Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:28

Nobel ödülü alan Herta Müller kimdir və nədən yazır?


Herta Müllerin "Kal gavalılar diyarı" romanından bir parça. Bu onun Azərbaycan dilinə çevrilən ilk əsəridir.

2009-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatı alman yazarı Herta Müllerə verilib.


Müller 1953-cü ildə Rumıniyada alman ailəsində anadan olub. Timişiora Universitetini bitirib, Rumıniya və alman ədəbiyyatı üzrə mütəxəssisdir.

1976-cı ildə zavodda tərcüməçi işləməyə başlayıb, amma gizli polislə əməkdaşlıqdan imtina etdiyi üçün iş yerini itirib. Uşaq bağçasında işləyib, fərdi şəkildə alman dili dərsi deyib.

Çauşesku diktaturasının boğucu mühitindən can qurtarmağa çalışan Müller 1987-ci ildə əriylə birgə Qərbi Almaniyaya köçüb. Universitetdə mühazirələr oxuyub. Berlində yaşayır.

O, 18 roman və povestin müəllifidir. 20-dən çox nüfuzlu mükafatın sahibidir. O cümlədən 1999-cu ildə Frans Kafka adına mükafata layiq görülüb.

Onun kitabları dünyanın 20-dən çox dilinə, o cümlədən çin, türk və ispan dillərinə tərcümə olunub.


Həm şeir yazır, həm də nəsr əsərləri. Rumıniyada senzuraya uğradığı üçün əsas əsərləri Almaniyada çap olunub. "Passport", "Güzgüdə oturan İblis", "Aclıq və ipək" (esselər), "Bir ayaq üstə səyahət", "Tələdə" və sairdir.

20 ildən çox Almaniyada yaşasa da, Müller əsərlərinin çoxunu Rumıniyadakı həyatı haqda yazıb.

O deyir: "Mən yazıçı kimi əsas təcrübəmi Rumıniyada əldə etmişəm - diktatura şəraitində. İndi oradan bir neçə yüz kilometr uzaqda yaşasam da, Rumıniyanı yaddan çıxara bilmirəm.

Mən öz keçmişimi özümlə götürüb gəlmişəm. Diktatura hələ də Almaniyada aktual mövzu sayılır".

Elə Nobel Komitəsi də ona mükafatı "məhrumiyyətlər içində yaşayışı" təsvir etdiyinə görə verib.

"Mən məktublarda yaşamağı öyrənməyə məcbur idim. Mən öz istədiyim standartlarla yaşamaq istəyirdim.

Məktublar bizim praktiki olaraq əldə edə bilmədiyimizin bir növ ifadəsi idi" - deyə yazıçı bir neçə il əvvəlki müsahibəsində bildirmişdi.

1882-ci ildə Müllerin qısa hekayələrdən ibarət ilk kitabı Rumıniyada çapdan çıxanda, onun haqqında təhlükəsizlik orqanlarına göndərilmiş bir anonim məktubun mətni keçən il ictimaiyyətə açıqlanıb.

Bunu rumın "KQB"sinin arxivlərini araşdıranlar edib.

Təxəllüsü Voyçu olan donosbaz hekayələrdə "pozitiv, nikbin elementin çatışmamasından qəzəbləndiyini" yazır.

Donosbaz qeyd edir ki, Rumıniyadakı almanların hamamının təsviri "ilk dəfə yerli qəzetdə çap olunarkən" oxucular arasında qızğın mübahisəyə səbəb olub. Çox güman ki özü ali savadlı şəxs olan donosbaz yazır ki, "bundan sonra qəzet öz oxucularından hekayənin mətninə qəti etiraz edən çoxlu məktub alıb".

Donosbazın məktubunu oxuyan təhlükəsizlik xidmətinin əməkdaşı özü də orada qələmlə bəzi izahedici qeydlər edib.

Çox güman ki öz şefləri üçün. O yazır ki, "Herta Müller Rumıniyadakı alman ailələrinin üzvlərinin adətən suyu dəyişmədən bir-birinin ardınca eyni vannada çimdiklərini qeyd edir".

Təhlükəsizlik xidmətinin əməkdaşı Çeuşesku Rumıniyasında insanlar üçün isti suyun necə "defisit" olduğunu bilmirdi, çünki diktatura rejimini qoruyanların özlərinin belə bir problemi yox idi, onlar dəbdəbə və rahatlıq içində yaşayırdılar.

Təhlükəsizlik xidmətinin əməkdaşı səhifənin qıraqlarındakı qeydlərində daha sonra nəticə çıxarır: "Herta Müller gənc alman dilli yazıçıların dövlətə qarşı düşmən münasibəti ilə seçilən çevrəsinə daxildir".

Nobel mükafatı 1901-ci ildən verilir. Dəyəri 1,4 milyon dollardır. Müller mükafatı alan 12-ci qadın yazardır.

XS
SM
MD
LG