Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:30

«Bilməliyik ki, Qarabağ indi azad oluna bilməz»


Vəfa Quluzadə
«Amerika məmnuniyyətlə indi Qarabağ probleminin beynəlxalq hüquq əsasında həllini tələb edə bilərdi. Amma onda Amerika ilə Rusiyanın əlaqələri pozulacaqdı. Bu əlaqələrə ABŞ-ın böyük ehtiyacı var. Çünki Amerika terrorizmlə mübarizədə, İran problemində, narkotrafik və başqa məsələlərdə Rusiyadan asılıdır. Üstəlik, Amerika Rusiyadan qat-qat güclüdür, qorxmur Rusiyadan. Lakin Rusiya nüvə dövləti olduğuna görə o, da Amerikadan qorxmur».

Bunu Novruz Məmmədovun Qərbin ünvanına tənqidi açıqlamasına münasibət bildirərkən politoloq Vəfa Quluzadə deyib.

O bildirir ki, Amerika və Qərb Azərbaycanın təhlükəsizliyində ən əsas faktordur:

«Qərbə doğru oriyentasiyamızı şəffaf surətdə davam etməliyik. Nə qədər biz narazı olsaq ki, Qarabağ indi azad olunmur, bilməliyik ki, indi azad oluna bilməz. Ona görə ki, nüvə dövləti olan Rusiya buna imkan vermir...Qərbin əleyhinə kampaniya aparmaq lazım deyil, Qərbi başa düşmək lazımdır. Qərbin bizdə demokratiyanın dərinləşməsini istəməsi də bizim xeyrimizədir, zərərimizə yox...Azərbaycanda bu qədər inkişaf var, Bakı, Gəncə tikilir, qurulur, başqa şəhərlər də. Böyük irəliləyişlər var. Nəyin sayəsindədir bu? Neft dollarlarının sayəsində.
Elxan Şahinoğlu
Neft dollarları Amerikadan, BP-dən bura axıb gəlir. Amerika şirkətləri olmasa, biz Xəzərdən öz neftimizi çıxara bilərik?».

Politoloq Elxan Şahinoğlu isə son açıqlamaları birbaşa Rusiyaya doğru əyilmə sayır:

«Sanki təlimat alıblarmış kimi, Qərbin üzərinə böyük hücum var. Hər şeydə Amerikanı və Qərbi günahlandırırlar. Deyirlər ki, biz Bakı-Ceyhana, digər enerji layihələrinə razılaşmışıq, amma onun əvəzində Qarabağ məsələsi həll olunmayıb. Məgər, biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurumu Qərbə görə həyata keçirmişik? Bu, bizə lazım idi. Biz enerji resurslarımızı başqa haraya ixrac edə bilərdik ki? Rəsmilər çıxışlarında bircə dəfə Rusiyanın adını çəkmədilər. Halbuki, Ermənistanı silahlandıran da Rusiyadır, torpaqlarımızın işğalında rol oynayan da...».
XS
SM
MD
LG