Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:31

«Əvvəlcə Gürcüstan özünün separatçı regionuna hücum edib»


Hücumdan əvvəl təxribatlar olmuş, Rusiya tərəflər arasında gərginliyi qızışdırmışdı
Hücumdan əvvəl təxribatlar olmuş, Rusiya tərəflər arasında gərginliyi qızışdırmışdı
Keçən ilin avqustunda Rusiya ilə Gürcüstan arasında beş gün çəkən müharibədə əvvəlcə Gürcüstan özünün separatçı regionuna hücum edib.

Avropa Birliyinin sentyabrın 30-da yaydığı hesabatda belə deyilir.

Keçən il Rusiya ilə Gürcüstan arasında atəşkəs əldə edilməsindən sonra Avropa Birliyi kimin birinci atəş açması barədə mübahisələrə aydınlıq gətirmək üçün faktaraşdıran missiya yaratmışdı. Sentyabrın 30-da elan olunan da həmin missiyanın hesabatıdır.

İsveçrədən olan diplomat Haydi Talyavininin hazırladığı sənəddə qeyd edilir ki, xeyli davam edən hərbi təxribatlardan sonra keçən il avqustun 7-dən 8-nə keçən gecə Gürcüstan özünün separatçı bölgəsi olan Cənubi Osetiyaya hücum edib.

Haydi Talyavini
Diplomat xüsusi qeyd edir ki, bu hücumdan əvvəl təxribatlar olmuş, Rusiya tərəflər arasında gərginliyi qızışdırmışdı.

Hesabatda deyilir ki, münaqişə zamanı hər iki tərəf beynəlxalq humanitar qanunları pozub.

Rusiyanın Avropa Birliyindəki nümayəndəsi Vladimir Çijov bildirib ki, bu hesabat müharibəyə birinci kimin başladığına şübhə yeri qoymur, açıq şəkildə müharibəyə Tbilisinin başladığını yazır.

Amma Gürcüstanın Avropa Birliyindəki səfiri Salome Samadaşvili deyir ki, hesabatda birbaşa müharibəni kimin başladığı qeyd edilmir. Əksinə, sənəddə Tbilisinin başqa bir dövlətin Gürcüstana hərbi müdaxilə etdiyi barədə məlumatları təsdiqlənib:

«Birinci kimin atəş açdığını demək problemi bəsitləşdirmək olardı. Və mən hesabatda kimin birinci atəş açdığına dair iddiaya rast gəlmədim. Çünki sənəd bütünlüklə münaqişənin, təhlükəsizlik şəraitinin qəfil pozulmasının mahiyyətini izah edir».

Avropa Birliyinin hesabatında deyilir ki, müharibədə Gürcüstan 170 əsgər, 14 polis, 228 dinc sakin itirib. 1747 nəfər də yaralanıb.

Rusiya 67 əsgərinin həlak olduğunu, 283 nəfərin isə yaralandığını bildirib.

Cənubi Osetiyanın məlumatına görə, əsgər və dinc sakinlərdən 365 adam həlak olub.

Beləliklə də bu müharibədə bütün tərəflərdən 850-ə yaxın adam həlak olub, 100 000 nəfər məcburi köçkünə çevrilib. Onlardan 35 000 nəfəri hələ də evlərinə dönə bilmir.
XS
SM
MD
LG