Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:07

«Ölkədə savadlı müəllim problemi var»


Şəmsəddin Hacıyev
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev deyir ki, Azərbaycan təhsilinin ən böyük problemi kadrlarla bağlıdır. O, AzadlıqRadiosuna müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yeni məqaləsində söz açdığı problemlərə də münasibət bildirib:

- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkədə təhsilin aşağı keyfiyyətdə olduğunu bildirib. Sizcə, Azərbaycanın təhsil siyasətində hansı dəyişiklikləri etmək gərəkdir ki, cənab Mehdiyevin dediyi kimi, Prezident Administrasiyasında işləməyə kadr tapılsın?

- Mən Ramiz Mehdiyevin dediyi fikirlərlə razıyam. Ölkədəki əksər universitetlərin məzunlarının böyük bir hissəsi işlə təmin oluna bilmir. Səbəb də onların öz ixtisaslarına yetərincə yiyələnə bilməmələridir. Ancaq İqtisad Universitetinin məzunlarının xeyli hissəsi Prezident Administrasiyasında işləyir. Sonuncu imtahanla 35 nəfər məzun dövlət qulluğuna qəbul olunub.

Birmənalı demək olmaz ki, bu problemi çözmək üçün məhz hansı işi görmək gərəkdir. Məsələyə kompleks yanaşılmalıdır. Son zamanlar təhsil sahəsində çox ciddi islahatlar aparılır. Yeni təhsil qanunu qəbul olunub. Ramiz Mehdiyevin sadaladığı problemlərin çoxu elə qanundakı boşluqlarla bağlı idi. İndi onlar aradan qaldırılıb. Biz «Elm haqqında» qanunu da qəbul edəndən sonra bu məsələlər nizamlanacaq. Problemin çözümündə önəmli məqamlardan biri də Boloniya sisteminin genişmiqyaslı tətbiqi idi. Artıq bütün universitetlər Boloniya sistemi üzrə tədrisə keçib.

- Həm təhsillə məşğul olan QHT-lərin təmsilçiləri, həm də tələbələr Azərbaycanda təhsil mühitinin keyfiyyətsiz olduğunu, rüşvət faktorunun sonadək aradan qalxmadığını bildirirlər. Sizcə, bu iradlar nə qədər əsaslıdır?

- Mən təhsil mühitinin yoxluğu, ya da keyfiyyətsizliyi ilə bağlı iradları sonadək qəbul etmirəm. Çünki başçılıq etdiyim Azərbaycan İqtisad Universitetində tədris sistemində xeyli yeniliklər edilib. Dərslər interaktivləşir, artıq mühazirə sovet dönəmindəki kimi yalnız müəllimin uzun illər dəyişmədiyi tədris vəsaitlərini tələbəyə yazdırması demək deyil. İndi tələbənin müxtəlif informasiya qaynaqlarına çatımlılıq üçün geniş imkanları var. Tədris vəsaitləri yenilənir. Axır bir neçə ildə iqtisadiyyat üzrə yazılan təxminən 60-a yaxın dərslik və tədris vəsaitinin yalnız 9-u tərcümədir. Qalanları Azərbaycan alimlərinin əməyinin məhsuludur. Boloniya sistemində tələbə imtahanda müəllimlə deyil, kompyuterlə üzbəüzdürsə və bütün sistem kodlaşdırma ilə idarə olunursa, hansı rüşvətdən söhbət gedə bilər?

Bunlarla yanaşı onu da deməliyəm ki, indi Azərbaycan təhsilinin ən böyük problemi müəllim kadrları ilə bağlıdır. Çox təəssüf ki, auditoriyalarda yeni tədris metodikalarını qavraya bilməyən savadsız müəllimlər var. Ali məktəblərdə tələbələri qane etməyən də bu müəllimlərdən istədiklərini ala bilməmələridir. Ümid edirəm ki, attestasiyadan sonra belə müəllimlər tədris prosesindən uzqlaşdırılacaq.
XS
SM
MD
LG