Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:32

Bülənt Əlirza: «Ərdoğanın səfəri Ankara ilə Bakını barışdıracaq»


Bülənt Əlirza
Bülənt Əlirza
Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirza Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanın Bakıdakı çıxışından dərhal sonra “Azadlıq” radiosunun suallarına cavab verib.

Türkiyənin baş naziri Ərdoğanın bu gün Bakıda Azərbaycan torpaqlarının işğalına son qoyulmayınca, Ermənistanla sərhədin açılmayacağına dair bəyanatı prezident Əliyevi gerçəkdən məmnun edə bilərmi? Yənu bu, Ermənistan-Türkiyə yaxınlaşması zamanı Bakı ilə Ankara arasında qalxan bütün məsələləri həll edə bilərmi?

Təbii ki, bir inamsızlıq problemi ortaya çıxdı. Əvvəllər “bir millət iki dövlət” deyə, Bakı ilə Ankara bir-birinə çox yaxın idi. İnamın sarsıldığını görürük. Amma Ərdoğanın bu səfəri və verdiyi təminatlarla hesab edirəm ki, münasibətlər bərpa olunar. Ancaq yenə də Türkiyənin qarşısında bir problem var ki, Ermənistanla başlayan müzakirələr hara gedəcək?

ABŞ-ın da istəyi ilə həm Ermənistanla müzakirələri irəlilətmək, həm də Azərbaycanla münasibətləri yaxşı saxlamaq Türkiyə diplomatiyası üçün çox çətin olacaq.

Sizcə, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasında çətinliklər yarada biləcək bu addımı niyə atdı? Azərbaycanın daha önəmli olduğunu anladı, yoxsa, burada başqa məsələ var?


Hesab edirəm ki, Ərdoğan Bakıya gedib bu sözləri söyləməklə Azərbaycanın önəmini qeyd etmiş oldu. İndi məncə, qarşıdakı dövrdə Bakı ilə Ankara arasında münasibətlər daha yaxşı vəziyyətə gələcək.

Sizcə, Azərbaycan Türkiyənin işini asanlaşdırmaq üçün nə etməlidir?

Bu, Qarabağ danışıqlarının gedişinə bağlıdır. Mən Ermənistanın 17 ildən bəri işğal etdiyi torpaqların asanlıqla qaytaracağına inanmıram. Bu da olmasa, bütün söz-söhbətlərə baxmayaraq, Azərbaycan hər hansı razılaşmanı qəbul etməz. Azərbaycan razılıq vermədən də indiki vəziyyətdən irəli getmək mümkün olmayacaq.

Türkiyə qonşuları ilə sıfır problem siyasəti çərçivəsində Ermənistanla münasibətləri yoluna qoymağa çalışır.

Burda önəmli olan həm də ABŞ-la əlaqələrdir. Prezident Barak Obamanın çıxışı ərəfəsində - soyqırım baş verdiyi iddia edilən 24 apreldən əvvəl Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair yol xəritəsi imzalandı. Həmin sənədin də təsiri ilə Obama soyqırım sözünü ingilis dilində yox, erməni dilində soylədi. Amma indi 24 aprel artıq geridə qalıb.

Məncə, bu Türkiyə-ABŞ əlaqələrində bir problem ola bilər. Amma 24 apreldən əvvəl yol xəritəsi sənədinin imzalanması kimi bəzi addımlar atıldığında problemlərin çox da böyük olacağını gözləmirəm.

Ermənistanla əlaqələr də məlumdur ki, Bakı ilə Yerevan arasında müzakirələrə bağlıdır. Hesab edirəm ki, ən sağlam vəziyyət də elə budur.

Bu yaxında Praqada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü oldu. Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza görüşdən sonra çox optimist bəyanat verdi. Amma Bakı qətiyyətlə bildirir ki, burda heç bir inkişaf olmayıb. Siz danışıqların indiki mərhələsi barədə nə deyə bilərsiniz?

Amerikalı həmsədr çox optimist bəyanatları əvvəllər də vermişdi. Onun verdiyi məlumatlardan, bundan sonra Azərbaycanın Xarici İşlər nazirinin verdiyi məlumatdan görünür ki, burda çox ciddi fikir ayrılığı var. Burda vacib olan bəyanatlar deyil, səssiz-səmirsiz əvvəlcə Ermənistanın geri çəkilməsini təmin edən addımların atılmasıdır. Bu, olmasa, heç bir irəliləyiş baş verməyəcək.

Türkiyə ilə Azərbaycan arasında qaz satılmasında da bir problem var. Bu necə həll edilə bilər. Görünür, o da ikitərəfli məsələlərdə bir ayrı çətinlikdir...

Məlum olur ki, siyasi sahədə güvənsizlik qaz danışıqlarına da təsir edib. Baş nazir Ərdoğan qaz üçün istənilən məbləğin çox yüksək olduğunu bildirir. İndi həm də Nabukko kəməri layihəsi üçün müzakirələr gedir. Bu kəmər üçün Azərbaycan qazı gözlənir.

Siyasi münasibətlər daha yaxşı vəziyyətə gəlsə, məncə, bu kimi enerji problemlərini həll etmək də daha asan olacaq.

Ərdoğan Moskvaya gedir. Sizcə, onun Moskvaya mesajı nə olacaq?

Mən bunu da çox vacib səfər hesab edirəm. Məlumdur ki, Tayyib Ərdoğan Vladimir Putinlə görüşündə Qafqazda sülh movzusunu müzakirə edəcək və bu məsələdə Rusiyanın yardımını istəyəcək. Yəni, aydındır ki, Qafqazda sülhün bərqərar olmasında Vaşinqtonun cəhdləri yetərli deyil, Moskvanın da bu məsələdə qərarını görmək lazımdır.

Bu baxımdan, Ərdoğanın Putinlə görüşü önəmlidir.
XS
SM
MD
LG