Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:05

Orduda zorlama və casus qalmaqalı


Azərbaycan ordusunda əsgərlərin cərgəyə düzülərək döyülməsi. Youtube-da yayilan videodan.
Azərbaycan ordusunda əsgərlərin cərgəyə düzülərək döyülməsi. Youtube-da yayilan videodan.
«Yeni Müsavat» qəzeti iyunun 5-də Azərbaycan Ordusunda ötən il baş vermiş zorakılıq halları ilə bağlı ötən keçən ayın əvvəllərində sona çatan istintaq matreallarını dərc edib.

Məqaləyə görə, bu il mayın əvvəlində Respublika Hərbi Prokurorluğunda 5 nəfər hərbçinin işi üzrə ibtidai istintaq yekunlaşıb.

«Yeni Müsavat»ın istinad etdiyi ittiham aktına görə, «N» saylı hərbi hissənin zabiti və çavuşlarının əlbir olub qulluq mövqeyindən istifadə etməklə tabeliklərində olan əsgərləri zorlayıb və Ermənistan ordusunun xeyrinə casusluğa cəlb ediblər.

İttiham aktına görə, 2008-ci ilin fevralından başlayaraq, «N» saylı hərbi hissənin zenit-pulemyot manqasının komandiri digər bir çavuşla əsgərləri bir-birilərini döyməyə məcbur edir və qanunsuz göstərişi icra etməkdən boyun qaçıran əsgərə huşunu itirənə qədər işgəncələr verirmişlər.

ƏSGƏRƏ «İT İŞGƏNCƏSİ» İDDİASI

İttihama görə, hətta əsgərləri qış aylarında lüt soyundurub onları it kimi boğuşmağa, bir-birini dişləməyə məcbur ediblər. Bu tələbləri yerinə yetirməyən əsgərlərin odun parçasıyla döyülüb, iti kimi hürməyə məcbur edildiyi bildirilir.

«Yeni Müsavat» qəzetinin yazdığına görə, bütün bunlar digər əsgərlərin gözü qarşısında törədilsə də, onlardan heç biri qorxudan buna etiraz etməyib.

O da bildirilir ki, hərbi hissədə kiçik çavuşla leytenat sıravi əsgəri aldadaraq ermənilərin postuna aparıblar.

Qəzetin istintaq materialı kimi təqdim etdiyi məlumata görə, erməni əsgərlərdən biri həmin əsgəri videokameraya çəkməklə zorlayandan sonra ondan casusluq fəaliyyəti göstərməsini tələb edib.

Qəzetin yazdığına görə, cinayət işində adı keçən hərbçilərdən biri Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 274-cü (dövlətə xəyanət), 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə), 338-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 349-cu (hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirləndirilirlər.


«BÜTÜN BUNLAR TƏBİİDİR»

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə bu yazılanlara şərh vermək istəməyib:

-Mən rayondayam, ezamiyyətdəyəm.

-Bu ötən il olan bir hadisədir bəlkə nə isə bir münasibət bildirəsiz?

-Gərək bu barədə bir məlumatım olsun ki, nə isə deyim.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Orduya ictimai nəzarət qurumunun üzvü Bəxtiyar Sadıqov isə orduda baş verənlərin təkrar-təkrar qəzetlərdə dərc olunmasını orduya qarşı təxribat sayır. Amma onu da deyir ki, çoxsaylı gənclərin olduğu orduda müxtəlif hadisələrin baş verməsi təbii haldır.

«Çoxlu gənc bir yerə toplaşanda aralarında müəyyən söz-söhbət olur, ziddiyyət olur. Bütün bunlar təbii şeydir. İndi bunların hamısı araşdırılır, günahkarlar cəzalandırılır, qarşısı alınır. Amma bunun bütövlükdə ordu əleyhinə təbliğata çevirmək və hər dəfə də bunu müxtəlif cür, müxtəlif nömrədə ardıcıl yazmaq – bu, orduya qarşı təxribatdır».

ZABİTLƏR CƏZALANMAYIB, MÜKAFATLANDIRILIB?

Eytiyatda olan Zabitlər Birliyinin üzvü Üzeyir Cəfərov deyir ki, onlar hələ 2007-ci ildə bu hadisələr barədə danışanda onlara qarşı hücumlar olurdu. Keçmiş hərbçinin sözlərinə görə, maraqlı hal odur ki, Azərbaycan əsgərinin təhqir olunduğu, işgəncələrə məruz qaldığı briqadanın komandiri hələ də vəzifəsindədir.

Cəfərov iddia edir ki, həmin briqadada bu hadisələrdən sonra neçə-neçə zabit yüksək mükafatlara layiq görülüb. Üzeyir Cəfərov düşünmür ki, bu yuxarı rütbəli zabitlər baş verənlərdən xəbərsiz olublar.

Onun fikrincə, həm Azərbaycan tərəfdən , həm də ermənilərin tərəfdən minalanmış ərazilərdir, əsgərlərin həmin minalı ərazidən necə gedib gəlməsi müəmmalıdır.

«Bu hadisələrə hansısa ad vermək mümkün deyil. Yəni komandirlərin özbaşınalığı nəticəsində belə hadisə baş verib».

TƏHQİRLƏR İNTİHARLA NƏTİCƏLƏNİB?

Üzeyir Cəfərov deyir onlarda daha ciddi məlumatlar var ki, həmin hərbi hissədə komandirlər tərəfindən alçaldılan, işgəncələrə məruz qalan əsgərlərdən ikisi baş verən rüsvayçılığa dözməyərək intihar edib.

«Həmin hərbi hissədə 2007-ci ilin statistika qaldırılsa orda bu faktları asanlıqla üzə çıxarmaq olar. Əgər əsgər hərbi xidmətin ağırlığına görə, həyatına qəsd edirsə bu ilk aylarda olur, amma həmin hərbi hissədə 7-8 ay , hətta bir il xidmət edən əsgərlərin intihar etmə faktları var».

«KOMANDİR HƏLƏ DƏ İŞLƏYİRSƏ...»

Üzeyir Cəfərova görə, məhkəməyə beş hərbçi cəlb olunsa da əslində onların sayı daha çox olub:

«Bəziləri hansısa formada müxtəlif yollarla məsuliyyətdən azad olunublar».

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Bəxtiyar Sadıqov isə bu fikirlərlə razılaşmır.

«Əgər komandir hələ də işləyirsə, deməli istintaq araşdırıb komandirin günahsızlığı üzə çıxıb. İndi biz istəyirik ki əsgərin birinə bir şey olan kimi nazir istefa versin. Bu ordudur. Burda əsgər də səhv edə bilər, əsgər əsgər yoldaşı ilə dava da edə bilər»

Bəxtiyar Sadıqova görə, cəmiyyətdə bundan da pis hadisələr baş verir.

«Gündəlik kriminal hadisələri izləyin, görün azadlıqda son dövrlər nə qədər qardaş qardaşı, ata oğulu, oğul da atanı öldürüb. Bu cür hallar hər yerdə olur».
XS
SM
MD
LG