Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:16

Türkmənistan prezidenti kompromislərdən danışır


Qurbanqulu Berdımuhammedov
Qurbanqulu Berdımuhammedov
«BİR NEÇƏ YAXŞI VARİANT MÖVCUDDUR»

Oktyabrın 1-də Aşqabadda keçirdiyi mətbuat konfransında Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Xəzərdəki mübahisəli yataqlar məsələsində kompromislərin mümkünlünü söyləyib. O deyib ki, Türkmənistan Azərbaycanla Xəzərdəki yataqlar üzrə ikitərəfli danışıqların aparılması imkanlarını nəzərdən keçirir. Prezidentin fikrincə, kompromis həllərin tapılması üçün bir neçə «yaxşı variant» mövcuddur. O, hesab edir ki, yüksək səviyyədə dialoq hələ də başa çatmayıb və davam etdirilə bilər.

Berdımuhammedov onu da vurğulayıb ki, Türkmənistanın Beynəlxalq Arbitraj Məhkəməsinin Xəzərdəki yataqlarla bağlı Azərbaycanla mübahisəsi üzrə hər bir qərarını qəbul edəcək. O, bu cür yanaşmanın Xəzərdə beynəlxalq siyasi və iqtisadi əməkdaşlığın inkişafı üzrə münaqişəsiz zonanın yaradılmasına kömək edə biləcəyini düşünür.

«TƏRƏFLƏR MƏSƏLƏ ƏTRAFINDA DİALOQU DAVAM ETDİRMƏLİDİR»

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov isə müsahibələrinin birində deyib ki, ikitərəfli danışıqlar mütəmadi xarakter daşıyır və 10 ildən çoxdur ki, davam etdirilir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, məsələnin həllində bütün diplomatik vasitələrdən istifadə
Xələf Xələfov
Azərbaycan üçün məqbuldur. Bu diplomatik vasitələrə beynəlxalq mexanizmlər də daxildir, o cümlədən məhkəmə mexanizmləri də daxil ola bilər:

«Amma məhkəmə mexanizmi bir qədər spesifik xarakter daşıyan məsələdir. Yəni, istənilən məsələnin beynəlxalq səviyyəyə və ya Beynəlxalq Arbitraj, Beynəlxalq Haaqa Məhkəməsinə çıxarılması üçün müxtəlif mexanizmlər, proseduralar var. Amma hər iki hal üçün səciyyəvi və eyni olan şərt odur ki, tərəflər məsələ ətrafında dialoqu davam etdirməli, razılaşma əldə etməlidir. Bu proseduralar tələb edir ki, əgər hər hansı iki dövlət, hər iki dövlətin səlahiyyətlərinə daxil olan məsələlər üzrə müəyyən beynəlxalq mexanizmə müraciət etmək istəyirsə, razılığa gəlməlidir. Mövzu ətrafında və məhkəmənin proseduraları ilə bağlı razılaşma əldə olunmalıdır. Eyni zamanda, hər iki dövlət məhkəmənin bu məsələyə aid olan yurisdiksiyasını tanımalıdır və bundan sonra məhkəməyə müraciət baş tuta bilər».

Xələf Xələfov əlavə edir ki, «Kəpəz» yatağı ilə bağlı məsələnin tam həll olunması üçün isə Xəzər dənizinin delimitasiya üzrə orta xətti müəyyən edilməlidir. Bundan sonra Azərbaycan və Türkmənistan «Kəpəz» yatağı barədə qərar qəbul edə bilər.

«BU, REALLIQDAN UZAQ MƏSƏLƏDİR»


İlham Şaban
Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, Türkmənistan prezidenti kompromis dedikdə, öz ölkəsinin maraqlarını təmin edən addımları nəzərdə tutur. Məsələn, Rusiya ilə Qazaxıstan arasında anlaşma var ki, əgər hər hansı yataq delimitasiyada hətta 1 kvadratmetr digərinin ərazisinə keçirsə, o yataq birgə müəssisə formasında 50-50-yə prinsipi ilə işlənir:

«Türkmənistan prezidentinin nöqteyi-nəzərindən götürüləndə, bu, o deməkdir ki, «Çıraq» və «Azəri» yataqlarının işlənməsi birgə olmalıdır. Bu isə kompromis yox, reallıqdan çox-çox uzaq məsələdir. Bu, sadəcə heç bir əsası olmayan fikirləri malalamaqdan ibarətdir».

Türkmənistan bütün danışıqlarda yurisdiksiya zonalarının müəyyənləşdirilməsi üzrə hüquqi normalar müəyyən edilməyənə qədər mübahisəli ərazilərdə hər hansı işlərin aparılmasını qanunsuz sayır. Və bu mövqeyini prezident Berdımuhammedov son müsahibəsində də təkrarlayıb.

«RUSİYA TÜRKMƏN QAZINI ALMAQ NİYYƏTİNDƏ DEYİL»

Politoloq Rasim Musabəyov isə hesab edir ki, Türkmənistan prezidentinin bu bəyanatının başqa əsası var. Qurbanqulu Berdımuhammedov görür ki, Rusiya türkmən qazını almaq niyyətində deyil, bu isə Türkmənistan üçün kifayət qədər çətin bir vəziyyətdir.
Rasim Musabəyov
Ona görə də Aşqabaddan belə bəyanatlar eşidilir:

«İstisna etmirəm ki, Berdımuhammedov bu cür mesajlarla Azərbaycan-Türkmənistan münasibətlərini qaydaya salıb Transxəzər layihələrinə yol açmaq üçün bir mühit yaradır ki, Rusiya bir az yumşalsın. Çünki bu vaxtadək konkret razılaşmaya gələndə Türkmənistanın mövqeyi Azərbaycan üçün məqbul olmayıb».

Rasim Musabəyov deyir ki, ancaq hər bir halda iki qardaş xalqın arasında olan problemin həlli üçün yeni imkan yaranırsa, ondan mütləq istifadə etmək lazımdır. Çünki «Kəpəz» yatağı və orada olan ehtiyatlar Azərbaycan-Türkmənistan münasibətlərini qeyri-normal həddə saxlayacaq qədər əhəmiyyətli deyil.

Türkmənistanla Azərbaycan arasında Xəzərdəki ziddiyyətlərin əsas səbəbi «Kəpəz», həmçinin «Azəri» və «Çıraq» yataqlarıdır. Azərbaycan sonuncu yataqları tamamilə özününkü hesab edir, «Kəpəz»i isə birgə istismar etməyə hazır olduğunu bəyan edib.
XS
SM
MD
LG