Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:19

İqtisadi tənəzzül qurtardı?


İqtisadi tənəzzül bitdimi?
İqtisadi tənəzzül bitdimi?
İqtisadi tənəzzül bitdimi?

Amerikanın Mərkəzi Bankının sədri Ben Bernanke deyir ki, bitməyə oxşayır:

«Texniki baxımdan ona bənzəyir ki, tənəzzül qurtardı».

«ÇƏTİNİ ARXADA QALDI»

Bernankeyə inanmayanlar üçün xatırladaq ki, bu həftə Avropa Komissiyası da bildirib ki, Avropa iqtisadiyyatı ola bilsin ki, artmağa başlayacaq.

Komissiyanın iqtisadi komissarı Joakin Almunia:

«Biz deyə bilərik ki, çətini arxada qaldı».

Rusiyanın Maliyyə naziri Aleksey Kudrin də eyni fikri söyləyir:

«3-cü rübdə tənəzzüldən tam çıxdığımızı görəcəyik. Mənim şübhəm yoxdur».

Və sonuncu optimist - İngiltərənin Mərkəzi Bankının sədri Mervin Kinq:

«3-cü rübdə artımın bərpa olunacağının əlamətləri var».

«ƏSLİNDƏ, QURTARAN MALİYYƏ PANİKASIDIR»

Ancaq ekspertlər gözləməyi məsləhət görür.

«Chatam Hous» beynəlxalq iqtisadi araşdırmalar mərkəzindən olan Vanessa Rossi deyir ki, «rəsmilərin dedikləri reallıq siyahısı yox, arzular siyahısıdır».

O razıdır ki, ilin ikinci yarısında yaxşılaşma olacaq. Ona görə rəsmilər belə əminliklə danışa bilirlər:

«Ancaq bu o demək deyil ki, gələn ilin birinci yarısı da yaxşı olacaq».

Şübhələr Amerikanın Mərkəzi Bank sədrinin çıxışında da var. Bernanke xəbərdarlıq eləyir ki, Amerika iqtisadiyyatında artım çox zəif olacaq.

Rossi də hesab eləyir ki, vəziyyət sabitləşsə də, böhrandan əvvəlki səviyyəyə qayıtmaqdan hələ uzun müddət söhbət getməyəcək.

«Financial Times» qəzeti isə yazır ki, indiyədək hökumətlər maliyyə sektoruna yardım kimi 8 trilyon 955 milyard dollar veriblər.

Bu pulu vergiverənlərin hesabına veriblər.

«Lehman Brothers» şirkətinin iflası göstərdi ki, maliyyə yardımı olmasa, böyük maliyyə şirkətləri öz güclərinə böhrandan çıxa bilməzlər.
Bu da onu göstərir ki, iqtisadiyyat və maliyyə sistemi çox kövrəkdir.

Qəzetin fikrincə, hazırda ən böyük səhv odur ki, guya dünya iqtisadiyyatı artım yoluna qayıdıb.

Əslində, qurtaran maliyyə panikasıdır. Bu da hökumətlərin külli miqdarda yardımı hesabına olub. İqtisadiyyata təhlükələr isə aradan qalxmayıb.

Qəzet yazır: «Keçən bu bir il iqtisadiyyatı və ya maliyyə sistemini yaxşılaşdırmadı, biz yalnız ən pis variantdan yayına bildik. Bu, yaxşıdır, ancaq kifayət deyil».
XS
SM
MD
LG