Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:41

Nyu-Yorkda Əhmədinejada həmyerlilərinin sürprizi


Dünəndən başlayan etirazlar sentyabrın 24-də davam edib
Dünəndən başlayan etirazlar sentyabrın 24-də davam edib
Nyu-Yorkda BMT-nin 64-cü sessiyasında çıxış edən İranın prezidenti Mahmud Əhmədinejada təkcə Avropa ölkələrinin və ABŞ-ın diplomatları yox, binanın çölündən də öz həmyerliləri etiraz ediblər. Dünəndən başlayan etirazlar sentyabrın 24-də davam edib.

Bu gün gecə onlar Əhmədinejada bir sürpriz etmək istəyiblər. Etirazçılar Nyu-Yorkda «Empire State Building»in rəhbərliyindən xahiş ediblər ki, bu gecə həmin göydələni yaşıl rəngdə işıqlandırsınlar. Yaşıl rəng İranda iyun ayında keçirilən prezident seçkisinin saxtalaşdırıldığını deyən Mir Hüseyn Musəvinin seçki kampaniyasının simvolu idi.

«O, QƏTİYYƏN MƏNİM XALQIMI TƏMSİL ETMİR»

Amma «Empire State Building» onların təklifi ilə razılaşmayıb. Buna baxmayaraq, bina yenə də bu axşam yaşıl rəngdə işıqlandırılacaq. Rəhbərlik deyir ki, bu, kiminsə istəyi deyil, sırf təsadüfdür. Onlar «The Wizard of Oz»ın («Oz şəhərinin sehrbazı» nağılı) 70 illiyini qeyd edirlər. Ona görə də göydələn bu gecə yaşıl işıqlandırılacaq.

Dolayısı ilə olsa da istəklərinə çatan etirazçılar isə bu axşam da «Brooklyn Bridge» boyu etirazlarını davam etdirəcəklər.

Dünən AzadliqRadiosunun Nyu-Yorkda olan müxbiri Nikola Krastev yazır ki, etiraz aksiyasına toplaşanlardan birindən nəyə etiraz etdiklərini soruşub.
Adının Əli olduğunu deyən aksiya iştirakçısının cavabı:

- O, BMT-də çıxış edir, buna inana bilirsən? İddia edir ki, mənim xalqımı təmsil edir. O, qətiyyən mənim xalqımı təmsil etmir.

İranın BMT-dəki nümayəndəliyinin qarşısına toplaşanların demək olar ki, hamısı Əli kimi özlərinin kimliyini gizlətməyə çalışırlar. Bunun üçün onlar hətta ən orijinal yollara əl atıblar.

Son 25 ili ABŞ-da yaşadığını və adının Hena olduğunu deyən xanım böyük qara şüşəli eynək taxıb, başına da iri bir yaşıl şal bağlayıb. Şəklinin çəkilməməsini istəyib.

«ƏGƏR BİZ AZAD ÖLKƏDƏ YAŞASAYDIQ…»

Bu qədər təhlükəsizlik tədbirlərini bu xanım belə izah edib:

- Hamı eynək taxıb, hamı sifətini gizlətməyə çalışır. Əgər biz azad ölkədə yaşasaydıq, istədiyimizi azad şəkildə deyə deyər, bu cür eynəklər geyməyə, üzümüzü də bağlamağımıza ehtiyac olmazdı. Burdakı adamların çoxu geri - evlərinə də qayıtmaq istəyir.

Belə görünür, aksiyaya toplaşanlar da İranın siyasi mənzərəsini əks etdirir. Burada əksəriyyət prezidentliyə keçmiş namizəd Mir Hüseyn Musəvinin tərəfdarları olsalar da onların arasında İranın keçmiş şahına, «Mücahiddini xəlq»ə simpatiyasını gizlətməyənlər də az deyil. Xüsusən də yaşlı etirazçılar arasında Musəvi tərəfdarları ilə razılaşmayanlar var. Adının Frank olduğunu deyən yaşlı adam narazılığını bu cür izah edir:

- Bu aksiyanı təşkil edənlərdən tamamilə başqa fikirdəyəm. Çünki problem təkcə Əhmədinejad deyil. Onun dəyişdirilməsi əsas məqsəd ola bilməz. Bütövlükdə sistemin dəyişdirilməsinə çalışmaq lazımdır.

Etirazçılar «İşgəncəyə yox!», «Qətllərə yox!», «Təcavüzə yox!», «Fikir azadlığına hə!», «Toplaşma azadlığına hə!» kimi şüarlar səsləndiriblər.

Onlar həmçinin İranda «şou məhkəmə»lərin dayandırılmasını, bütün siyasi məhbusların azad olunmasını tələb və insan hüquqlarını pozanların cəzalandırılmasını tələb edirlər.
XS
SM
MD
LG