Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:48

«Obamanın prezidentliyi diktatorlar üçün asan olmayacaq»


Amerikanın «Nyu Yorker» jurnalının bloq yazarı Hendrik Hetzberq AzadlıqRadiosuna verdiyi müsahibəsində Amerikanın indiyəcən bir çox hallarda neft maraqlarını demokratiyadan üstün tutmasını etiraf edir

Hendrik Hetzberq
- Mart ayında Azərbaycanda keçirılən referendum bir nəfərin istədiyi qədər dövlət başçısı seçilməsinə şərait yaratdı. Siz ömürlük prezidentliyə şans verilməsinə necə baxırsız?

- İlk dövrlərdə Amerika Konstitusiyası da prezidentlərə istədikləri qədər yenidən seçilmək şansı verirdi.

Amma Corc Vaşinqton iki dəfə prezident olandan sonra vəzifəsini tərk etdi. Və bundan sonra hər bir prezident onun kimi hərəkət etdi. Bu ənənə Franklin Ruzveltin dörd dəfə prezident seçilməsinə qədər davam etdi.

Amma Ruzvelt dördüncü prezidentliyinin başlanğıcında vəfat etdi. Respublikaçılar Partiyası hakimiyyətə qayıdanda Konstitusiyaya düzəliş edilməsinə nail oldular və bir nəfərə yalnız iki dəfə prezident seçilmək haqqı verildi.

Amma sonradan özlərinin həddindən artıq populyar olan prezidentləri Reyqanın dövründə buna təəssüf etdilər.

Amerika tarixində prezidentlik dövrüylə bağlı limit olsa da və mən bir demokrat kimi buna qarşı çıxsam da, düşünürəm ki, demokratiyanın yenicə oturuşduğu ölkələrdə bir nəfərin yalnız iki dəfə prezident seçilməsinə imkan verilməsi daha müdrik qərar olardı.

Demokratik siyasi mədəniyyətin tam formalaşmadığı ölkələrdə limitin olmaması, hakimiyyətin bir nəfərin əlində cəmləşməsi həm də təhlükəlidir.

Məncə, Azərbaycan kimi ölkələr üçün Avropanın bir çox dövlətlərindəki kimi baş nazir və parlamentin real gücə malik olduğu bir sistem daha məqsədəuyğun olardı. Demokratik siyasi mədəniyyətin tam oturuşmadığı bir yer olmaqdan başqa Azərbaycan həm də neft kimi böyük gəlir mənbəyinə malikdir.

Bu isə problemi daha da çətinləşdirir.

- Keçmiş prezident Buş demokratiyanın yaılmasını öz gündəminin əsas hissələrindən biri olduğunu deyirdi. Bu məsələdə Obamanın gündəmi necədir?

- Məncə Obama demokratiyanın yayılması yönündə Buş qədər, bəlkə də ondan da artıq maraqlıdır. Buşa gəldikdə, Amerika nöqteyi nəzərindən, o, bir növ azərbaycanlı siyasətçi idi. O, eyni adlı keçmiş prezidentin oğlu idi və onun prezident seçilməsi qismən həm də onunla bağlı idi ki, əvvəl-əvvəl bir çox seçicilər ata Corc Buşa səs verdiklərini düşünürdülər.

Yəni oğul Buşa ona görə səs vermişdilər ki, onun atası kimi olacağını düşünürdülər. Əlbəttə ki o, qeyri-demokratik yolla seçilmişdi. O, Al Qordan daha az səs toplamışdı. Amma Ali Məhkəmə bir səs fərqi ilə onu prezident elədi – qardaşının qubernator olduğu ştatın səslərini ona verdi.

Beləliklə Buşun demokratiya gündəminin bir hissəsi daxili istifadə üçün idi. Məncə, Obamanın demokratiya gündəmi fəqrlidir, o danışmaqdan daha çox nəyisə nümayiş etdirmək istəyir.

Əlbəttə, seçkilər demokratiya üçün çox vacibdir. Amma CNN-dəki həmkarım Fərid Zəkəriyyənin bir ifadəsi var – qeyri-liberal demokratiya. Tamamilə mümkündür ki, kimsə demokratik seçki vasitəsilə hakimiyyətə gəlsin, amma ölkədə demokratiya və tam siyasi azadlıq olmasın. Demokratiyanın məqsədi sadəcə çoxluğun hakimiyyəti deyil. Mahiyyət budur ki, çoxluq heç də azlıqdan ağıllı deyil.

Əlbəttə, hakimiyyətin çoxluğun əlində olması onu legitim edir və insanlar qanunlara məcburən yox, könüllü əməl edirlər. Məncə, Obama komandasının demokratiya haqda təsəvvürləri daha dərindir – həm ölkəyə, həm də ölkə xaricinə münasibətdə.

Bəzi diktatorlar və tiranlar düşünə bilərlər ki, Obamanın prezidentlik dövrü onlar üçün daha asan olacaq. Amma məncə, onların işi daha çətin olacaq. Təkcə Obamanın rəhbər tutduğu dəyərlər baxımından yox, həm də Amerika hakimiyyətini idarə edən insanların daha kompitetnt, işini daha yaxşı bilən olması səbəbindən.

- Əgər siz azərbaycanlılardan soruşsanız, bir çoxları sizə deyəcək ki, amerikalıları demokratiyadan daha çox neft maraqlandırır...

- Neft, bu təbii sərvətin mövcud olduğu ölkələr üçün daha çox bir lənətdir. Neft mənəvi dəyərləri məhv edən bir amildir. Nefti olmaq yerin altında basdırılmış pulu olmaq kimidir.

Yerin altında hər zaman qazıb çıxarıla bilən pul varsa, bu, zəhmət çəkib pul qazanmaq hissini korşaldır. Neft olan ölkələrə baxsanız, görərsiz ki, orada insanlar özlərini alınlarına zənginlik yazılmış kimi hiss edirlər. Bu isə korrupsiyaya yol açır.

Azərbaycanda Amerika haqda dediyiniz fikirlərın əsası var. Bir çox məqamlarda biz həqiqətnə də neft aclığımızı öz dəyərlərimizdən irəli sıraya qoymuşuq. Mən düşünmürəm ki, əgər neft məsələsi olmasaydı, Səddam Hüseynin Küveytə soxulmasına, Küveytin suverenlik haqlarını pozmasına bu qədər qəzəblənərdik.

Baxın, Səudiyyə Ərəbistanı, Venesuela, Azərbaycan, İran, İraq kimi ölkələrə fikir verin. Neft dövlətçiliyə necə mənfi təsir edir. Lap elə Alyaskaya baxın. Orada neftdən gələn gəlir əhali arasında bölüşdürülür, insanlar hər ay bununla bağlı çek alır. Amma onlar həmin pulu qazanmaq üçün nə edirlər. Heç nə. Onlar sadəcə Alyaska adlı yerdə yaşayırlar – səbəbi budur.

Şübhəsiz ki neft ölkələrinin çoxu üçün daha yaxşı olardı ki, neftin gəliri insanlar arasında bölüşdürülməkdənsə, həmin pullar təhsil, infrastruktur və yeni iş yerlərinin açılmasına sərf olunardı. Bu isə ölkədə hamı üçün şəraiti yaxşılaşdırardı.

Amma məsələnin bu tərəfi də var ki, əgər siz böyük zənbili 100 dollarlıq çeklərlə doldursanız və onu səkiyə qoysanız, insanlar nə edəcəklər? – Ciblərini doldurmağa çalışacaqlar.
XS
SM
MD
LG