Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 03:52

«Çalışacam ki, Eynulla azadlığa çıxan kimi Azərbaycandan getsin»


Emin Fətullayev
Emin Fətullayev
«Mən çalışacam ki, Eynulla azadlığa çıxan kimi Azərbaycandan getsin». Bunu «Azadlıq» radiosuna 8 il yarım həbs cəzası alan «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev deyib. Onun fikrincə, Eynulla kimi jurnalistlərə Azərbaycanda yer yoxdur.

Jurnalist Eynulla Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsindən ABŞ prezidenti Barak Obamaya təşəkkür məktubu göndərib. Həmin məktubda Eynulla yazır ki, «sizin Azad Mətbuat Günü verdiyiniz bəyanat bizi ruhlandırdı və demokratik dəyərlər uğrunda mübarizəyə inamımızı artırdı».

Emin Fətullayev deyir ki, hazırda Eynullanın həbsinin qanunsuz olması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcək yekun müraciətin mətnini hazırlayırlar. Bu müraciət mayın 27-nə qədər Avropa Məhkəməsinə təqdim edilməlidir. E.Fətullayev bildirir ki, Azərbaycan hökumətinin prosesləri 2 ay yubatdıqdan sonra Avropa Məhkəməsinə göndərdiyi cavab onları qane etməyib:

- Mən ümid edirəm ki, Avropa Məhkəməsində Eynullanın qərəzli şəkildə həbs edildiyi aydınlaşacaq və o azadlığa çıxacaq.

- Emin müəllim, Eynulla Fətullayevin həbsindən artıq iki il keçir. Onun iki illik həbsxana həyatını necə dəyərləndirirsiniz?

- Mən bu iki ilə itirilmiş vaxt kimi baxmıram. Birincisi, bəziləri Eynullanı ayrı-ayrı nazirlərlə, ayrı-ayrı təşkilatlarla bağlayırdılar. Eynullanın həbsi onun təmiz adını üzə çıxartdı. İkincisi də bu iki ildə o dünyanın ən müxtəlif ölkələrindən 13 mindən çox təşəkkür məktubu alıb. Eynullanı artıq bütün dünya tanıyır.

Eynulla Fətullayevin Barak Obamaya təşəkkür məktubu
- Emin müəllim, siz çox maraqlı məqama toxunduz. Doğrudan da bəzi dairələr hesab edirdilər ki, Eynulla hakimiyyətdaxili çəkişmələrin güdazına getdi. Yəni onu hakimiyyətin bəzi qollarına yaxın olmaqda günahlandırırdılar. Hesab edirdilər ki, Eynulla elə buna görə cəzalandırıldı.

- Eynulla yazılarına görə həbs edildi. O, bir məsələdən yazanda lap dərinliyə gedirdi. Korrupsioner məmurlar bu yazılara görə Eynulladan qisas almaq istədilər.

- Emin müəllim, bu iki il sizin üçün, Eynullanın anası üçün necə keçdi?

- Çox çətin. Mən kişiyəm, birtəhər dözürəm. Anası ağır xəstəliklərə tutuldu. Təzyiq bir yandan, şəkər bir yandan…

- Emin müəllim, ümid edək ki, yaxın vaxtlarda Eynulla bəy azadlığa çıxacaq. Onun gələcək planları ilə bağlı danışmısınızmı? Yenə jurnalistika ilə məşğul olacaq?

- Eynulla yetkin insandır, gələcək həyatına özü qərar verəcək. Ancaq mən istəyirəm ki, o azadlığa çıxan kimi Azərbaycandan getsin. Bilirsiniz Eynulla Fətullayev kimi jurnalistlərə Azərbaycanda qiymət verilmir. Ona Azərbaycanda yer yoxdur.
XS
SM
MD
LG