Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:39

Tehranda Əhmədinejadın tərəfdarları mitinq keçirib


Mahmud Əhmədinejadın tərəfdarlarının keçirdiyi mitinq
Mahmud Əhmədinejadın tərəfdarlarının keçirdiyi mitinq
İyunun 16-da Tehranda yenə mitinq keçirilib. Ancaq rəsmi dövlət televizyası bu mitinqi İran xalqının vahidliyini göstərən aksiya kimi təqdim edib. Prezident Mahmud Əhmədinejadın tərəfdarlarının keçirdiyi bu mitinqlə bağlı Qərb mediası yetərincə xəbər verə bilməyib. Çünki İran hökuməti Qərb jurnalistlərinin küçə aksiyalarını işıqlandırmasına qadağa qoyub. Sadəcə, bu mitinqin saat 3-də başladığı bildirilir.

Saat 5-də isə Tehranda Musəvinin tərəfdarlarının mitinqi keçirilməliydi. Amma günün əvvəlində prezidentliyə namizəd Mir Hüseyn Musəvi öncə öz internet səhifəsində aksiyaya qatılmayacağını bildirdi. Sonra isə İran təhlükəslzik qüvvələrinin mitinqin keçiriləcəyi yerin yaxınlığına snayperlər yerləşdirməsi xəbərləri verildi. Prezidentin tərəfdarlarının icazəli mitinqi də eyni meydana salındı. Vali Əsr ətrafına. Sadəcə, Musəvi tərəfdarlarının mitinqindən iki saat öncəyə. İqtidar və müxalifət tərəfdarları arasında mümkün qarşıdurmaların qarşısını almaq məqsədiylə Musəvi, bu dəfə öz internet saytı vasitəsilə aksiyanın ləğv olunduğunu bildirdi. Və tərəfdarlarını - öz həyatlarını qorumaq üçün heç bir aksiyaya qatılmamağa və qarşıdurmalara girməməyə çağırdı.

DÖVLƏT TELEVİZİYASI 50-yə YAXIN AGENTİN SAXLANDIĞINI BİLDİRİB

İranın dövlət televiziyası gün ərzində 50-yə yaxın «inqilab düşməni olan agentin» saxlandığını və onlardan külli miqdarda partlayıcı və silah müsadirə edildiyini də bəyan edib. İranın Kəşfiyyat naziri Gulamhüseyn Möhsüni deyib ki, saxlananlar xaricdən öyrədilən və İran İslam Respublikasına qarışıqlıq yayan əks-inqilabi qüvvələr olublar.

Nazir həbs olunanları iki qrupa ayırıb. Deyib ki, birinqi qurpa aid olanlar İranda terror aktları törədib, qarışıqlıq salmaq istəyənlər olub. İkinci qrupa aid olan 26 nəfər isə, seçkilərdəki namizədlərin qərargahlarındakı əks-inqilabi qüvvələr olub.

Günün əvvəlində İranın Mühafizlər Şurası bəyan edib ki, namizədlərin şikayətlərini nəzərə alıb, bəzi mübahisəli seçki qutularını prezidentliyə namizədlərin nümayəndələrinin özlərinin iştirakıyla saymağa hazırdırlar.

Şuranın sözçüsü Abbas Əli Kadxudayi deyib ki, bu təkrar səssaymadan sonra rəqəmlərin dəyişəcəyi mümkündür.

«Röyters» agentliyinin xəbərinə görə, bu məlumatın yayılmasından sonra prezidentliyə namizəd Mir Hüseyn Musəvi və Mehdi Kərrubi bəyan ediblər ki,
Əhmədinejad Şanxay Təhlükəsizlik Təşkilatının toplantısında
onlar 1-2 qutunun sayılmasındansa, seçkinin təkrar keçirilməsini tələb edirlər.

Musvi seçkini «tamaşa» adlandırıb, nəticələrin ləğvini bir daha tələb edib, Kərrubi isə Əhmədinejadı İran prezidenti kimi tanımadığını deyib.

7-9 ARASINDA ETİRAZÇININ ÖLMƏSİ XƏBƏRLƏRİ VAR

Mühafizlər Şurasının qərarı 1979-cu ildən sonra ən izdihamlı aksiya sayılan dünənki Tehran mitinqindən sonraya təsadüf edib. Müxtəlif məlumatlara görə, Tehranda dinc başlayıb, sonunda 7 məfərin ölümüylə bitən aksiyalarda 1 milyondan çox adam iştirak edib.

Dünən Musəvi və Kərrubi aksiyaya qatılıb. Verilən məlumatlara görə, aksiya iştirakçılarından bəziləri Tehrandakı Bəsic yarıhərbi birləşməsinin qərargahı qarşısındakı postu daş-qalaq etməyə başlayanda, qərargahdan açılan atəşlə azı bir nəfər yerindəcə həlak olub. Ümumilikdə 7-9 arasında etirazçının ölməsi xəbərləri var.

Hadisə yerində yaralananlardan birinin qardaşı «Azadlıq» radiosuna deyib:

«Biz bir yerdə gedirdik. 15 yaşlı qardaşım yanımdaydı. Orda qarşıdurma başlayanda işdən qayıdırdıq, Bəsiclilər ordaydı. Onlar ətrafa atəş açdılar, mənim qardaşım da qarnından yaralandı».

«ALLAHU ƏKBƏR!», «OYUNCAQ DİKTATORA YOX!»

Son 3 gündə təkcə Tehranda yox, İranın başqa şəhərlərində, Təbriz, İsfahan, Şiraz, Urmiyə, Kərəcdə də fasiləsiz aksiyalar keçirilib.

Kərəcin sakinlərindən biri «Azadlıq» radiosuna deyib ki, camaat gecələr də «Allahu əkbər!», «Oyuncaq diktatora yox!» şüarları səsləndirirlər:

«Təkcə Kərəcin özündə, camaat evlərinin damlarına çıxıb Allahu əkbər qışqırırdı. Özü də eşitmək olardı ki, axşam saat 10-dan 11-in yarısına kimi bu səslər təkcə Kəracdan yox, başqa yerlərdən də gəlirdi».

Yayılan xəbərlərə görə, İranda son günlər baş verən hadisələrdə 200-ə yaxın fəal həbs olunub. Onların arasında keçmiş vitse- prezident Məhəmməd Əli Əbtahi də var.

AVROPA BİRLİYİ ÖLKƏLƏRİ VƏ ABŞ POZUNTULARI ARAŞDIRMAĞA ÇAĞIRIB

Avropa Birliyi ölkələri və ABŞ İran rəsmilərini xalqın səsinə qulaq asmağa, pozuntuları ciddi araşdırmağa çağırıblar və İran xalqının öz səsini qorumaq cəsarətinə rəğbət bəslədiklərini bildiriblər. İran hökuməti Avropa Birliyi adından bəyanat verən Çexiyanın nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb və ölkənin daxili işlərinə qarışmamaqla bağlı nota verib.

ƏHMƏDİNEJAD RUSİYADADIR

Əhmədinejad özü isə iyunun 16-nı Rusiyada, Yekaterinburqda keçirib. Şanxay Təhlükəsizlik Təşkilatının toplantısında, müşahidəçi sifətiylə. Burda Əhmədinejad İrandakı seçkinin şəffaf və ədalətli keçdiyini bildirib və toplantıya qatılan Çin, Rusiya və Orta Asiya dövlətlərinin rəsmiləri də onu belə seçkidə qalib gəlməsi münasibətilə təbrik ediblər.
XS
SM
MD
LG