Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:04

Müxalifət nədən bələdiyyə seçkilərinə birgə getməyə tərəddüd edir?


İqbal Ağazadə
İqbal Ağazadə
Müxalifət deyəsən, bələdiyyə seçkilərinə blok şəklində gedə bilməyəcək. Baxmayaraq ki, bununla bağlı hələ may ayında Qarabağ və Respublika Uğrunda Hərəkatın qərarı vardı. Hərəkata daxil olan «Ümid» Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyir ki, blok şəklində seçkiyə getmək müəyyən əlavə çətinliklər yaratdığından bu məsələ ətrafında müzakirələr hələ də davam edir:

- Partiyaların üzərinə çox ciddi sənəd hazırlığı proseduru düşür. Partiyaların nizamnaməsini, şəhadətnaməsini notariusda təsdiq etmək, hər namizəd üçün qovluq hazırlamaq, hər namizədi bloka daxil olan hər bir partiyada təsdiq etmək…Ayrıca partiya ilə bələdiyyə seçkilərində iştirak zamanı bir qədər az sənəd tələb edilir.

«ÜMID» PARTİYASININ 4 MİNƏ QƏDƏR NAMİZƏDİ VAR

İqbal Ağazadənin fikrincə, seçkidə blok şəklində iştiraka yaradılan əlavə çətinliklərin arxasında siyasi məqsədlər dayanır. Bununla hakimiyyət müxalifətin birləşməsinə mane olmağa çalışır. İqbal Ağazadə deyir ki, hələ ki, partiyanın 4 minə qədər üzvü bələdiyyə seçkilərində iştirak etmək haqda istəyini bildirib. Onun fikrincə, əgər ayrılıqda seçkiyə gedəsi olsalar, daha çox namizədləri olacaq.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında isə hələ ki, bələdiyyə seçkilərində iştirakla bağlı hər hansı bir siyahı yoxdur. Bu partiyanın sədr müavini Nurəddin Məmmədli bunu həm obyektiv, həm də subyektiv amillərlə izah edir. O da hesab edir ki, qanunvericiliyin bloklar üçün müəyyən çətinlik yaratması onlarda tərəddüdlər yaradıb. Üstəlik, bələdiyyə seçkilərinə maraq çox azdır. Həm elektorat seçkinin demokratikliyinə inanmır, həm də bələdiyyələrin statusunu yetərli saymırlar.

BƏZİ MÜXALİF PARTİYALAR BAZARLIĞA GEDİB?

Nurəddin Məmmədli deyir ki, blok daxilində bəzi partiyaların fəal görünməsinin arxasında isə onların bazarlığa getmələri dayanır:

Nurəddin Məmmədli
- Hətta blok daxilində elə partiyalar var ki, onlar hakimiyyətin, bəzən də konkret şəxslərin adından istifadə edib alverə gedirlər. Əyalətlərdə belə fikir formalaşdırılır ki, bu partiyanın arxasında hakimiyyətin hansısa tanınmış siması dayanıb. Nəticədə bəzi bitərəf insanlar müəyyən yarımşaiyə təbliğatla həmin partiya adından namizədliyini irəli sürməyə şirnikləndirilir.

Nurəddin Məmmədli deyir ki, bloka daxil olan bəzi partiyaların namizədlərlə bağlı indidən konkret rəqəm söyləmələri də düzgün deyil. Onun fikrincə, bu, müxalifətin birləşməsini daha da çətinləşdirə bilər.

BƏHANƏ YOXSA REALLIQ?

Ancaq bəzi müstəqil ekspertlərə müxalifətin gətirdiyi bir sıra arqumentlər bəhanə kimi görünür. Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının koordinatoru Abil Bayramov deyir ki, əgər müxalifət seçkiyə birgə getmək əzmindədirsə, əlavə sənədlərin tələb edilməsi problem olmamalıdır. Onun fikrincə, bloku təmsil edən hər bir şəxsin namizədliyini bloka daxil olan partiyaların təsdiq etməsi əslində çox təbii qarşılanmalıdır:

- Mənə elə gəlir ki, onların bir-birilərinə etimadları yoxdur. Bir də hər biri blok daxilində daha çox namizədlə təmsil olunmaq istəyir.

«Tolerantlıq» İctimai Birliyinin sədri Azər Rəşidoğlu isə deyir ki, əslində müxalifətin bələdiyyə seçkilərində iştiraka gücü yoxdur. Üstəlik, liderlər üçün bələdiyyə seçkiləri maraq doğurmur. Ona görə də uğursuzluqlarını indidən sığortalamaq istəyirlər.

Azər Rəşidoğlunun fikrincə, bəzi müxalifət partiyalarının indi başqalarına nisbətən özlərini güclü təqdim etmələri heç də onların özlərinə inamlarından irəli gəlmir. O düşünür ki, əgər bu vəziyyət parlament seçkilərinə qədər davam etsə, müxalifət daha çətin vəziyyətə düşəcək. Onda seçkidə hakimiyyətə demokratik görüntü üçün lazım olan imitasiyanı onun formalaşdırdığı müxalifət yox, elə real müxalifətin özü yaradacaq.
XS
SM
MD
LG