Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:01

Ombudsmana daha bir şans verilir


Leyla Yunus deyir ki, bir nəfərin iki dəfədən çox ombudsman olmaq şansı qazanması yaxşı heç nə vəd etmir
Leyla Yunus deyir ki, bir nəfərin iki dəfədən çox ombudsman olmaq şansı qazanması yaxşı heç nə vəd etmir
Azərbaycanda ombudsmanın səlahiyyət müddəti artırılır. Bundan sonra insan haqları müvəkkili iki müddətə seçilmək hüququ qazanır. Söz yox, əgər parlamentin 95 faizi bir qrupun təşəbbüsünü dəstəkləyərsə. Bununla bağlı, artıq 60-dan artıq deputat müraciət edib.

Bu haqda «Azadlıq» radiosuna parlamentin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. Mayın 20-də parlamentin İnsan haqları komitəsiylə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu müraciəti birgə müzakirə etməlidir.

Bəs təşəbbüs müəllifləri təkliflərini nəylə əsaslandırırlar?

Rəbiyyət Aslanova:

«Cəmiyyətdə nüfuzu olan, öz fəaliyyətində yüksək prinsipləri rəhbər tutan bir insanın ikinci dəfə ombudsman olmaq şansını istisna etmək olmaz. Söhbət konkret bir şəxsdən getmir. Elə şəxslərdən gedir ki, cəmiyyət tərəfindən bu vəzifəyə layiq bilinirlər. Belə bir təcrübə başqa ölkələrdə var. Burda qeyri-adi heç nə yoxdur».

Yeri gəlmişkən, ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti bu ilin iyulunda başa çatır. Onun səlahiyyəti başa çatandan sonra prezident parlamentə üç namizədin adını təqdim etməli, Milli Məclis də onlardan birini təsdiqləməlidir.

Bəs hazırkı ombudsman qanuna dəyişiklikdən yararlana biləcəkmi? Deputatlar bu haqda qəti söz deyə bilmirlər. Amma bir məlumatı çatdıraq ki, Konstitusiya qanunu 95 səs çoxluğu ilə qəbul edilir, 6 aydan sonra isə təkrar səsverməyə çıxarılır. Və qanun yalnız təkrar səsvermədə qəbul edildikdən sonra qüvvəyə minir. Belə görünür ki, bu hüquqdan daha çox növbəti ombudsmanın yararlanmaq şansı var. Hərçənd prezident ombudsmanlığa namizədlərin siyahısını verməyə tələsməsə, vəziyyət dəyişə də bilər.

Hüquq müdafiəçisi Leyla Yunusa görəsə, ombudsman haqda qanuna bir yox, köklü dəyişiklik edilməlidir. Çünki mövcud qanunun özü ombudsmana müstəqil olmağa imkan vermir. Onun qənaətincə, ombudsmanlığa namizədlər təkcə prezident tərəfindən yox, həm də vətəndaş cəmiyyəti və ya müxalifət tərəfindən irəli sürülməlidir, namizədlərə seçki kampaniyası aparmaq imkanı yaradılmalıdır:

«O şəkildə ki, qanun qəbul olunub, imkan vermir ki, ombudsman müstəqil olsun. Çünki ombudsmanlığa üç namizədi prezident irəli sürür, parlament təsdiqləyir. İndisə ömürlük kimisə seçmək istəyirlər, deməli, heç bundan sonra başlarını ağrıtmaq istəmirlər. Deməli, heç kimi axtarmağa ehtiyac da görmürlər».

Leyla Yunus deyir ki, indisə bir nəfərin iki dəfədən çox ombudsman olmaq şansı qazanması yaxşı heç nə vəd etmir:

«Bu, onu göstərir ki, ümumiyyətlə, ombudsmanlıq formal qurum olacaq, müstəql insan haqları ofisi Azərbaycanda heç vaxt olmayacaq».

Parlamentin İnsan haqları komitəsinin üzvü İqbal Ağazadə də ombudsman haqda qanuna dəyişikliyi mənfi qiymətləndirir. Onun qənaətincə, yanaşma düzgün deyil:
«Bu, icra strukturundan asılılığı artıracaq. Bir dəfə seçilən ombudsman təbii ki, gələcəkdə təkrar seçilməyəcəyini anlayır və vicdanla işləməyə, başqa qurumlardan asılı olmamağa çalışacaq. Amma iki dəfə seçiləndəsə anlayır ki, onu yenə icra qurumu təqdim edəcək. Buna görə mənafelərini iqtidar partiyasının mənafelərinə uyğunlaşdıracaq».

Rəbiyyət Aslanova isə əksini düşünür, onun fikrincə, məhz yeddi ildə müstəqilliyini, obyektivliyini qoruyan ombudsman ikinci dəfə seçilə biləcək:

«Əgər o insan həmin tələblərə cavab verməyəcəksə, parlament onu təsdiqləməyəcək. Əvvəla, bu üç namizədin adını möhtərəm prezident göndərəcək, o yüz ölçülüb bir biçilmiş insan olacaq».

Politoloq Zərdüşt Əlizadə isə bu deyilənləri belə qiymətləndirir:

«Azərbaycanda monarxiyadır, prezident hər şeyi öz istədiyi kimi həll edir. Vəssalam. Ona görə ombudsmanın fəaliyyəti də sıfırdır. Necə ki, parlamentin və ya məhkəmələrin».

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevsə müzakirələrə bu cür son qoyur: sonuncu referendumda seçkili orqanlarda təmsil olunan şəxslərin seçilməsi ilə bağlı məhdudiyyət aradan qalxandan sonra başqa seçkili və təyinatlı vəzifələrlə bağlı məhdudiyyət də aradan qalxmalıdır. APA-ya açıqlamasında o, Baş prokuror və ombudsman vəzifələrinə təyinat müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılmasını təklif edib. Yeri gəlmişkən, İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova da, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov da Baş prokurorun səlahiyyət müddətinin artırılması ilə bağlı onlara hələ ki, hər hansı sənədin daxil olmadığını deyirlər.
XS
SM
MD
LG