Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:38

Bakı kəndlərinə gedən dəmir yolları ləğv edilə bilər


Mehman Əliyev Bakıətrafı yaşayış məntəqələrinə işləyən qatarların rentabelli olmaması barədə deyilənləri qəbul eləmir. Əks halda Avropa ölkələrində bu nəqliyyat növündən çoxdan imtina edilərdi
Mehman Əliyev Bakıətrafı yaşayış məntəqələrinə işləyən qatarların rentabelli olmaması barədə deyilənləri qəbul eləmir. Əks halda Avropa ölkələrində bu nəqliyyat növündən çoxdan imtina edilərdi
«Düz beş ildir bu yolu gedirəm-gəlirəm rahatdır. Avtobuslar bahadır pul çatdırmaq olmur. Avtobus istidir, amma qatar sərindir».

Qatarla Bakı kəndlərinə gedən sərnişinlər bu nəqliyyat növünün üstünlüklərini sadalayırlar. Amma bir neçə gün əvvəl Nəqliyyat naziri Ziya Məmmədov Bakıxanov qəsəbəsi, Zabrat, Buzovna, Mərdəkan və Qala kəndləri istiqamətindəki elektrik qatarları yollarının yenidən qurulması məsələsindən danışanda gələcəkdə dəmir yollarının sökülüb avtomobil yolarıyla əvəzlənəcəyini bildirib.

VAQONLAR KÖHNƏ OLSA, QATARLAR GEC-GEC İŞLƏSƏ BELƏ

Bakı kəndlərinə aparan dəmir yollarının söküləcəyi xəbəri xətt boyunca yaşayanları narahat etməyə başlayıb. Adamlar deyirlər ki, dəmir yolu onlar üçün çox əlverişlidir, vaqonlar köhnə olsa, qatarlar gec-gec işləsə belə:
«Bax tramvayları yığışdırdılar, traleybusları yığışdırdılar, bir dənə bu idi, bunu da yığışdırdılar. Niyə yığışdırılar. Bu bütün dünyada var, hara gedirsən hər yerdə işləyir».

Keşlə qəsəbəsinin sakini Murad Səlimov onların evlərinin yanından keçən dəmiryolu xəttinin söküləcəyini heç ağlına belə gətirmirmiş. Deyir Bakı kəndlərinə qatarla gedib-gəlmək başqa bir aləmdir: «Gözəl marşrut idi, rahat otururdum, qəzet oxuyurdun, domino oynayırdın, uşaqlıq vaxtları idi qatarla rahat bağa gedirdin, dənizə gedirdin».

«Gedirdik bağımıza, dənizə. Bağlarımızı da, parklarımızı da əlimizdən aldılar. Bir dənə qalmışdı «elektriçka» onu da aldılar əlimizdən. Bununla da məsələ bitdi. İndi nə ilə gedək bağlarımıza, kol-kos, ilan basıb bağlarımızı…»

Amma bununla belə dəmir yolu xətlərin sökülüb avtomobil yollarıyla əvəzlənməsini istəyənlər də var: «Buralar bərbad gündədir, bunları yığışdırsalar, yol çəksələr, yoları işıqlandırsalar, bu daha yaxşı olar».

Adamlar düşünür ki, yeni vaqon almaq, relsləri dəyişmək xeyli xərcdir deyə, bu sahəyə baxanlar buna getmək istəmirlər. Onlar üçün yol çəkmək daha əlverişlidir, daha gəlirlidir. Bakı bağlarına işləyən qatarlardan birinin sürücüsü Mahmud Əliyev deyir ki, dəmir yolu kasıbların, qocaların və fəhlələrin marşrutudur. Onu ləğv eləmək yox, əksinə artırmaq lazımdır.

BAKI KƏNDLƏRİNƏ GEDƏN ELEKTRİK QATARLARI RENTABELLİ DEYİL?

Dövlət Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətin rəsmisi Nadir Əzməmmədov deyir ki, hələ ortalıqda konkret bir iş yoxdur. Amma o da hesab edir ki, Bakı qəsəbə və kəndlərinə işləyən elektrik qatarları ziyanla işləyir və bu sahə çoxdandır ki, dövlət yardımları hesabına işləyir.

«İndi bilirsiniz də bütün sahələr özünü maliyyələşməyə keçib. İndi gəlir gətirməyən sahəni saxlamaq Dəmir Yolu İdarəsi üçün bir az çətindir».

Hazırda Bakı qəsəbə və kəndlərinə hər gün səhər saat 5-dən başlayaraq 9 qatar işləyir. Qatarlar əsasən səhər işləyir. Daha sonra yük qatarlarına görə saat 16-ya qədər fasilə olur. Nadir Əzməmmədov deyir ki, Bakı kəndlərinin sakinləri ucuz olduğu üçün qatarların xidmətindən daha çox istifadə edir. Onun sözlərinə görə, yay aylarında bu qatarlardan istifadə edənlərin sayı xeyli çoxalır. İndi bu qatarlarda gediş haqqı 10 qəpikdir.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevsə Bakı ətrafı yaşayış məntəqələrinə işləyən qatarların rentabelli olmaması barədə deyilənləri qəbul eləmir. Onun sözlərinə görə, əks halda Avropa ölkələrində bu nəqliyyat növündən çoxdan imtina edilərdi.

«Məndə elə təsəvvür yaranır ki, hamı istəyir ki, operativ şəkildə nəyi qazana bilirsə qazansın, qaymağı üstən götürsün çıxsın aradan. Yəni uzun müddətli ölkənin maraqlarına uyğun siyasət yoxdur».

Mehman Əliyev deyir ki, hələ yeni tikilən binaların çoxunda tam məskunlaşma yoxdur, bu olandan sonra Bakıda avtomobil əlindən tərpənmək olmayacaq. O düşünür ki, əslində avtomobil sıxlığından, ekologiyanın çirklənməsindən qaçmaq üçün elektrik qatarlarını çoxaltmaq daha əlverişli bir yoldur.
XS
SM
MD
LG