Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:08

«Azərbaycan hökuməti bizə sahib çıxmadı»


“Çerkizov bazarı bağlananda Çin rəhbərliyi bazardakı vətəndaşlarını müdafiə etmək üçün Moskvaya nümayəndə heyəti göndərdi, hətta bildirdi ki, 1 milyard dollar ayırmağa hazırdı ki, onun vətəndaşlarına Moskvada bazar tikilsin, Tacikistan kimi kasıb ölkənin prezidenti məsələylə maraqlandı, Vyetnam hökuməti də işə qarışdı. Azərbaycan rəhbərliyi isə bizi taleyin ümidinə buraxdı”.

Moskvadakı Çerkizov bazarı bağlanandan sonra şəhərin Lujniki bazarında yerləşən və qadın paltosu alverini davam etdirən Sahib İslamlı deyir ki, işsiz qalmış on minlərlə azərbaycanlının çoxu artıq vətənə qayıdıb.

- Mosvadakı diaspor təşkilatları sizi nə yardım etdilər?

- Şəxsən mən dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir kömək görmədim. Səfirlikdə də, diaspor təşkilatlarında da bazarın bağlanmasına biganə münasibət gördüm. Hətta çox vaxt telefonlarımıza cavab vermirdilər. Yəqin ki, bu məsələdə bizə rəhbərlik edən olsaydı, birgə hərəkət etməklə müəyyən işlər görə bilərdik.

- Çerkizov bazarındakı azərbaycanlılar əsasən hansı malların alverini edirdilər?

Çerkizov bazarı bağlananda işsiz qalanlar Rusiya prezidentinə məktub yazmaq üçün toplaşıblar. 16 iyul 2009
- Konkret mal adını çəkmək olmaz. Onlar hər şey satırdılar. Konkret danışsam, Çerkizov bazarının topdan satış mərkəzi Moskvada ən böyük belə mərkəz idi. Oranı da azərbaycanlılar işlədirdi. Bundan başqa bazardakı restoranlar, kafelər əsasən azərbaycanlıların əlində idi. Bərbərxanalarda da azərbaycanlılar idi. Hamısının da dövriyyəsi böyük idi.

Gödəkcə, palto, şuba satışı ilə məşğul olanların çoxu – içi mən qarışıq - indi Moskvadakı Lujniki bazarında toplaşıblar. Məsələn, mən qadın paltosu satıram.
Pərakəndə satışla məşğul olanların çoxu vətənə qayıdıb. Çünki başqa bazarlara yerləşsəydilər, onlara sərf eləməzdi - həmin bazarlarda onların satdığı mallardan çox olduğu üçün.

- Lujniki bazarında alver necədi?

- Çox çətindi. Çerkizov bazarı ilə Lujniki bazarının fərqi çox böyükdü. Ora daha rahat idi, yer haqqı və malların qiyməti 2-3 dəfə ucuz idi. Topdansatış mərkəzi yanımızda olduğu üçün və bir çox mallar Türkiyədən, Çindən vasitəçilərin əlinə düşmədən birbaşa ora gətirildiyi üçün biz də ucuz alıb ucuz sata bilirdik.

Müştərimiz çox idi. Bizim malların mövsümü hələ gəlib çatmayıb, amma indidən gəlib bu bazarda yer tutmuşuq ki, sonra yer olmaz. Bizim malların yaxşı, ya pis satılmasını isə təxminən 2-3 aydan sonra biləcəyik.

- Belə çıxır ki Lujniki bazarı sizə sərf eləmir?..

- Yox, tamamilə sərf eləməsəydi, çıxıb evimizə gedərdik, amma alverimiz yəqin əvvəlki kimi də olmayacaq.

- Vətənə, ailənizə göndərdiyiniz pulun həcmi azalıbmı?

Milis Çerkizov bazarı bağlanandan sonra işsiz miqrantlara pulsuz yemək paylanması aksiyasını dağıdır. 10 iyul 2009
- Bazarın bağlanması məsələsi ortaya çıxandan bəri – iyundan bəri evə bir qəpik göndərə bilməmişəm. Əlimizdə olan bir-iki manat vəsaiti də xərcləmirik ki, işimizi birtəhər düzüb-qoşaq, hansısa yolla alverimizə davam edək.

“Lujniki”dəki mallarımızın 90 faizini nisyə almışıq. İcarə pulunu zorla çıxarırıq. Çerkizov bazarının müsbət cəhətlərindən biri də o idi ki, icarə haqqını verirdin, bütün xərclər, xidmət haqları onun içində gedirdi.

Burda icarə haqqını ayrı alırlar, xidmət haqqını ayrı. Hətta məsələn “palatka”nı açmaq nədi ki, onu özümüz edə bilərik, amma deyirlər ki, yox, pulunu verin, bazarın işçiləri etsin. Açığı, bizim məşğul olduğumuz sahəyə elə bir təhlükə yoxdu, pis-yaxşı işimizə davam edəcəyik, mənim işsiz qalıb Vətənə qayıdanlara yazığım gəlir.
XS
SM
MD
LG