhz onun – Zərdabinin bu ağlını itirmiş son yadigarının sayəsində sonralar gizli qəbir (2-ci qəbir) üzə çıxarılıb. Universitetin tələbələri o qəbri öz təşəbbüsləri ilə tapıb indiki yerinə köçürüblər...


RƏHMAN BƏDƏLOV: Zərdabi və xanım Abayeva indi də yaşasaydılar, yəqin yenə dönməz və məğrur qalar, amma heç sevinməzdilər. Axı onlar kosmetik deyil, gerçək dəyişikliklər istəyir, Azərbaycan vətəndaşlarının öncül dünyayla bütünləşməsini istəyirdilər. Azərbaycanın yeni tarixi Zərdabiylə başlasa da, o, hələ də keçid dönəminin ən faciəli şəxsi sayılmalıdır. Onu və xanımı Hənifə Abayevanı sevindirmək, ruhlarını dincəltmək üçün hələ çox işlər görməliyik.


XS
SM
MD
LG