Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:37

Ombudsmanlıq institutu xarici ölkələrdə


Özbəkistan Ombudsman Aparatının loqosu
OMBUDSMAN VƏZİFƏSİ

Ombudsman institutunun yaranmasının əsas məqsədi qanunların tətbiqinə və məmurların davranışına nəzarət etmək, vətəndaşların hakimiyyətin bütün qollarından şikayətini araşdırmaqdır.

Ombudsman Azərbaycan qanunvericiliyinə görə insan hüquqları üzrə müvəkkil hesab olunur. Xalq təmsilçisi kimi müvəkkilin işlərinin öhdəsindən gələ bilməsi üçün ona daha çox səlahiyyət verilməsi tələbi ortaya çıxıb. Ombudsmanların vəzifə müddətlərinin də daha çox səlahiyyətlərinin genişliyi və nə dərəcədə müstəqil olmasıyla (icra hakimiyyəti və ya ictimaiyyətə yaxınlığıyla) bağlı olduğunu demək olar.

ABŞ-da OMBUDSMAN VƏZİFƏSİ YOXDUR

Məsələn, ABŞ-da birbaşa ombudsman olmasa da, müxtəlif məsələlər üzrə bu institutun səlahiyyətlərini yerinə yetirən qurumlar var. Bu qurumlar onlara daxil olan müraciətləri araşdırır, məhkəmələrdə iş qaldırır və ya dövlət qurumlarının özləriylə məsələləri həll etmək səlahiyyətində olurlar. Amma bu cür qurumlara rəhbərlik edənlər özləri daha çox dövlət məmuru sayılır və vəzifəyə icra hakimiyyəti orqanı, prezident və ya qubernatorlar tərəfindən təyin edilirlər deyə, səlahiyyət müddətləri də məhdud olur.

AVROPADA OMBUDSMANI PARLAMENT TƏYİN EDİR

Fransa, Almaniya və bir çox Avropa ölkələrində ombudsmanı parlament təyin edir. Elə Avropa Birliyi Ombudsmanı da bu qaydayla seçilir və ya təyin edilir. Məsələn, Fransada ombudsmanı 4 illiyinə seçirlər – yəni elə parlament üzvlərinin səlahiyyət müddəti qədər. Və 4 ildən sonra ombudsman dəyişir. Çünki ombudsmanın daha əvvəl siyasi fəaliyyətlə məşğul olması və ya hansısa partiyanın üzvü olmasına məhdudiyyət əsasən qoyulmur. Sadəcə, hər kəsin qəbul edəcəyi bir namizəd olmasına fikir verirlər.

Eyni qaydayla Almaniya və Avropa Birliyi də ombudsmanı seçir. Bu ölkələrdə ombudsmanlar gələn şikayətləri araşdırıb, dövlət qurumlarına sorğular göndərə bilir, insan haqlarının vəziyyətilə bağlı hesabatlar hazırlayır və tövsiyələr verə bilirlər. Amma bu tövsiyələrin yerinə yetirilib-yetirilməməsi artıq yenə də dövlət qurumlarının səlahiyyəti daxilindədir. Mərkəzi və Şərqi Avropa ölkələri eyni modeldən istifadə etsələr də, burda ombudsmanlara iki dəfə ardıcıl seçilməyə icazə verirlər. Məsələn, Çexiyada İctimai İnsan Haqları Müdafiəçisini 6 illiyinə seçirlər və onlara ikinci dəfə seçilmək hüququ verilir. İki namizədi parlament irəli sürür, iki namizəd də prezident tərəfindən irəli sürülür. Və yekunda parlament bu namizədlərdən birini seçir.

BÖYÜK BRİTANİYA BƏ AVTRALİYADA OMBUDSMANLIQ DAHA UZUNMÜDDƏTLİDİR

Britaniya, Avstraliya kimi ölkələrdə isə ombudsmanların səlahiyyət müddəti daha uzun olur.

Avstraliyada 7 illiyinə seçilən ombudsman istədiyi qədər təkrar namizəd göstərilə bilər. Amma işində hansısa nöqsanlara yol verərsə, parlamentin təşəbbüsü ilə dəyişdirilə də bilir.

Böyük Britaniyada isə müxtəlif sahələr və regionlar üzrə ombudsmalar olur. Ancaq parlament ombudsmanını - əsas ombudsmanı parlament seçir və Britaniya kraliçası təsdiqləyir. Bu zaman ombudsmanın siyasi fəaliyyətlə məşğul olmaması əsas şərtlərdən biri olur və ombudsman cəmiyyətin bütün təbəqələri və siyasi tərəflərin qəbul edəcəyi fiqur olur. Əgər parlament ombudsmanı işindəki nöqsanlara görə, vəzifədən uzaqlaşdırılmasını tələb etməsə, onda ombudsman kraliçanın istəyilə 65 yaşına qədər vəzifəsini icra edə bilir. Ancaq parlament ombudsmanından əlavə Britaniyada regional - yerli ombudsmanlar da var ki, onların səlahiyyət müddətləri seçkidən-seçkiyə bitir. Yerli ombudsmanların vəzifə səlahiyyətləri də məhdud olur. Bu səbəbdən vətəndaşlar şikayətlərini daha çox Britaniya parlamentinin Təmsilçilər Məclisinə seçdikləri deputatları vasitəsiylə çatdırmağa üstünlük verirlər.

SKANDİNAVİYADA OMBUDSMAN İCTİMAİ FİQUR SAYILIR

İsveç və Norveçdə isə ombudsman daha çox ictimai fiqur sayılır. Amma burda ombudsman seçilmək üçün siyasi və biznes maraqlarının olmaması şərti də irəli sürülür. Və ombudsman əsl xalq təmsilçisi səlahiyyətlərini yerinə yetirir - şikayətləri araşdırır, təhqiqatlar aparır, dövlət qurumları qarşısında konkret məsələ qaldırıb, tələb qoya bilir, yerinə yetirilməsə, məsələni parlamentin müzakirəsinə də çıxara bilər. Norveç və İsveçdə, eləcə də digər Skandinaviya ölkələrində ombudsman institutu yetərincə işlək və populyar olduğundan əsas şikayətlər bura ünvanlanır.

Hər iki ölkədə ombudsmanı 4 illik müddətə seçirlər, amma bu, daha çox formal xarakter daşıyır. Bu ölkələrdə konstitusiya ombudsmanlara məhdudiyyətsiz seçilmək imkanı tanıdığından parlamentlər də uğurlu fəaliyyət göstərən ombudsmanın səlahiyyətlərini problemsiz uzadır. Məsələn, Norveçdə indiki ombudsman Arne Fliflet artıq 19 ildir ki vəzifədədir. Bu ölkələrdə ombudsmanın fəaliyyətinə heç bir dövlət müdaxiləsi ola bilməsin deyə, ombudsmanların büdcələrini də heç də siyasi hakimiyyətin təmsilçisi olan Maliyyə Nazirliyi yox, kral özü təsdiqləyir.
XS
SM
MD
LG