Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:25

4 iyun hadisələrindən 16 il keçir


Qiyamdan 11 gün sonra Əliyev Ali Sovetin sədri seçildi. Elçibəy isə Bakını tərk etdi
Qiyamdan 11 gün sonra Əliyev Ali Sovetin sədri seçildi. Elçibəy isə Bakını tərk etdi
1993-cü ilin 4 iyun hadisələrindən 16 il keçir. Aradan keçən dövrdə o vaxtkı hakimiyyət dəyişikliyinə siyasi dairələrin münasibətində hər hansı deformasiya baş verməsə də, bu məsələ hələ də ən azı ilin bir günü aktuallığını bərpa edir.

Münasibətlər isə əlbəttə ki, fərqlidir. Siyasi qütbün bir tərəfi 4 iyun hadisələrini hərbi qiyam, digər tərəfi isə xalqın o vaxtkı hakimiyyətə etirazının təzahürü kimi dəyərləndirir.

«AZƏRBAYCANIN DEMOKRATİK HAKİMİYYƏTİNƏ QARŞI HƏRBİ QİYAM BAŞ VERİB»

AXC-Müsavat hakimiyyəti zamanı Milli Məclisin sədri olmuş İsa Qəmbər deyir ki, 1993-cü ilin 4 iyununda Azərbaycanın demokratik hakimiyyətinə qarşı hərbi qiyam baş verib. Bu qiyamın ilkin hazırlığında Moskva və Tehranın iştirakı olsa da, sonradan qanuni hakimiyyətə müxalif olan bir sıra qüvvələr də ona qoşulublar. İ.Qəmbər hesab edir ki, qiyam başlamazdan əvvəl də, sonra da onun qarşısını qətiyyətlə almaq mümkün idi. Amma bu edilmədi:

«O vaxt bizim hakimiyyətin qəddarlıq etmək istəməməsi, hər bir vətəndaşın həyatını yüksək qiymətləndirməsi, Əbülfəz Elçibəyin ifrata varan humanizmi, insan sevgisi hesab edirəm ki, hakimiyyətin sərt addımlar atmasına imkan vermədi».

İ.Qəmbər əlavə edir ki, bütövlükdə humanizmin tərəfdarı olsa da, konkret hərbi qiyama qarşı humanizmi təqdir etmir. Və düşünür ki, hərbi qiyama qarşı humanizm əslində, xalqa qarşı düzgün yanaşma deyil.

«4 İYUN HƏM DƏ XALQ NARAZILIĞININ İFADƏSİ İDİ»

1993-cü il hadisələrindən sonra hakimiyyətə gələnlər və ya onlara müttəfiq olan siyasi qüvvələr isə məsələni başqa cür izah edirlər.

Məsələn, Ana Vətən Partiyasının təmsilçisi, deputat Zahid Oruc deyir ki, 4 iyun hadisələri təkcə bir hərbi hissə rəhbərliyinin o dövr idarəçiliyinə etirazı, üsyanı deyil həm də xalq narazılığının ifadəsi idi.

Zahid Oruc hüquqi cəhətdən bu məsələyə haqq qazandırmasa da, bildirir ki, 4 iyunda o hadisə Surət Hüseynovun timsalında baş verməsəydi də, həmin hakimiyyətin iflası qaçılmaz idi. Sadəcə, bu proses onu tezləşdirdi. Əslində, ilkin mərhələdə xalqın Surət Hüseynovu müdafiə etməsi də AXC hakimiyyətinin vətəndaşların ümdə maraqlarını artıq təmin edə bilməməsi ilə bağlı idi:

«4 iyundan mənim çıxartdığım nəticə odur ki, xalqı istəmək azdır. Gərək səriştəyə, etimada, idarəçilik keyfiyyətinə, beynəlxalq siyasəti bilmək imkanlarına malik olasan. Hakimiyyət heç zaman rahat bir idarəçilik deyil. Onun sağdan və soldan müxtəlif təsirlərə məruz qalmaq halları var. Gərək ulu öndər kimi ən müxtəlif parametrlərə malik olasan ki, sonrakı dövr hakimiyyətin və dövlətin qorunub saxlanması ilə müşayiət olunsun».

Bir illik AXC-Müsavat hakimiyyətinin sona çatmasına və artıq 16 il davam edən YAP idarəçiliyinin başlanmasına səbəb olan hadisənin əsas qəhrəmanı adlandırılan keçmiş hərbi hissə komandiri və baş nazirin müavini Surət Hüseynov Azərbaycanda olmadığı üçün onun bu barədə nə deyəcəyini öyrənə bilmədik.

«4 İYUN QİYAM İDİ»

Politoloq Ərəstun Oruclu isə deyir ki, 4 iyun hadisələri geosiyasi maraqlara və Azərbaycanda hakimiyyətə can atan qüvvələrin istəyinə xidmət edən qiyam idi:

«O zaman Azərbaycanda mövcud olan demokratik hakimiyyətə qarşı böyük bir daxili-xarici koalisiya formalaşdı ki, o da siyasi mübarizədə ən qeyri-məqbul vasitələrdən biri sayılan qiyamı istifadə edərək hakimiyyəti devirməyə müvəffəq oldu».

Ə.Oruclunun fikrincə, o zamankı hakimiyyət mövcud olan problemlərin həllində bəzən səriştəsizlik nümayiş etdirirdi. Eyni zamanda, bəzi dövlətlərə münasibətdə radikal xarici siyasət kursu tutması onları özünə qarşı təşkilatlandırmışdı. Bütün bunlar da 4 iyunda öz təsirini göstərdi. Həlledici məqam isə AXC-Müsavat iqtidarının qiyamı yatırmaqda qətiyyət göstərmək əvəzinə qiyamçılarla danışıqlara getməsi oldu.

Ə.Oruclu hesab edir ki, dövlətə qarşı qiyam qaldıranlarla ən yaxşı danışıq elə dövlətin gücüdür.
XS
SM
MD
LG