Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:54

QHT-lərin qeydiyyatı sərtləşdirilir


Düzəlişlər iyunun 19-da parlamentin növbədənkənar iclasında deputatların müzakirəsinə çıxarılacaq
Düzəlişlər iyunun 19-da parlamentin növbədənkənar iclasında deputatların müzakirəsinə çıxarılacaq
«Qeyri hökumət təşkilatları yaratmaq istəyənlər sənədləri verirlər, bəzi hallarda 80-90 gün gözləməli olurlar. Ən əsas problem müddətlə bağlıdır, indi də bu problem var».

«QHT-lərin QEYDİYYATI ƏMƏLLİ-BAŞLI PROBLEMDİR»

Hüquqşünas Allahverən Oruclu deyir ki, QHT-lərin qeydiyyatı əməlli-başlı problemdir. Qanunvericilikdə qeydiyyat məsələsinin 40 gün ərzində həli olunması göstərilsə də, reallıqda bu, bir neçə ay çəkir. Digər tərəfdən, QHT-lər qeydiyyat zamanı ayrı-seçkiliklə də üzləşir.

Ancaq xarici QHT-lərin qeydiyyat problemi bir az da çətinləşə bilər.

Milli Məclisin yaxın günlərdə müzakirəyə çıxaracağı qanun layihəsi təsdiqini taparsa, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının yeni dalğası başlaya bilər. Bəzi millət vəkilləri, siyasətçilər bu fikirdədir. Belə ki, iyunun 9-da Milli Məclisin iki komitəsində QHT və fondlar, «KİV haqqında» və «Dini etiqad azadlığı haqqında» qanun layihələrinə dəyişikliklər müzakirə olunub.

DEPUTAT: «DƏYİŞİKLİKLƏR DEMOKRATİK DEYİL»

Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunan düzəlişlərdə QHT-lərin qeydiyyat məsələsinin sərtləşdirilməsi, xarici QHT-lərin Azərbaycandakı nümayəndəliklərinin fəaliyyətinin isə məhdudlaşdırılması yer alıb. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa dəyişikliklərin demokratik olmadığını deyir:

«Dəyişikliklər odur ki, QHT-lərin, dini qurumların, icmaların da fəaliyyəti məhdudlaşdırılır. Bu, müxtəlif formalarda təqdim olunsa da, əsas mahiyyəti odur ki, xüsusilə beynəlxalq donorlarla əlaqələri tamamilə aradan qaldırır və müəyyən dərəcədə öz layihələrini həyata keçirərkən ancaq daxili situasiyadan asılı vəziyyətə salınır».

Millət vəkili güman edir ki, bu dəyişiklik Prezident Administrasiyasından daxil olub və ciddi təzyiqlər olmasa, deputatların çoxu onu elə bu şəkildəcə qəbul edəcək.

QHT-lər haqqında qanuna təklif olunan dəyişikliklərə görə, Azərbaycanda xarici dövlətlər, o cümlədən xarici hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilən xarici ölkə QHT-lərinin və nümayəndəliklərinin açılmasına yalnız dövlətlərarası müqavilə olduqda icazə verilir. Əks halda belə nümayəndəliklərin qeydiyyata alınması qadağandır və onların fəaliyyəti qanunsuz sayılır.

«QANUNLARA EDİLƏN DƏYİŞİKLİKLƏR MONİTORİNQ EDİLSİN»

Millət vəkili İqbal Ağazadə isə deyir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, QHT və siyasi partiyaların fəaliyyətinin daralması artıq ənənə halını alıb. O, yeni layihənin beynəlxalq təşkilatların tələb və tövsiyələrinə zidd olduğunu və qanunlara edilən dəyişikliklərin beynəlxalq təşkilatlar tərəfindən monitorinqinə ehtiyac olduğunu deyir:

«Milli Məclisin müzakirəsindən keçmək üçün yuxarıların iradəsi lazımdır. Əgər yuxarılar bu məsələdə siyasi qərar qəbul edibsə, onu parlamentin iclasında rəsmiləşdirmək elə çətin məsələ deyil. Çünki Milli Məclisin böyük əksəriyyəti hakim partiyanın nümayəndələrindən ibarətdir».

Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunan düzəlişlər isə artıq Milli Məclisə tövsiyə olunub. Komitənin sədri Əli Hüseynov «Azadlıq» radiosuna deyib ki, düzəlişlər iyunun 19-da parlamentin növbədənkənar iclasında deputatların müzakirəsinə çıxarılacaq. Və dəyişiklərin qəbul edilib-edilməyəcəyi parlamentin iradəsindən asılı olacaq:

«Qanunvericilik təşəbbüsü hüquq komitəsinindir».

ABŞ SƏFİRLİYİ DƏYİŞİKLİKLƏR HƏLƏ ÖYRƏNMƏYİB

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidsonun deməsinə görə, onlar QHT-lər barədə qanun layihəsinə təklif olunan dəyişiklikləri hələ öyrənməyiblər. Ancaq hökumətlərarası müqavilələri var, yəni bu müqavilə ilə Azərbaycanla ABŞ arasında hansısa yardım və ya humanitar iqtisadi islahatlar dəstəklənir.

Bununla belə, Terri Devidson deyib ki, Amerika hökuməti istəyir ki, Azərbaycanda vətəndaş cəmiyyətinə imkan yaradılsın ki, həqiqətən sərbəst fəaliyyət göstərə bilsinlər.
XS
SM
MD
LG