Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:30

Qorxulu dövlət saytı...


Bakı şəhər İcra Hakimiyyətinin veb-saytı
Bakı şəhər İcra Hakimiyyətinin veb-saytı
«Gün ərzində çoxlu saytlara baxıram, ancaq təəssüf ki, istədiyim məlumatı əldə edə bilmirəm. Söhbət daha çox dövlət qurumlarının saytlarından gedir».

Pərviz Əliyev deyir ki, işiylə bağlı gündə bir neçə dəfə dövlət qurumlarının saytlarını ələk-vələk edir. Ancaq istədiyinin çox az hissəsini əldə edə bilir:

«Məsələn, parlamentin saytının yenilənməsi çox zəifdir. Milli Elmlər Akademiyasının saytından lazım olan məlumatları tapmaq asan deyil. Təhsil Nazirliyinin saytı haqqında da eyni sözləri demək olar. Daxili İşlər Nazirliyinin saytında isə xəbər azdır, daha çox ümumi məlumatlar yerləşdirilir».

Son illər Azərbaycanda internet resursları inkişaf etsə də, dövlət qurumlarının çoxunun internet saytlarının sadəcə adları var.

«Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir:

«Dövlət qurumlarının böyük əksəriyyəti sayt yaratsa da, onların veb səhifəyə münasibəti ilkin informasiya mənbəyinə olan münasibət deyil».

«SƏS VERDİM, ANCAQ NƏTİCƏ DƏYİŞMƏDİ»

Tədqiqatçı Elxan Quliyev də onun üçün ən çətin işin dövlət qurumlarının saytından məlumat almaq olduğunu deyir:

«Korrupsiyaya Qarşı Mübarizə İdarəsi adlı bir dövlət qurumu var. Quruma Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rəhbərlik edir. Həmin sayta daxil oldum ki, görüm korrupsiyayla mübarizə sahəsində hansı yeniliklər var. Orda belə bir sual vardı. «Sizcə, hansı dövlət qurumu daha çox korrupsiyalaşıb?»

13 qurumun adı vardı. Nəticələr də göstərilmişdi. Səs verdim, ancaq nəticə dəyişmədi. Həmin sayta iki aydan sonra bir də daxil oldum, ancaq dəyişiklik yox idi».

«BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN SAYTINA DAXİL OLMAQ QORXULUDUR»

Tələbə Samir Məmmədovsa dövlət orqanlarının saytlarını az qala hər gün araşdırır:

«Ölkədə 2 nəfər donuz qripinə yoluxub. Düzdür, deyirlər onlar sağalıblar. Ancaq onların sonrakı vəziyyətləri haqda Səhiyyə Nazirliyinin saytında bir cümləlik də olsa, xəbər yoxdur. Ya da Daxili İşlər Nazirliyinin saytını götürək. Avqustun ortalarıdır, bu gün-sabah ay qurtaracaq. Daxili İşlər Nazirliyinin saytında sonuncu xəbərlər iyulun 31-nə aid idi. Doğurdanmı ölkədə, heç bir cinayət hadisəsi olmayıb? Ali Məhkəmənin saytındakı sonuncu xəbər isə iyulun 9-da yerləşdirilib. Dövlət Yol Polisinin saytındakı axırıncı xəbər martın 10-da qoyulub. Ədliyyə Nazirliyində isə amnistiya aktından sonra deyəsən, xəbər olmayıb. Bakı Şəhər İcra Hakimiyyətinin saytı isə lap dəhşətli vəziyyətdədir. Səhifədə sonuncu xəbər keçən ilin avqustun 18-də qoyulub. O da İlham Əliyevin kommunal təyinatlı texnikayla tanış olmasıyla bağlıdır».

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin saytına daxil olarkən bir sıra brouzerlərdə xəbərdarlıqlar çıxır ki, bu sayta girmək risklidir, kompüterinizə hücum ola bilər... Bu, onun göstəricisidir ki, Bakı Şəhər İcra Hakimiyyətinin saytı virusa və ya troyan proqramlara yoluxub.

Həmsöhbətim deyir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytı ən tez-tez yenilənən saytdır. Bir də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin.

«Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin araşdırmasına görə də, dövlət orqanlarının informasiya açıqlığı üzrə reytinq cədvəlində ilk yerləri Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri tutur.

İNFORMASİYA ÜZRƏ OMBUDSMAN NİYƏ TƏYİN OLUNMUR?

Milli Televiziya və Radio Şurası, Satınalmalar üzrə Dövlət Agentliyi, Nazirlər Kabineti, Milli Məclis, İnsan Hüquqları üzrə Müvəkkil Aparatı, Müəllif Hüquqları Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti ən aşağı yerləri tutublar. Ümumiyyətlə, işləməyən saytlar da var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı onlardan biridir.

Əksər dövlət qurumlarının informasiya təminatının zəif olduğunu Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov da bir neçə dəfə vurğulayıb.

İnformasiya əldə etməklə bağlı qanunda isə göstərilir ki, saytların yaradılmasına, vətəndaşların sorğularına cavab verilməsinə, informasiya açıqlığı məsələlərinə İnformasiya üzrə Ombudsman nəzarət etməlidir. Bu qanun 2005-ci ilin dekabrında qüvvəyə minib. Həmin vaxt bildirilirdi ki, 6 ay ərzində İnformasiya üzrə Müvəkkil təyin olunmalıdır. Ancaq hələ də müvəkkil təyin olunmayıb.
XS
SM
MD
LG